Çingiz Abdullayev yardımını geri alıb

Naxçıvan Muxtar Respublikasının (NMR) Koronavirusla Mübarizəyə Dəstək Fonduna 5 milyon manatdan artıq vəsait toplanıb. "AzPolitika.info" Fondun saytına istinadən xəbər verir ki, bu günə qədər 1000 nəfərdən artıq hüquqi və fiziki şəxs ianə verib. Onlardan 436-sı hüquqi, 564-ü isə fiziki şəxsdir.

Muxtar Respubilkada Fonda ən çox ianə verən təşkilat Naxçıvanın İnkişaf və Müdafiə Fondudur - 200 min manat. Siyahıda ikinci yerdə isə 32 300 manat ianə ilə NMR Ali Məclisinin sədri Vasif Talıbov gəlir. Sədr bu rəqəmlə hətta əksər hüquqi şəxslərin köçürmələrini belə qabaqlayır.

Hakimiyyətdə təmsil olunan məmurlardan, deputatlardan Azərbaycanın Baş naziri Əli Əsədov 10 min manat, Baş nazirin müavini Şahin Mustafayev 3 min manat, Pakistandakı səfir Əli Əlizadə 2 min manat, Ali Məclisin deputatları 16026 manat, Prezidentin köməkçiləri Natiq Əmirov 5 min, Şahmar Mövsümov 1000 manat, Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi, general Rafiq Abbasov 500 manat, Naxçıvanın keçmiş Baş naziri Əlövsət Baxşıyev 2500 manat, Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov 3 min manat, Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov 3 min manat vəsait köçürüblər.

Siyahıda maraqlı bir məlumata da rast gəldik. Aprelin 8-i Abdullayev Çingiz Akif oğlu adlı şəxs Fonda 2 000 manat köçürüb. Amma sonradan öz müraciəti əsasında həmin vəsait geri alınıb. İnternetdə həmin şəxsin adı, soyadı və ata adı tanınmış dedektiv yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevlə uyğun gəlir. Amma həmin şəxs olub-olmadığını dəqiqləşdirə bilmədik.

Fiziki şəxslərin ianə etdiyi vəsaitin toplam məbləği 370, 455 min manatdır. Qeyd edək ki, hakimiyyətdə yüksək postlarda təmsil olunan əslən naxçıvanlı olan xeyli sayda məmurların, deputatların adlarını Fonda ianə verən şəxslərin sırasında görmədik.

Onu da xatırladaq ki, NMR-da olan dövlət qurumlarının, müəssisələrinin, şirkətlərin əksəriyyəti koronavirusla mübarizəyə dəstək olublar. Onların sırasında xeyli sayda Türkiyə vətəndaşı olan iş adamları da var.

AzPolitika.info