Menu

Almaniya Ukraynaya hərbi yardım göndərir

05.10.2014, 18:10
Almaniya Ukraynaya hərbi yardım göndərir

Oktyabrın 4-də rəsmi Berlin Ukraynaya 200 əsgər göndərməklə bağlı müzakirə aparıb.

Məqsəd Ukraynanın şərqindəki qeyri-stabil atəşkəsi nəzərə alıb, monitorinq qrup üzvlərinə dəstək olmaq və onları qorumaqdır.

Qeyd edək ki, atəşkəs razılığı olsa da, Donetsk və Luqansk ətrafında döyüşlər davam edir. Bu barədə “Deutsche Welle” yazır.

“Reuters” xəbər agentliyi dövlətdəki mənbəyə istinadən bildirib ki, Almaniya silahlı qüvvələri “irəli” qərarı verildikdə əsgərlər və avadanlıqları təmin etməyə hazırdır.

Almaniyanın ən çox izlənən “Bild” qəzeti 200 nəfərin göndəriləcəyini qeyd etsə də, rəsmi nümayəndə dəqiq bir rəqəmin hələ olmadığını açıqlayıb. Qeyd edilən 200 nəfərin arasında Almaniyanın Aşağı Saksoni ərazisindən olan 50-yə yaxın paraşütçü də var.

“Bild” qeyd edib ki, silahlı qüvvələr orada yalnız müşahidəçiləri qorumaq funksiyasını icra edəcək və iki tərəfi ayırmaqla bağlı heç bir fəaliyyətdə olmayacaq. 150-yə yaxın əsgər isə dronlarla neytral ərazini müşahidə edəcək.

Qeyd edək ki, faktların aşkar olunması ilə bağlı fransız-alman missiyasının öz rollarını yerinə yetirməsi üçün müşahidəçilərin silahlı qüvvələr tərəfindən qorunması qaçılmazdır.

“Hazırda bu, sadəcə fikirləri öyrənmək üçün müzakirədir”, - Almaniyanın xarici işlər naziri Frank-Volter Ştaynmayer oktabrın 3-də məsələni fransız həmkarı ilə müzakirə edəndən sonra belə deyib.

Müşahidəçilər Ukrayna dövlət qüvvələri və Rusiya yönümlü üsyançılar arasındakı 30 kilometr neytral ərazidə monitorinq keçirəcək. Neytral ərazi Luqansk şəhəri sərhədlərindən Mariupol limanına qədər uzanır.

Bu arada, xəbər jurnalı “Schpiegel” bildirib ki, 17 alman şəhərindən Ukraynaya maddi yardım üçün 100-dən artıq yük maşını göndərilir. 10 milyon avro dəyərində tikinti materialları, isidici qurğular, yorğanlar və səyyar yataqlardan ibarət yardım oktyabrın 4-dən artıq yoldadır.

Xatırladaq ki, sentyabrın 5-də razılaşdırılmış atəşkəs hələ də pozulmaqdadır və Donetsk şəhərinin əsas hava limanı son 24 saat ərzində uzunmüddətli hücumlara məruz qalıb.

“İnterfaks” agentliyinin verdiyi məlumata əsasən, oktyabrın 3 və 4-də ərzində 12 separatçı hava limanına hücum zamanı öldürülüb. Milli Təhlükəsizlik Şurasının verdiyi məlumata görə isə, dövlət tərəfdən 2 itki verilib.

Hökumət hava limanının nəzarət altında olduğunu desə də, üsyançılar hava limanını zəbt ediklərini və hökumət qüvvələrini aşağı mərtəbələrdə sıxışdırdıqlarını qeyd edirlər. /eunews.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol