“Bu, dövlət, ordu və prezidentlə həmrəylik nümayişi idi” – “Generalımızın qisası artıqlamasilə alınır”

“Dünənki aksiya, sonundakı bəzi təxribatçı hərəkətlər hesaba alınmazsa, ümumilikdə Azərbaycan xalqının öz dövləti, ordusu və prezidenti ilə həmrəylik nümayişi idi. Təəssüf ki, eynilə 90-cı illərin əvvəllərində olduğu kimi, yenə də müəyyən təxribatçı qüvvələr, qruplar birlik, həmrəylik nümayişimizə kölgə sala bildilər. O vaxt da Şuşa, Laçın, digər rayonlarımızın işğalı günlərində belə qüvvələr, qruplar Bakıda hər şeyi alt-üst edib, Azərbaycan xalqının fikrini cəbhədən yayındırmaq, şayiələr yaymaq, onun üzünəinamını qırmaqla məşğul idilər.”

Bunları Milli Məclisin Təbii Ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov iyulun 14-ü gecə Bakıda baş verənlərə münasibət bildirərkən deyib. Deputat “AzPolitika”-ya açıqlamasında xatırladıb ki, cəmiyyətdə təxribatçı qüvvələr, milli maraqları satanlar hələ də mövcud olsa da, Azərbaycan dövləti 90-cı illərin əvvəllərindəki dövlət deyil. “Əvvəla, o illərdən fərqli olaraq, güclü iqtidar, möhkəm siyasi iradə var. İkincisi, siyasi qüvvələr arasında həmrəylik var. Tasadüfi deyil ki, bu gün 43 siyasi partiya iqtidarla birlikdə həmrəylik bəyanatına imza atdı. Üçüncüsü, Azərbaycanda sabitliyin keşiyində möhkəm dayanan hüquq-mühafizə, xüsusi xidmət orqanlarımız var. Görünür hansısa dairələr Azərbaycan polisinin dünənki aksiyanın ümummilli məsələ - xalqımızın bir nömrəli problemi olan Qarabağ münaqişəsilə bağlı olduğunu, yüksək rütbəli zabitlərimizin şəhid edilməsinin yaratdığı ovqatı nəzərə alaraq təmkinli davranmasından ruhlanıb, aksiyanın başa çatmasına yaxın təxribat törətməyə cəhd etdilər. Mən əminliklə bildirirəm ki, şəhidlərimizin, qəhrəman generalımızın qisası artıqlamasilə alınır və alınmaqda davam edəcək. Eyni zamanda ona da şübhə etmirəm ki, hüquq-mühafizə orqanlarımız dünənki təxribatın təhrikçilərini də qanun qarşısında cavab verməyə məcbur edəcək”.

“Hamı anlamalıdır ki, işğal altında olan torpaqlarımızın azad olunması milli birlikdən və həmrəylikdən keçir. Heç kimə bu birliyimizi pozmaq imkanı verilməyəcək”, - deputat fikrini yekunlaşdırıb.

“AzPolitika”

635x100

Şərhlər

Azad 2020-07-15 21:40:42

O mitinq prezindent və ordu ilə həmrəylik mitinqi idi və eyni zamanda torpağımızın düşməndən alınması üçün müharibə tələbi idi. Xalqımız torpağımız uğrunda döyüşə,şəhid olmağa hazır olduqlarını bildirdi.

Vahid 2020-07-15 21:31:03

Bu yaxşı başlamışdı.Amma ...

t.ədalət 2020-07-15 20:43:48

Biz qisas hissi ilə vuruşmuruq.Biz işğal altındakı yurd yerlərimizin azad edilməsi uğrunda döyüşürük.Xalqın müqəddəs mübarizəsini qisas sözü ilə urvatsız etməyə dəyməz.Biz düşməni məhv edib arzularımızı gerçəkləşdirsək qələbəyə nail olarıq.Qaliblərsə xırda hislərlə-qisasçılıqla məşğul olmurlar.

Son yazılar