NİYƏ ÖZÜMÜZƏ DÜŞMƏN KƏSİLMİŞİK?!

Eldar SABİROĞLU

İçimizə dolmuş kin-küdurət, düşmənçilik, qəzəb və nifrət hissləri artıq hədd-hüdud tanımır. Əsl düşmən, torpağımızı işğal edib illərdi üstündə oturan qəsbkar qalıb kənarda, özümüzlə döyüşə girişmişik.

Bir-birimizə qənim kəsilməyimiz başımızı hər an üzməyə hazır dayanan erməniyə hava-su kimi gərəkdir. Nədən düşmənə sevinməyə fürsət verməliyik? Ayrı-ayrılıqda hər birimiz vətən, bayraq, dövlət, torpaq və xalq deyə hayqırırıq. Deyəsən, müqəddəs bildiyimiz bu varlıqlar bir çoxumuz üçün cadəcə şəxsi maraqlarımızı gerçəkləşdirmək üçün bir vasitəyə çevrilib...

Elə ki, rəyasət hərisliyi və hakimiyyətə yiyələnmək meylləri hissiyatımıza hakim kəsildi, hər şey şəxsi maraqların altına atılır. Əlbəttə, bunu hamıya şamil etmək doğru olmazdı. Bəli, hökumətin məsuliyyəti danılmazdır. Ancaq siyasi müxalifətin istək və tələblərini bütünlüklə demokratiyanın ayağına yazıb ona haqq qazandırmağı ədalətli saymıram.

Qarşıdurmanın dozasını, qıcıq yaradan zəhərin miqdarını artırdıqca, barışa, güzəştə yer qoymuruq. Bu cür siyasi mübarizə tərəflərin hər iki qanadı üçün xeyirli deyil. Odur ki, hazırkı həssas və kövrək dövrdə siyasi baxışların sərtləşdirilməsi yolverilməzdir.

Təəssüflər ki, siyasi durum mürəkkəb məcraya doğru sürətlə istiqamət alır. Ölkəni, kükrəyən qorxunc dalğaların ağzına atmaqdan uzaq durmalıyıq! Hakimiyyət dəyişikliyinin ona görə əleyhinəyəm ki, indi buna hər hansı cəhd ağlagəlməz fəsadlarla nəticələnər. Yalnız bu səbəbə görə müxalifətin xoşlamadığı və ümumiyyətlə, qəbul etmədiyi hakimiyyət dəyişikliyinə məqbul baxmıram.

Ölkə bizimdir. Azərbaycan hamımızındır. Mən Azərbaycanın ayaqda qalmasını arzu edirəm.

Dünyadakı hadisələri izlədikdə mənfi tendensiyaların təfəkkür tərzimizi üstələdiyini aydın görürük. Bəlkə yeganə ölkəyik ki, pandemiya şəraitində qarşılıqlı ittihamlar sərhəd tanımadan bu cür şiddət nümayiş etdirir. Təsəvvür edin, əvvəllər sətiraltı xəbərdarlıqlarla siyasi ünvanlar bir-birinə atəş açırdılarsa, indi bu metod da forma və üslubunu dəyişib. Açıq bəyanat və hədə-qorxularla yüklənmiş ismarıclara, mötərizəsiz məlumatlara yol açılıb.

Kim nəyi və necə düşünür, öz işidir, öncə nəticəni süzgəcdən keçirməyi bacarmalıdır. Bu, çox vacibdir. Bütün məqamlarda öncül şəxslər siyasi davranış və qaydalara münasibətdə vicdani maraq və baxışları, səbr və dözümü üstün mövqedə saxlamalıdırlar. Anın söhbətidir. Bir göz qırpımındaca hər şey yerlə-yeksan olar və ya gözləmədiyin bir təsadüf həyatın boyu həsrətində olduğun arzuya çatdırar. Vaxtı, zamanı məcbur etmək, onu tələsdirmək gücü insan olaraq bizim imkanımız xaricindədir.

Siyayətçi üçün siyasi təkəbbür və özündənrazı düşüncə tərzi boyük yanlışlıqdır. Siyasət gerçəyi sevər. Odur ki, hakimiyyət sərt mövqeyindən, ənənəvi müxalifət isə iqtidara çatmaq üçün qaranlıq pərdə arxasında gizlətdiyi niyyət və məqsədlərindən imtina etməyincə, qarşıdurmaların səngiyəcəyinə ümid bəsləmək absurddur. Siyasi maraqlardan faydalanma meylləri və istəkləri artdıqca münasibətlərdəki ziddiyyətlərin əmsalında dəyişiklik gözləmək əbəsdir.

Vətəndaş məsuliyyəti deyə tez-tez vurğuladığımız anlayışı doğrudanmı birdəfəlik dəfn etmişik?!

İnanmaq istəməzdim. Lakin hələlik nə hakimiyyət geri durur, nə də müxalifət 27 illik kaprizindən əl çəkir. Bəlkə siyasi mübarizəyə, israrçı meyllərə bir qədər rahatlıq verək? Bəlkə qarşılıqlı ittihamlardan müvəqqəti uzaqlaşaq? Bəlkə xalqımızın və dövlətçiliyimizin taleyini sual altına atmayaq? Bəlkələrin yanında uca bir həqiqət də dayanıb. Daxili savaşları, şəxsi maraq və iddiaları vətəndaş məsuliyyətinin fövqünə qaldırmaqla, Azərbaycanı plasdarma çevirməyin əleyhinəyəm. İndi "Azərbaycanı itirək, yoxsa onu qoruyaq" sualına birmənalı cavab hər birimizin borcudur. Mənə görə bunun bir cavabı var.

Hakimiyyətin dəyişdirilməsi çağırışlarına hələlik son verilməlidir. Hakimiyyət də öz növbəsində siyasi düşərgələrə basqıları dayandırmalı və günahsız həbsə almaları aradan qaldırmalıdır. Siyasi məhbus probleminin öz həllini tapması üçün konkret addımların atılması hakimiyyətin mövqeyini bu gün nəinki zəiflədər, əksinə, onun nüfuzuna yönəlik qıcıq doğuran fikirlərin ictimai qınaqla qarşısı alınar.

Mənə görə hakimiyyəti dəyişdirməyin üç faktoru var: müxalifətin həmrəyliyi, beynəlxalq təsir və xalqın aktivliyi. Bunların üçü də hiss olunmur.

635x100

Şərhlər

Ağayev Ağahüseyn 2020-07-01 18:16:24

Sabir müə. yadındadır DEPUTAT OLAN vaxt birlikdə ğördüyümüz işlər.TƏBLİQAT biz hüsab edirdik daha yaxşı olacaq AMMA SİZ və diğər sizin dostlarınıa R Mehtiyevin fitvasına düşdüz.ALLAH ONUN BƏLASIN VERSİN.Yəqin məni bqşa düşdün.

Ağayev Ağahüseyn 2020-07-01 18:16:24

Sabir müə. yadındadır DEPUTAT OLAN vaxt birlikdə ğördüyümüz işlər.TƏBLİQAT biz hüsab edirdik daha yaxşı olacaq AMMA SİZ və diğər sizin dostlarınıa R Mehtiyevin fitvasına düşdüz.ALLAH ONUN BƏLASIN VERSİN.Yəqin məni bqşa düşdün.

ALİ BAŞ KOMANDAN zati-alilə 2020-06-30 23:44:57

MƏNBƏ: https://president.az/articles/39338 ...mən sizə tapşırıram, bütün hərbi hissələrdə ideoloji vəziyyətə xüsusi əhəmiyyət verilməlidir. Ölkəmizin tarixi - həm qədim tarixi, həm də müasir tarixi ilə əlaqədar hər bir əsgərdə, zabitdə dolğun təəssürat olmalıdır. ...bütün bu amillər - orduya, zabitə, əsgərə qayğı, məişət, xidmət şəraitinin yaxşılaşdırılması və ordumuzun silah-sursat, texnika ilə təchizatı, bir də əlbəttə ki, döyüş qabiliyyətinin artırılması, bax, bunlar bu əsas amillərdir. Əlbəttə ki, vətənpərvərlik. Ona görə hər bir hərbi hissədə ideoloji tərbiyə yüksək səviyyədə təşkil edilməlidir. Buna bütün rəhbər heyət cavabdehlik daşıyır ki, bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda böyüsünlər, müstəqilliyin qədrini bilsinlər. Bilsinlər ki, müstəqillik bizə asan başa gəlməyib. Bilsinlər ki, bu gün müstəqilliyi qorumaq, onu möhkəmləndirmək bir çox ölkələr üçün böyük məharət tələb edir....

Son yazılar