“Xüsusi karantin rejiminin sərtləşdirildiyi günlərdə Salyan, Kürdəmir və İsmayıllı rayonlarında taxıl biçini dayandırılmayacaq”. “AzPolitika.info” xəbər verir ki, bu barədə “Azərqarar” Dövlət İstehsalat və Emal Birliyinin direktoru Anar Hüseynov məlumat verib. O, buna səbəb kimi Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 9 iyun tarixli 196 nömrəli qərarına etdiyi dəyişikliyi göstərib.
Dəyişikliklərə əsasən, rayonlarda kənd təsərrüfatı məhsullarının toplanması ilə bağlı, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidmətləri də fəaliyyət göstərəcək.
A.Hüseynov bildirib ki, bu xidmətlə fəaliyyət göstərən fiziki şəxslərin hərəkətinə olduğu yer üzrə yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəliklərinin arayışı əsasında yol verilir.
“Fermer tərəfindən müvafiq arayış xüsusi karantin rejiminin sərtləşdirilməsinin nəzərdə tutulduğu günədək əldə edilir və arayışda fiziki şəxsin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, hərəkətinə icazə verilən ərazi və arayışın qüvvədə olduğu müddət göstəriləcək”-deyə “Azəraqrar”-ın rəhbəri əlavə edib.
Qərarla sərt karantin günlərində rayonlarda kənd təsərrüfatı məhsullarının toplanması ilə bağlı fəaliyyət, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidmətlər göstərən kənd təsərrüfatı texnikalarının hərəkətinə də icazə verilir.
Xatırladaq ki, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.
AzPolitika.info


Şərhlər
Deyirsiniz,təbiəti də zorlaya bilərsiniz?Taxıl biçinini yasaqlamaq olmaz.Odur ki,nəyəsə münasibət bildirəndə onu yaxşı öyrənin.Biçin dayanarsa taxıl məhv olar.