HAKİM CİNAYƏT EDİB, CƏZASIZ QALANDA... – 295-ci maddəni kimsə “dirildəcəkmi”?

Son dövrlər Azərbaycanın sosial-iqtisadi və siyasi həyatının yenilənməsinə hesablanan islahatların bir qolu kimi də məhkəmə-hüquq sistemindəki dəyişikliklər göstərilir. Ali Məhkəmənin rəhbər heyətindəki dəyişikliklər, yeni hakimlərin təyinatı, eləcə də Respublika Baş prokuroru postuna yeni şəxsin gətirilməsi bu islahatların əhəmiyyətli tərkib hissəsi kimi göstərilir.

Təbii ki, bu addımlar təqdirəlayiqdir və indiyə qədər Azərbaycanda idarəçiliyin ən çox “axsadığı” pozisiyalardan biri, öz fəaliyyətilə cəmiyyətin bütün istiqamətlərdə inkişafını ləngidən və nəhayət ki, qaydaya salınmalı olan sahə məhz məhkəmə-hüquq sistemidir. Elan olunan islahatların bu sahədə uğur qazanacağına isə ümid edənlər də var, buna pessimist yanaşanlar da.

İllərin təcrübəsi göstərir ki, Azərbaycanda bir zamanlar “toxunulmazlar kastası”na aid olanlar sırasında icra hakimiyyəti başçıları ilə yanaşı hakimlər də yer alıb. Bu sahədə çoxsaylı korrupsiya, rüşvətxorluq faktlarının mövcud olmasına baxmayaraq, olduqca nadir hallarda hansısa hakimin cəzalandırılması və xüsusilə həbsi faktına rast gəlmək olar. Hansı ki, sıravi Azərbaycan vətəndaşının, yaxud sahibkarın ən çox narazı qaldığı vəzifəli şəxslər sırasında məhz ədalətsiz, kimin pulu, gücü çoxdursa onun xeyrinə, sifarişlə qərarlar çıxaran hakimlər xüsusi yer tutub. Bu ədalətsiz qərarlar çoxlu sayda vətəndaşın mülkündən, ev-eşiyindən, biznesindən məhrum olmasına, hətta həbsinə, eləcə də ölkədə qeyri-şəffaf, rəqabətdən uzaq, eybəcər bir biznes mühitinin yaranmasına xidmət edib. Statistika göstərir ki, Azərbaycanda ilkin instansiya məhkəmələrinin çıxardıqları qərarların olduqca böyük hissəsindən, az qala hamısından apellyasiya şikayəti verilir. Bunun özü Azərbaycan məhkəmələrinin və hakimlərinin “faydalı iş əmsalı”nın bariz göstəricisidir.

Lakin bu o demək deyil ki, vətəndaş bu ədalətsizliklərə müqavimət göstərməyib, şikayət etməyib. Əlbəttə ki, edib. Lakin hakimlər və məhkəmələr “alınmaz qala” olduqlarından bu şikayətlər həmin qalanın divarlarına dəyərək, geri qayıdıb. Hansı ki, AR Cinayət Məcəlləsində haklimlərin çıxardıqları ədalətsiz qərarlara görə cinayət məsuliyyətinə dair xüsusi maddə var – 295-ci maddə. Lakin Azərbaycanda faktiki olaraq, bu maddə işləmir və sözün əsl mənasında “ölü maddə”yə çevrilib. Həmin maddədə deyilir: “Hakimlərin bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarması beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər azadlıqdan məhrum etmə barədə məhkəmənin çıxardığı qanunsuz hökm ilə əlaqədar olduqda və ya başqa ağır nəticələrə səbəb olduqda beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”

Reallıqda faktiki olaraq, hakimlərin qanunsuz, ədalətsiz və bəzən hətta cinayət xarakterli əməlləri, qərarları ilə bağlı prokurorluğa çoxlu sayda müraciətlər, şikayətlər edilir. Lakin indiyə qədər Respublika Prokurorluğu həmin şikayətləri 15 nəfərdən ibarət olan və Ədliyyə nazirinin rəhbərlik etdiyi Məhkəmə-Hüquq Şurasına göndərməklə öz işini bitmiş hesab edib (Yeni Baş prokurorun gəlişilə prokurorluğun daha israrlı və cəsarətli şəkildə qanunun keşiyində durub-durmayacağı barədə bir şey deyə bilmərik-C.M.) Orada isə hakimlərin əməlləri araşdırılıb və buna uyğun olaraq, “müvafiq qərarlar” verilib. Həmin qərarların effektivlik səviyyəsi isə Azərbaycan məhkəmələrinin düşdüyü vəziyyətdə bariz şəkildə öz əksini tapıb. Yəni bu qərarların heç bir ciddi effekti yoxdur. Bunun üçün də məhkəmələrimizdə, ümumilikdə məhkəmə-hüquq sistemində hazırda ən ciddi islahatlara ehtiyac olduğu bütün səviyyələrdə etiraf olunur. Təkcə onu demək kifayətdir ki, hazırda həbs olunan icra başçıları və onların həbs edilməyə layiq olan digər bir çox “kolleqa”ları rayonlarda törətdikləri qanunsuzluqlara, özbaşınalıqlara həmin rayonların hakimlərinin onların sifarişi və “görüm-baxımı” ilə çıxardıqları ədalətsiz qərarları əsasında qanuni don geydiriblər. Və belə faktlar nə qədər desəniz var...

“Hüquq və İnkişaf Mərkəzi”nin rəhbəri, hüquqşünas Hafiz Həsənov da bu mövzu ilə bağlı “AzPolitika.info”-ya açıqlamasında qeyd etdi ki, Cinayət Məcəlləsinin 295-ci maddəsi ədalətsiz qərarlar çıxaran hakimlərin cəzalandırılmasını nəzərdə tutsa da, praktikada onun tətbiqinə demək olar rast gəlinmir: “Bu maddə ilə hakimlərin məsuliyyətə cəlb edilməsinə dair praktika demək olar ki, mövcud deyil. Hərçənd ki, məhkəmə praktikasında bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarılması halları az olmayıb. Bununla bağlı təkcə bir faktı qeyd edək ki, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən Azərbaycan məhkəmələrinin xeyli qərarları əsassız hesab edilib və ərizəçilərin hüquqlarının pozuntusu tanınıb. Eyni zamanda məhkəmə hökmləri ilə günahsız insanlar azadlıqdan məhrum etmə cəzasına məhkum olunublar və bu cür qəralar başqa ağır nəticələr verib. Lakin bu qanunsuz qərarlara görə cəzalandırılanlar olmayıb. Hələ nəzərə alsaq ki, qanunsuzluğu və ədalətsizliyi obyektiv və subyektiv səbəblərdən mübahisələndirilə bilinməyən xeyli məhkəmə qərarları da var.”

Bununla yanaşı, hüquqşünas qeyd edir ki, qanunu tapdayan hakimləri cəzalandırmaq elə də asan məsələ deyil: “Başa düşüləndir ki, hakimin cinayət məsuliyyətinə cəlb edilməsi asan proses deyildir. Bunun üçün Azərbaycan Respublikasının Baş prokuroru hakim barəsində cinayət təqibinin həyata keçirilməsi üçün Məhkəmə-Hüquq Şurasına bu barədə təqdimat verməlidir. Məhkəmə-Hüquq Şurasının razılığı olduqda hakim barəsində cinayət təqibi cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq həyata keçirilməlidir. Lakin bütün hallarda qanun pozuntusuna yol vermiş hər kəs, kimliyindən asılı olmayaq, məsuliyyətə cəlb olunmalıdır. Ümumilikdə isə, belə hesab edirəm ki, bütün sahələrdə ən yaxşı və köklü islahatlar ölkədə hüququn aliliyinin və hamının qanun qarşısında bərabərliyinin birmənalı şəkildə təmin olunmasıdır”.

Xatırladaq ki, hələ 2007-ci ildə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev jurnalistlərə açıqlamasında bildirmişdi ki, Azərbaycanda hakimlərin cəzalandırılması ilə bağlı tətbiq olunan mexanizm daha işlək olmalıdır: “Hakimin müstəqilliyi o demək deyil ki, özbaşınalığa, hüquq pozuntusuna yol verilə bilər". 

Ancaq bunun üzərindən az qala 15 il ötsə də, dəyişən bir şey yoxdur...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Mubariz 2020-05-22 10:36:26

Sağ ol , Cəlal Məmmədov yazıya görə ,ancaq MHŞ - da oturanlar o tapşırığı verir . CM - də o qədər ölü doğulan maddələr var ki

t.ədalət 2020-05-22 09:43:17

Hakimlərin cinayətləri,eyni zamanda.... 95-ci maddənin işləməməsinə səbəb hakimlərin vəzifələrini pulla satın almamalıdır.Azərbaycanda hamı bilir ki,məhkəmələr pulsuz təyin olunmurlar.Test imtahanları hakimiyyəti aldatmaq üçün bir vasitədir.Əsas testdən keçənlərin müsahibə deyilən prosesində kimi pul verəcəyidir.Bir də məhkəmələrə nəzarət prokurorluqdan alınıb DTX-ya verilsə püşvətxorluq azalar.Məhkəmələrin aldığı rüşvətdə prokurorların da payı olur.

Son yazılar