KİMDİR DEPUTAT DEDİYİN?

Mirzə AĞ 

İyunun 27-də «AzPolitika.info» qəzetində Cəlal Məmmədovun dərc olunmuş «Yeni deputat, köhnə əda…» başlıqlı məqaləsi və bəzi deputatların populist-əttökən çıxışları Azərbaycan deputatı barədə “saqqal tərpətməyimə” təkan verdi…

Hələ 90-cı illərin ortalarında parlament müxbirlərindən biri Azərbaycan Milli Məclisinin deputatlarının mənasız-məzmunsuz çıxışlarını obrazlı şəkildə belə ifadə etmişdi: «Onlar elə hey danışırlar - dil qəfəsə qoymurlar, mənasız çıxışlar edirlər. Bu insanlar yalnız danışmaq xatirinə danışırlar - danışmaya bilmirlər, sadəcə «filoloji ponos»durlar…»

Azərbaycan deputatının mahiyyətinə işıq salmaq üçün ingilis yazıçısı Ceyms Moriyerin «İsfahanlı Hacıbabanın macəraları» romanına bir nəzər salmaq ehtiyacı hiss edirəm. Romanın bir epizodunda İran şahının sarayında şahın da iştirakı ilə yer alan bir söhbət diqqət çəkir. Vəzir-vəkili başına yığıb «diplomatiya»dan söz salan şah Britaniya parlamentini və deputatlarını nəzərdə tutaraq deyir: «Bu ingilislər çox sarsaq adamlardır. O gün biri elçiliyə gəlmişdi ki, Britaniya İran səltənəti ilə dostluq etmək istəyir. Onun danışıqlarından bir «təam» anlaya bilmədim… Danışırlar ki, Londonda bir ev var, hər gün 200 kişi orada yığışıb söyüşür. Onlar söyüşüb qurtarmayınca, bu ölkədə heç bir qərar qəbul etmək mümkün deyil. Tühaf ölkədir…»

Bu iki sitat çağdaş Azərbaycan deputatının mahiyyətini bütün çılpaqlığı ilə ortaya qoyur. Fikrimi əsaslandırmaq üçün bəzi deputatların çıxışlarına diqqət yönəltmək istəyirəm. Məsələn, hörmətl Siyavuş Növruzov deyir: “Pandemiya yoxdur deyənlər cəzalandırılmalıdır… Biz, vətəndaşlarımızdan xahiş edirik ki, 30 qəpik verib, maska alsınlar və cərimə ödəməsinlər. Biz, qanunu daha da sərtləşdirməliyik” və s.

Göründüyü kimi, ölkədə panedemiya ilə mübarizədə səhiyyə mahyyətli tədbirlərin kəmiyyət və keyfiyyətnin yaxşılaşdırılmasına ehtiyac olmasından danışmaq əvəzinə, ölkədə profilaktik və klinik təbabətin gücləndirilməsindən danışmaq əvəzinə, Siyavuş bəy «arabanın yeddinci təkəri»ndən dəm vurur, insanların düşüncə azadlığının qarşısına kartondan çəpər çəkmək təşəbbüsündə bulunur.

Digər tərəfdən, bu şəxs heç düşünmək istəmir ki, ölkə başçısı koronavirus pandemiyası ilə mübarizə tədbirlərinə 1 milyard manat vəsait ayırdığı halda, gün çörəyinə möhtac duruma gəlmiş, yoluxma qorxusu altında beli bükülmüş zavallı insanlar nə üçün maya dəyəri 5 qəpik təşkil edən maskanı 30 qəpiyə satın almalıdır? Nə üçün pulsuzluq səbəbilə maska alıb geyinə bilməyən vətəndaşı kim və hansısa əsasla cərimələməlidir? Kişi, bu insanlara nə vermisiniz ki, indi ala bilmriniz?!

Heç kim demir ki, «pandemiya yoxdur» - sadəcə, bu xəstəlik barədə yayılan rəsmi və qeyri-rəsmi məlumatlar məntiqi şübhələrə yol açır ki, bu da cəmiyyətimiz daxilindəki ifrat məlumatsızlığın nəticəsidir. Əgər deputat və ya qeyrisi faydalı bir iş görmək istəyirsə, yaxşı olar ki, sahə üzrə bir tibb mütəxəssisini yanına alıb, öz dairəsinin sakinləri arasında təbliğat aparsın. Bunun əvəzində həkimlərin susduğu bir zamanda, deputat avantüristlər ölkə boyu at oynadırlar! Məsələn, deputat «xoru» fonunda, ölkənin səhiyyə nazirinin, müavinlərinin, istiqamət üzrə baş mütəxəssislərinin heyrətamiz susqunluğu diqqət çəkməyə bilməz. Həzərat, bu işdə kompetent fəaliyyətə, kompetent sözə ehtiyac var, daha sarsaq sözlər danışmaqla, vəziyyəti dəyişmək mümkün deyil. İllərlə ölkədə profilaktik səhiyyəni məhv edənlər, indi qaçıb gizləniblər! Belədə, soruşmaq yerinə düşər: səhiyyə naziri nazir maaşını, müavinlər müavin maaşını hansı xidmətin qarşılığında alırlar? Axı, onların cəmiyyət qarşısında məsuliyyəti var. Vətəndaş (imtiyazlı şəxs, daha doğrusu müftəxor fərd) bunlardan danışmaq əvəzinə, zavallı insanlara hədə-qorxu gəlməkdən çəkinmir, pandemiya xofu altında qazanc əldə etməyə meyllənirlər.

Məsələn, bu yaxınlarda TƏBİB adlı idarənin başçısı deyib ki, hər kəsin bir yaxını koronavirusa yoluxacaq! Bu, insanları təhdid altına almaqdan başqa bir şey deyil. Dövlətin səhiyyə müəssisələrinin idarəçiliyinə məsul şəxsin tibbi xidmətin keyfiyyat və kəmiyyət etibarilə yaxşılaşdırılması istiqamətində məsuliyyəti var axı - o, gərək insanları qorxutmaq yox, onların müalicəsi (profilaktikası) barədə düşünsün, danışsın… 

Ümumiyyətlə, qeyd etməliyəm ki, TƏBİB adlı idarənin təyinatı adından bəlli olur - Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi. Bu ki, sırf menecment məsələsidir və əminliklə deyə bilərəm ki, səhiyyənin elmi-praktik istiqamətləri üzrə bu idarə kompetent sayıla bilməz. Amma «…gör, fələk nə sayır» - TƏBİB Səhiyyə Nazirliyinin, onun başçısı isə səhiyyə nazirinin əvəzindən danışır. Belədə, kompetentlikdən danışmağa dəyərmi? Fikrimi əsaslandırmaq üçün TƏBİB-in rəhbərinin də üzv oldubu Operativ Qərargahın müraciətlərinə diqqət yönəltmək istəyirəm. Məsələn, qərargahın müraciətlərində yer alan «sanitar-epidemioloji vəziyyət» sözbirləşməsi əslində, bu qurumun istqamət üzrə nə qədər qeyri-kompetent olduğundan və bunun nəticəsində də ifrat formal fəaliyyətindən xəbər vermirmi? Fikrimi əsaslandırmaq üçün qeyd etməliyəm ki, dünya səhiyyəsində «sanitar-epidemioloji» anlayışı yoxdur, «sanitariya-epidemioloji» anlayışı var. Təsadüfi deyil ki, bu istiqamət üzrə fəaliyyəti ölkəmizdə «Sanitariya-epidemioloji salamatlıq haqqında Qanun» tənzimləyir ki, o da müasir dövrün tələblərinə cavab vermir - onun qəbulundan (1992-ci il) ötən dövr ərzində ölkədə çox sular axıb, səhyyənin bazisi dəyişib. Deputatlar bu qanunun yenilənməsi əvəzinə, hər il ona bir və ya bir neçə «düzəliş» edirlər - çürük kisəyə yamaq vurmaq kimi…

Başqa bir missal: Parlamentin Səhiyyə komitəsinin sədri, tibb professoru Əhliman Əmiraslanov iyunun 29-da deyib: «Son 14 gün ərzində Azərbaycanda koronavirusa yoluxanların sayı 50 faiz artıb. Bu, çox ciddi rəqəmdir…»

Şübhəsiz, ciddi rəqəmdir. Fəqət tibb professoru bunun gerçək səbəblərindən bəhs etmək əvəzinə, vəziyyəti dramatikləşdirmək cəhdində bulunur və heç fikirləşmək istəmir ki, ölkəmizdə yetərli sanitariya-epidemioloji salamatlıq mühiti yaradılmayıb, təbabətin virusologiya, epidemiologiya… istiqamətləri üzrə elmi-tədqiqatlar yox səviyəsindədir. Bu baxımdan, təsadüfi deyil ki, bugünlərdə deputat Fazil Mustafa təklif edib ki, təcili surətdə Azərbaycana İsraildən, Avropa ölkələrindən virusoloqlar, epidemioloqlar dəvət olunmalıdır - bundan utanmaq lazım deyil…

Biri də var. Görün deputat («dejurnıy» deputatlardan biri) Fəzail Ağamalı nə deyir - el arasında deyildiyi kimi, «xəbər dayçalıda imiş». Bu cənab da əhali ilə güc mövqeyindən danışmağa üstünlük verir: «Polislərimiz pandemiya ilə mübarizədə fəallıq göstərirlər. Bununla yanaşı, əvvəlki günlərə nisbətən maskadan istifadə edən vətəndaşlarımızın da sayı artıb…» Baxın, bu cənab anlamaq istəmir və ya riyakarlıq edir ki, pandemiya ilə mübarizədə polislərin yox, həkimlərin, alimlərin fəallığına daha çox ehtiyac var. Amma yox, zavallı neyləsin ki, bundan artığına bilik ehtiyatı çatmır.

Professor Əhliman Əmiraslanov etiraf edir ki, son 14 gündə ölkədə virusa yoluxanların sayı 50 faiz artıb. Amma bunun 10 günü sərt karantin dövrünə təsadüf edir axı. Deməli, sərt karantin gözlənilən effekti vermir! Belədə, artımın səbəblərini araşdırmaq əvəzinə, deputatlar rejimi bir qədər də sərtləşdirməyi nəinki təklif, hətta tələb edirlər. Bu baxımdan, sabah, məsələn, elə həmin Ağamalı durub desə ki, insanları evlərə doldurub, əl-ayaqlarını kəndirlə çarpayıya bağlamaq lazımdır, heç təəccüb etmərəm…

Amma görünən odur ki, vəziyyətin getdikcə pisləşməsinin səbəblərini başqa müstəvidə axtarmaq lazım gələcək - bu məsələdə gecikmək fəlakətlə nəticələnə bilər. Vəziyyəti ayırd etmək üçün qonşu Gürcüstandakı durumla müqayisəli təhlilə ehtiyac var. Bir mətləbə diqqət yönəltmək istəyirəm ki, son məlumatlara görə bu ölkədə virusa yoluxanların sayı 914 nəfər, sağalanların sayı 768 nəfər, ölümlərin sayı isə 14 nəfər təşkil edib. Müqayisə üçün deyim ki, iyunun 27-nə olan məlumata görə, Azərbaycanda koronavirusa yoluxanların say 15 min 890 nəfər, sağalanların sayı 8719 nəfər, ölümlərin sayı isə 193 nəfər təşkil edib.

Bu fonda başqa bir statistikaya diqqət yönəltmək yerinə düşərdi. Məlumata görə, 2018-ci ilin axırına qonşu Gürcüstanda işləyən həkimlərin sayı 31 min 357 nəfər, xəstəxanaların sayı 271 (16 min çarpayı), ambulatoriya və poliklinikaların sayı 2 min 283, köməkçi tibb personalının sayı isə 18 min 75 nəfər təşkil edib.

2020-ci ilin yanvarına olan məlumata görə, Azərbaycanda xəstəxanaların sayı 565, ambulator poliklinikaların sayı 1745 və bu müəssisələrdə çalışan həkimlərin sayı 32 min 600 nəfər, orta tibbi personalın sayı 54 min 200 nəfər təşkil edib. Beləliklə, ölkəmizdə əhalinin hər 10 min nəfərinə düşən həkimin sayı 33 nəfər, orta tibb personalının sayı isə 54 nəfər təşkil edib.

Mən rəqəmləri səsləndirdim, qoy nəticəni Fəzail Ağamalı, Siyavuş Novruzov, Əhliman Əmiraslanov, Ramin Bayramlı, Oqay Şirəliyev və digər məsullar çıxartsın…

Başqa bir misal. Azərbaycan Prezidenti koronavrus pandemiyası ilə mübarizə tədbirlərinə 1 milyard manat maliyyə ayırıb. Gürcüstan isə bunu ancaq «yuxusunda görə» bilər. İyunun 26-na olan məlumata görə, ölkəmizdə koronavirusla mübarizəyə dəstək Fonduna köçürülən ianələrin məbləği 114 milyon 72 min 570 manat təşkil edib. Məlumata görə, bu vəsaitin xərclənməsinə hələ ehtiyac yaranmayıb. Belədə, məntiqi sual yaranır: Bu pullar, bu həkimlər hara «yoxa çıxıb» ki, «atletlər kəndi»nə karantinə yerləşdirilmiş jurnalist Müşfiq Abdulla haray çəkib: Nə həkim var, nə dərman?...

Hələ 16 il bundan əvvəl (2004-cü ildə) «Bakı xəbər» qəzetində yazmışdım («Sanitariya-epidemioloji salamatlıq təmin olunurmu?» başlıqlı 5 səhifəlik məqalə) ki, Azərbaycanda sanitariya-epidemioloji salamatlıq mühiti yaradılmayıb! Baxın, 16 ildən sonra koronavirus faciəsi göstərdi ki, ötən dövr ərzində istqamət üzrə vəziyyət heç dəyişməyib…

635x100

Şərhlər

Ağayev Ağahüseyn 2020-07-01 18:24:09

Ay M İRZƏ müə. SƏHİYYƏ NAZİRLİYİ batıb ....Allah onların özlərini ora möhtac etsin.Mən 2-ildir nə cəkdiyimi ALLAHDAN başqa hec kim bilmir.ALLAH SƏHİYYƏ NAZİRLİYİNİN MƏSUL İŞCİLƏRİNİN BƏLASIN VERSİN MƏNİM BAŞIMA ĞƏLƏN ONLARIN VƏ BALALARININ BAŞINA ĞƏTİRSİN.AMMİN.

Xalq 2020-07-01 18:12:24

Mirzə müəllim!Məqalənizi tam dəstəkləyirik. Məqalədə verdiyiniz sualların cavablarını səbirsizliklə gözləyirik. Zəhmət olmazsa vəzifəli şəxslər suallara cavab versinlər.

Mubariz 2020-07-01 15:24:52

Sağ ol Mirzə ,Operativ Qərərgahın üzvlərinə baxın ,haranınsa mətbuat katibləri ,faciədir ,bir dənə də mutəxəssiz yoxdur ,ona görə də deputatlar mollalıq edir

Shahin 2020-07-01 15:14:04

Chox saq olun Mirze bey, yazinizla tam raziyam, siz teputatlardan danishirsinin dovlet televiziya kanallarina ele adi alim olub, ozleri tibden bashi cixmayanlari cixararaq elkimya ile meshgul olurlar, ele hemin Emiraslanovun rektor oldugu dovurde Tibb institutunda en yuksek bal ile qebul olan telebelere zoolog, baytar, kimyaci ne bilim kimler esas fenlerden tedris aparirdi ve hal-hazirdada hemin veziyyet davam edir, kimin pulu adami var hamisi yalanci alim diplomu alim 30-50 min manat Emiraslanova elaltilarinin hesabina vererek muallim duzelim, butun ixtisas fenleri Emiraslanovun onkologiya fennide daxil olmaqla pulla yazilirdi. Bele rushfetin tugyan etdiyi tehsil ocagindan savadli kadir cixarmi,internada onlara hec bir shey oyretmirler, bezi hekimler Turkiyede,Rusiyada gedib oyrendikden sonra gelib hekim olurlar. Seyiyeye ayrilan pullara alinan avadanliqlar ele hemin deputatlarinda kilinkalarinda istifade olunaraq onlara pulqazandirir. Bu olkede birdene dovlet tibb muesisesinde normal klinik laboratoriya yoxdur. Bu pandemiya sehiyyenin ne gunde oldugunu gosterdi ve onun seviyyesinin hec Afrika olkeleri iledemuqayise etmek olmaz.

Son yazılar