ABŞ prezidenti Donald Tramp ABŞ telekanallarının onun Nobel sülh mükafatına namizədliyinin irəli sürülməsinə biganə münasibətindən gileylənib.Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o bu barədə Nevada ştatında tərəfdarları önündə danışıb.
ABŞ liderini əsəbiləşdirən başqa bir nüans vaxtilə sələfi Barak Obamanın Ağ Evə gəldikdən cəmi 9 ay sonra bu mükafata layiq görülməsidir.
“Heç onun özü də bilmirdi, hansı səbəbə görə bu mükafatı alıb. Əslində, heç kim həmin vaxt bunu anlamadı. Ancaq görün biz nə qədər işlər görmüşük”, - deyə, Tramp tərəfdarlarına səslənib.
ABŞ prezidenti yerli mətbuatı özünə qarşı qərəzli biganəlikdə suçlayıb.
“Təsəvvür edirsiniz, ölkənizin prezidenti Nobel mükafatını qazana biləcək namizədlər sırasındadır, bərbad xəbərlər verən ABC, CBS və NBC kanallarında bu barədə bir söz də deyilmir”, - deyə, prezident adı çəkilən federal kanalların diqqətsizliyindən şikayətlənib.
Xatırladaq ki, Ağ Ev rəhbərinin namizədliyi Norveçin “Tərəqqi partiyası”nın deputatı Kristian Tibrinq-Gedde tərəfindən belə bir möhtərəm mükafatın nominantçıları arasında göstərilib. Norveçli siyasətçi Trampın İsrail və ərəb ölkələri arasında münasibətlərin yaxşılaşdırılmasındakı rolunun buna əsas verdiyini bildirib.


Şərhlər