GENERAL MUNDİRİNİ ŞƏRƏFLƏNDİRƏN ŞƏHİDİMİZ... - Polad Həşimova Milli Qəhrəman adı verilsin!

Müstəqillik illərində Azərbaycanda bir çox dəyərləri itirdiyimiz kimi, general adının, rütbəsinin da qiymətdən düşdüyü heç kimə sirr deyil. Kobud səslənsə də, bəzi "yoldan keçənlərə" də general rütbəsinin verilməsi bu adın əzəmətini satsıtmışdı. Baxırdın ki, dünən alverlə məşğul olan, baytarlıq edən, cəmiyətdə rüşvət yığan, hətta "reket" kimi tanınan biri qısa müddətdə gəlib olub general. 

Ona görə də, dünənə qədər general rütbəsi daşıyanların az qala hamısına, yumşaq desək, bir az şübhəylə yanaşırdıq. Onları da korrupsiyalaşmış oliqarxiya ilə bir sıraya qoyurduq. 

Düşünürdük ki, generaldırsa,  deməli böyük biznesi, "topdağıtmaz" varidatı var. 

Generaldırsa, villaları, obyektləri, iri fermer təsərrüfatlarına sahibdir.  Generaldırsa, nəinki ölkə daxilində, hətta xaricdə də çoxsaylı əmlaklara, mənzillərə malik biridir...

General deyəndə, elə bilirdik ki, gömrükdə, vergidə, sərhəddə sahibkarı soyan, onun son qəpiyini də əlindən almağa hazır olan "yekəqarındır"...

Generalı bəzilərimiz həbsxanada dustağa insan münasibəti göstərməyən, onun saxlanmasına dövlətin ayırdığı vəsaitləri talayan, cəzaçəkmə müəssisələrində orta əsr qaydalarını tətbiq edən, narkotika daxil nə desən satdıran "iri paqonlu" hesab edirdik.

Bəzilərimiz də generalı sahibkarı, iş adamını, hətta imkanlı sadə vətəndaşları belə şərləyib "podvala" saldıran, ailəsi ilə şantaj edib əlində nəyi varsa alan zənn edirdik. Gözümüzün önünə Çovdarov kimiləri gətirərək... 

Əhalinin içərisində general rütbəsi daşıyanlara əsgərin ərzağını satan, zabitinin haqqını mənimsəyən kimi baxanlar da az deyldi.

Çünki biz, ortada olan generalları belə görmüşdük... 

Çünki general adı bizdə daha çox qeyd olunan xüsusiyyətlərə malik insanların adları ilə assosiasiya olunmuşdu. Mahmudovlar, Çovdarovlar, Quliyevlər və sair - onları hamımız tanıyırıq...

Ancaq iki gün öncə Tovuz istiqamətində düşmənlə döyüşdə ŞƏHİD olan GENERAL Polad Həşimov bizim generallarımız barədə təsəvvürlərimizi alt-üst etdi.

Gördük ki, cəbhədə öz əsgəri ilə çiyin-çiynə döyüşən, sinəsini əsgərinə sipər edən qəhrəman GENERALIMIZ da var!

Bildik ki, yaşayışı sadə vətəndaşlardan fərqlənməyn, nəinki villası, obyektləri, hətta ortabab evi belə olmayan GENERALIMIZ var!

Şahidi olduq ki, dövlətin ona verdiyi, HAQQI OLAN mənzili belə ehtiyacı olan şəhid ailəsinə bağışlayacaq qədər böyük ürək sahibi olan GENERALIMIZ var!

Öyrəndik ki, öz vəsaitini belə dövlətin təhlükəsizliyini gücləndirməyə xərcləyən, cəbhədə "postlar" tikən GENERALIMIZ var!

Əmin olduq ki, öz həyatını Azərbaycan dövlətinin və xalqının təhlükəsizliyinə fəda etməyə hazır olan və bunu edən GENERALIMIZ var!

Yəni, Polad Həşimov yalnız sağ ikən deyil, ŞƏHİD olarkən də Azərbaycan dövlətinə və xalqına böyük bir xidmət göstərmiş oldu. O, insanımızın əksəriyyətinin gözündə dəyərini itirmiş GENERAL mundirini ŞƏRƏFLƏNDİRDİ!

Heç şübhə yoxdur ki, ordumuzda Polad Həşimov kimi generalların sayı kifayət qədərdir. Və inanırıq ki, onlar silah yoldaşlarının qisasın alacaqlar. Onun və digər şəhidlərimizin qisası isə Qarabağ işğaldan azad edilən gün alınmış olacaq!

General Polad Həşimov ŞƏHİD olaraq, Peyğəmbərlərdən sonra insanın çata biləcəyi ən UCA ZİRVƏYƏ yüksəlib!

Ancaq fikrimcə, həm 2016-cı ilin Aprel döyüşlərindəki şücaəti, həm düşmənin hücumlarının qarşısını alan zaman ön cəbhədə qəhrəmancasına həlak olması, həm də Qarabağ döyüşlərində ŞƏHİD olan ilk GENERALIMIZ olduğunu nəzərə alaraq, Polad Həşimova Milli Qəhrəman adının verilməsi məsələsinə baxılmalıdır!

İsmayıl İsmayılbəyli

"AzPolitika.info"saytının baş redaktor müavini

635x100

Şərhlər

Vahid 2020-07-16 18:41:48

Uca Allahın dərgahında Şəhadətə çatmış Millətimizin fəxri, qürur mənbəyi General Polad Həşimova Milli Qəhrəman adının verilməsi üçün kiməsə xahiş etmək yersizdir, çünki Generalımız bu ada layiq görülməyi hələ sağlığında haqq etmişdi.

Erick 2020-07-16 17:53:22

Allah rəhmət eləsin! Belə cəsur, mərd, şərəfli və fədakar generalımız sözsüz ki layiqdir QƏHRƏMAN adına!

[email protected] 2020-07-16 17:47:57

Milli qehraman adı mutleq verilmelidir

Arzu 2020-07-16 11:09:19

Adina uygun sehid ,generalimiz heqiqetende Poladdir Son nefesinde de esgerlerimizin yaninda oldu. Heqiqetende Milli Qehremandir. Prezidentimiz vetenperver igidimizi,oglumuzu Milli Qehreman gorur

Amon 2020-07-16 10:49:28

Cenab prezident generalimiza layiq oldugu deyeri verecek.sag iken evini sehid ailesine veren generalimiza sehid olannan sonra ailesine evde verilecek yeqinki

müəllim 2020-07-15 22:40:44

Azərbaycanın milli Qəhrəmanı Polad Həşimov İnşallah dəyərli prezidentimiz bu adı rəsmiləşdirəcək

Ramazan SİRACOĞLU 2020-07-15 21:05:11

Şəhidlik zirvəsinə yüksəlmiş Milli Qəhrəmanımız, polad iradəli POLAD GENERALıMIZ, qəzanız mübarək olsun! Dövlət bayrağımızın əbədi kölgəsində rahat uyuyun. Əsgərləriniz qisasınızı aldılar. Qələbə günümüz mütləq gələcək!

nihad 2020-07-15 20:54:51

Azərbaycan belə vətənpərvərlərə görə ayagdadır,fəxr edirik ki,belə zabitlərimiz var

Şaiq 2020-07-15 19:30:14

ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT DİLƏYİRƏM, RUHLARI BEHİŞTLİK OLSUN. ŞƏHİDLƏRİMİZ ÖZ QƏHRƏMANLİQLARI İLƏ ADLARINI AZƏRBAYCAN TARİXİNİN ÖLMƏZLƏR SİYAHISINA YAZDILAR. HƏR BİRİ ÖZ ŞANLI ADINI, POLAD HƏŞİMOV QƏHRƏMANIMIZ KİMİ. POLAD OĞLUM ŞƏHİDLİK ZİRVƏSİNƏ YÜKSƏLƏN VAXT, RÜŞVƏT YIĞAN "GENERALLAR " YƏNƏ ÖZ ÇİRKİN İŞLƏRİ İLƏ MƏŞĞUL İDİLƏR. ONA GÖRƏ DƏ, POLAD BALAM GENERAL MUNDİRİNİ ŞƏRƏFLƏNDİRMƏDİ, GENERAL MUNDİRİ POLAD KİMİ QƏHRƏMAN OĞULLA ŞƏRƏFLƏNDİ.

qaçqın 2020-07-15 19:28:48

siz generalımızın sadə evini gördünüz?, bəli o əsl general və MİLLİ QƏHRAMANDIR

Eli 2020-07-15 19:21:49

Tamamile doğrudur eger bu sddan da

Xalq 2020-07-15 19:19:25

Dəstəkləyirik, rəhmətlik Polad Həşimova Milli Qəhrəman adı verilsin!

Ağayev Ağahüseyn 2020-07-15 18:48:03

CƏN.PREZİDENT İ ƏLİYEV.Siz siiyasi fəaliyyətə QARADAQDAN başlamısınız bizim necə zəhmətkeş olduqumuzu ULU ÖNDƏR VAXTIYLA QİYMƏTLƏNDİRİB.Bunun Siz şahidisiniz.SİZDƏN kecmiş SECİCİLƏRİNİZ adından xaiş edirik GENERAL POLAD HƏŞİMOVA MİLLİ QƏHRƏMAN ADI VERƏSİNİZ.Mən ilk dəfədir belə bir AZƏRBAYCAN QƏHRƏMANI HAKQINDA MƏTBUATDAN OXUYURAM.Ona GENERAL RETBƏSİNİDƏ SİZ VERMİSİNİZ.ALLA BÜTÜN HƏRBİCİLƏRİMİZİ QORUSUN AMMİN.HÖRMƏTLƏ TANIDIQINIZ SECİCİNİZ.

Ələmdar Məmmədov-hüquqşünas 2020-07-15 18:24:30

General Polad Həşimova Milli Qəhrəman adı verilməsi xalqın ürəyincə olardı.

Son yazılar