Lukaşeno müxalifətə səsləndi - "Bu ölkə bizə qismət olub, heç kimə verən deyilik..."

Belarus prezidenti Aleksandr Lukaşenko avqustun 9-da keçirləcək prezident seçkisində iştirak etmək istəyən müxalifət namizədlərinə imza verən insanların uzun növbələrini kiçik və böyük karusellər adlandırıb.

Lukaşenko iddia edib ki, adamlar növbələrin qurtarmaması üçün təkrar-təkrar imza verməyə qayıdırlar:"Məsələ belədir ki, bunlar içəri girib qol çəkirlər, sonra qayıdıb növbənin quyruğuna qoşulurlar. Bax beləcə davam edir. O dərəcəyə çatıblar ki, hətta Minsk meri onların adamları imza toplanmasına maşınlarda gətirdiklərini görüb. Maşınlar onları gətirir, qol çəkib, yenidən növbəyə dururlar”.

“Bu ölkə onlara verilməyəcək!”

Belarus prezidenti bunu da iddia edir ki, Minskdəki Komarov bazarının qarşısındakı piketə eyni adamlar gəlir. Lukaşenko deyib ki, müşahidə cihazı olan kvadrokopterdən baxanda sosial mediada yayılan şəkillərdən fərqli mənzərələr görünür. O, dəfələrlə olduğu kimi yenə də bəyan edib ki, Belarusda etiraz hərəkatı yaranmayıb, sadəcə hansısa narazılar və sair var.

Lukaşenko eyni zamanda 9 avqustda potensial rəqibi ola biləcək müxalifətçiləri ölkədəki sabitliyi pozmaq cəhdlərində ittiham edib:

“Eşitsinlər və yadda saxlasınlar: Bu ölkə onlara verilməyəcək. Biz iki onillikdən bir az çox müddətdə zərrə-zərrə toplamaqla çiçəklənən ölkəni ona görə yaratmamışıq ki, onlar – ömür boyu qırmancaltında gəzən avaralar bunu özəlləşdirib bütün dünyaya dağıtsınlar”.

Belarus prezidenti daha sonra deyib: "Bu ölkə bizə qismət olub. Biz ilk müstəqil dövlət yaratmışıq. Hələki... nisbətən müstəqil və suveren... Və biz bu ölkəni heç kimə vermərik! Vermərik ki, onun başına oyun açsınlar, hər gün sabitsizləşdirsinlər, parça-parça cırıb kiməsə versinlər. İstəyirəm ki, bunu hamı eşitsin. Həm də siz, orda hələki qımıldanan, vurnuxanlar da buni yadda saxlayın. Başa düşün. Bu ölkə mənim həyatımdır. Və sizlərdən bir çoxunun həyatıdır”.

Sorğu keçirmək qadağandır

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Belarusda mediaya Lukaşenkonun və potensial namizədlərin reytinqlərini dərc etmək qadağan olunub. Müşahidəçilər deyirlər ki, bu qadağan bir sıra saytlar sorğu keçirəndən sonra qoyulub.

"Current Time" saytı yazır ki, həmin sorğular Lukaşenkonun 3-6 faiz dəstəyə malik olduğunu göstərmişdi. Bunun ardınca Belarusun Elmlər Akademiyası həmin sorğular barədə ekspert rəyi verib.

Bu rəy əsasında Daxili İşlər Nazirliyinə sorğu keçirən saytları cərimələmək tapşırılıb.Hazırda Belarusda rəy sorğularını yalnız iqtidaryönlü ictimai təşkilatlar keçirə bilər. Lakin onlar da hələlik heç bir sorğu nəticəsi dərc etməyiblər.

Potensial namizədlər

Belarusda növbəti prezident seçkisi avqustun 9-da keçirilməlidir. Namizəd olmaq istəyənlər 100 min imza toplamalıdırlar.Minskdə və başqa şəhərlərdə minlərlə insan müxalifət namizədlərinə dəstək aksiyalarına çıxıb.

Onlardan biri də populyar bloger Sergey Tixonovskinin xanımı Svetlana Tixonovskayadır. Onlara təşəbbüs qrupunu qeydiyyatdan keçirmək imkanı verilməyib. Digər potensial namizədlər "Belqazprombank"-ın keçmiş başçısı Viktor Babariko, keçmiş diplomat Valeri Tsepkalodur.

Lukaşenko öz reytinqini qaldırmaq məqsədilə hökuməti buraxıb və iyunun 4-də yeni baş nazir təyin edib. (Azadliq.org)

635x100

Şərhlər

Əli 2020-06-05 16:54:30

bunun "yorğunluğu" çox güman ki, çıxıb.

Son yazılar