KORONAVİRUSA QALİB GƏLMƏYİN YOLU: Sərt karantin rejimi və peşəkar təbliğat...

İndi hökumətin əsas vəzifəsi Azərbaycanda koronavirusa yoluxma hallarının maksimum azalmasına nail olmaqdır. Karantin rejimi sərtləşdiriləndən sonra yeni yoluxma hallarında kəskin artım dinamikası dayansa və nisbətən azalma baş versə də, hələ də yolxanların sayı yüksəkdir - gündəlik orta rəqəm 550-580 arasında dəyişir.

Əlbəttə, karantinin əsas təsiri onu tətbiq edəndən bir müddət sonra aydın görünməyə başlayır. Bu mənada, qarşıdan gələn günlərdə yoluxma hallarının sayında enmənin müşahidə olunması ehtimalı çox böyükdür. Ancaq bir şərtlə ki, karantin rejiminə ciddi əməl olunsun.

Təəssüf ki, müşahidələr əhalinin müəyyən kəsiminin karantin rejiminin tələblərinə riayət etmək istəmədiyini göstərir. Müxtəlif bəhanələrlə karantin rejimini pozanlar xəstəliyin yayılmasına, ölümlərin artmasına səbəb olduqlarını qəbul etmək istəmirlər.

Buna görə də hökumətin karantin rejiminin uzadılması, məhdudiyyətlərin artırıması və daha sərt qaydaların tətbiq edilməsi barədə qərarlarına vəziyyətin dramatikləşməsinin qarşısını almaq istiqamətində atılan məcburi addımlar kimi də baxmaq olar.

Bəzi ekspertlər, deputatlar bunların da yetərli ola bilməyəcəyini, gaha sərt rejiminin tətbiq edilməsini, hətta fövqəladə vəziyyət elan olunmasın təklif edirlər.

Əslində haqsız da sayılmazlar. Çünki mütəxəssislər də pandemiya ilə mübarizənin yeganə təsirli yolunun təcrid tədbirlərinin artırılması və səmərəli tətbiq olunması düşüncəsindədirlər.

Tibb elmləri doktoru, professor Adil Qeybulla “AzPolitika.info”ya açıqlamasında bildirib ki, ölkədə koronavirusa yoluxma hallarının arması sərt karantin rejiminin yumşaldılmasından sonraya təsadüf olunur: “Mayda sərt karantin rejimi yumşaldıldıqdan sonra ölüm halları da artdı. Bu da onunla bağlı idi ki, insanlar situasiyaya adekvat münasibət göstərmədilər. Karantin qaydaları yumşaldıqdan sonra Bakı bulvarında, şəhərin mərkəzi küçələrində insanların kütləvi toplanmaları, maskasız, sosial məsafəsiz gəzmələri böyük bir yoluxma potensialı idi, bu da oldu".

Professorun fikrincə, sonrakı dövrdə hökumət təkrar sərt karantin tədbirləri həyata keçirsə də, qaydalara əməl edilmədiyindən yoluxmanın qarşısını almaq mümkün olmadı.

Ona görə də A.Qeybulla qaydaların sərtləşdirilməsi ilə yanaşı, ona əməl edilməsinin effektiv yollarının da tapılmasının vacib olduğunu bildirib. Əks halda yoluxmaların daha da arta biləcəyini vurğulayıb.

Qeyd edək ki, oxşar fikirlər digər mütəxəssislər tərəfindən də səsləndirilib. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış həkim Rəşad Mahmudov da bildirib ki, Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonrakı dövrdə koronavirusa yoluxmaların tendensiyasına baxıldığı zaman daha sərt tədbirlərin görülməsinə zərurət yarandığını görürük.

R.Mahmudov bildirib ki, xəstəxanalarda yatan koronaviruslu xəstə sayının artımı, ağırlaşmaların dərəcələri, analiz sayı ilə yoluxan insanların sayı arasında olan nisbətin artımı və digər faktorlar sərt karantin rejiminin uzadılmasını zərurətə çevirir: “Birmənalı olaraq hər bir vətəndaşın təhlükəsizliyinin qorunması və eləcədə ölkədə ola biləcək növbəti dalğanın nəzarətdən çıxmaması üçün, eyni zamanda, səhiyyə sistemi nə qədər hazırlıqlı olmuş olsa da belə, ola biləcək çox yüksək dalğalarda səhiyyə sisteminin çöküşünün olmaması üçün, eləcə də səhiyyə sistemində digər xəstəliklərdən əziyyət çəkən insanların təcili vəziyyətlərində müalicəsinin təşkili üçün məcburiyət qarşısında hökumət tərəfindən sərtləşmənin aparılması təqdirəlayiq və düzgün addımdır.

Əlbəttə ki, bu addımlar nəticəsində epidemioloji vəziyyətdə dəyişmələrin müsbət tendensiyaya dönməsi və yenidən yumşalmanın davam etdirilməsi hər birimizin arzusudur. Amma bügünkü vəziyyət hökuməti məcbur edir ki, bu addımları atsın”.

Qeyd edək ki, yoluxma hallarının artmasının bir səbəbi də əhalinin müəyyən hissəsinin hələ də koronavirusun olmasına inanmaması və karantin qaydalarına riayət etməməsidir. Bu istiqamətdə maarifləndirici tədbirlərin həyata keçirilməsi, koronavirus təhlükəsilə bağlı insanların daha aydın şəkildə məlumatlandırılması vacibdir.

Elə deputat Məlahət İbrahimqızı da təəssüflə qeyd edib ki, Azərbaycanda şayiələr, dedi-qodular üstünlük təşkil etdi: “İnsanın təbiətində də dedi-qodulara, şayiələrə inanmağa daha çox meyl olur. Düzdür, belə şeylər əksər dövlətlərdə də mümkündür, məsələn, daha çox itkiyə məruz qalan İtaliya parlamentində müzakirələr zamanı hətta bunun oyun olduğunu deyənlər də tapıldı. Biz isə oyun deyə düşünməməliyik, istənilən halda xəstəlik var. Baxmayaraq ki, nə qədər təbliğat aparılsa da, millətin bütün təbəqəsi bundan yararlanmadı, yenə də yalan və şayiələr, bunlara inananlar da itkiyə məruz qaldı. Ona görə də“qızıl qaydalar” - sosial məsafəlilik, maskalardan istifadə mütləq vacibdir”.

Deputat xatırladıb ki, virusun daşıyıcısı olanlar xəstələnmir, amma yoluxdurduğu insanlar bəzən ölür, bu təhlükəni dərk edib, qaydalara riayət etməyimiz vacibdir: “Məsələn, Belarus və İsveçdə karantin rejimi tətbiq olunmadı, amma hökumətlər ictimaiyyətə qaydalara riayət etmələrini söylədilər, cəmiyyət də riayət etdi. Bizdə isə hətta karantin rejimində də özünü təcridi, maska və sosial məsafəliliyi kənara qoyurlar, bu laqeydlik və biganəlik təəssüf doğurur. Yoluxmaları araşdıranda məlum olur ki, adamlar yas yerinə və ya ad gününə gediblər”.

Deputatın fikrincə, burdan belə nəticə çıxır, nə qədər tədbirlər planı güclü olsa da, vətəndaş məsuliyyəti çox əhəmiyyətlidir: “Baxın, Türkiyədə çox uğurlu mübarizə aparıldı, ölüm sayı 15-ə düşmüşdü, amma yumşalma olandan sonra ölüm sayı 25-ə qalxdı, hətta Baltik ölkələrində belə oxşar problemlər yaşanır. Virusun mənşəyi barədə tam şəkildə araşdırma aparılıb ortaq məxrəcə gəlinmədiyindən hansısa qərar vermək tibb elmi üçün çətindir, hələ ölkələr bir-birindən öyrənir. Sadəcə, Çinin təcrübəsi bir az çox ola bilər ki, o da dekabrdan mübarizədə olduqlarındadır. Biz də cəmiyyət olaraq qaydalara elə riayət etməliyik ki, hökumətin tədbirlər planı mükəmməl olsun”.

Məlahət İbrahimqızı insanların koronovirus təhlükəsinə inanması üçün təbliğatın peşəkar şəkildə təşkilinin vacib olduğunu bildirib: “Düşünürəm ki, təbliğat məsələsində mütəxəssislərin cəlbi çox vacibdir, xüsusilə virusoloqlar. Söhbət ondan getmir ki, onlar hər gün televiziyalarda olsun, media bu cür peşəkarlarla təmasda olub fikirlərini ictimaiyyətə çatdırsın. Təəssüf ki, bu gün koronavirusa şübhəylə yanaşan insanlarımız hələ var”.

Elman

AzPolitika.info 

635x100

Şərhlər

Vətəndaş 2020-07-05 12:24:58

Virusla şantaj edib insanları hazırlayırlar zombiləşdirməyə. https://www.instagram.com/p/CCP9WQhho5R/

Vətəndaş 2020-07-05 12:00:00

https://www.instagram.com/p/CCP9WQhho5R/

Yusif 2020-07-05 07:56:14

Metronu böyük ticarət mərkəzlərini bağlamaq,İnsanları azad buraxmaq lazımdır. Lukaşenko insanların azadlığın almır, hamı öz işində gücündə. Onda gərək Beloruslar tamam yox olardı. Molodes Luko kişi adamdır. Heç kimin dediyi ilə oturub durmur.

Azəri 2020-07-04 18:20:44

Siz başa düşün. Karantin lazımdır. Ancaq insana hava su,günəş yemək lazımdır. İnsan özünü türmədə hiss etməməlidir. Əsəbi xəstə, dəli olub küçələ düşməli deyil. Hamı oturub şəraitli, bahalı evlərdə, mənzillərdə, altı da dolu pul, hərəsi bir gic ideya irəli sürür, Keçəl başda dəlləlik edir.....

Son yazılar