“Sərt karantin rejiminin iqtisadi, psixoloji və mədəni sahədə verdiyi orta və uzunmüddətli zərərlər var. Ancaq Prezident İlham Əliyev insanların sağlamlığının prioritet olduğunu bəyan edib və bu strategiya davam etdirilir”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Operativ Qərargahın tibbi eksperti, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.
R. Mahmudov deyib ki, Azərbaycan cəmiyyətinin böyük bir hissəsi pandemiyanın olduğunu qəbul edənə qədər yenidən qadağalara geri dönmələrlə qarşı-qarşıya qala bilərik: “Təhlükə vardısa, niyə yumşalma olmasına gəlincə, əgər Ümumdünya Səhiyyə Təşkilatı, ölkələr virusun necə davranacağını bilsəydi, pandemiya elan olunmazdı”.
Rəşad Mahmudov bildirib ki, hələ də Azərbaycan cəmiyyətində həqiqətən koronavirusun olub-olmaması barədə suallara rast gəlirik.
R. Mahmudov deyib ki, cəmiyyətlərin reaksiyaları xəstəliyə qarşı mübarizədə əsas rol oynayacaq: “Hər bir səhiyyə sisteminin bəlli bir potensialı var. Biz gələcəyimizə münasibətdə məsuliyyətli olmalıyıq. Biz cəmiyyət olaraq məsuliyyətli olmalıyıq. Biz dünyada bu problemin həll olunmasına inanmalı və mətin addımlarla irəliləməliyik”.


Şərhlər