PAKİSTANLA HƏRBİ ƏMƏKDAŞLIQ AZƏRBAYCANI ÇƏKİNDİRİCİ GÜCƏ ÇEVİRƏCƏK – Nədən başlamalıyıq, sonrakı addımlarımız nə olacaq?

Sülhəddin ƏKBƏR,

Azad Demokratlar Partiyasının sədri,

istiqlalçı millət vəkili

IV yazı

Bu yazımda isə 16 iyul 2020-ci il tarixdə “Azərbaycan Respublikasının mövcud durumda ilk növbədə atmalı olduğu kompleks qəti addımlar haqqında” başlığı altında irəli sürdüyüm təkliflər paketinin (https://strateq.az/manshet/447296/sulhəddin-əkbər-hokuməti-dialoqa-cagirdi-təkliflərini-verdi.html) xarici siyasətlə bağlı, siyasi-diplomatik, müdafiə, kəşfiyyat və təhlükəsizlik sahələrinə aid hissələrində nüvə silahına sahib böyük regional müsəlman dövləti olan qardaş Pakistan İslam Respublikası (PİR) ilə münasibətlərin yaranmaqda, formalaşmaqda və davamlı dinamik inkişafda olan yeni strateji şəraitə uyğun qurulması üçün atılması nəzərdə tutulan aktual addımlardan bəhs etmək istəyirəm.

Heç şübhəsiz, Azərbaycan Respublikası qardaş Türkiyə, AB, NATO, ABŞ, Böyük Britaniya və İsraillə strateji münasibətlərin qurulmasına yönəlik addımların atılmasilə birlikdə, qardaş Pakistanla münasibətlərin yaranmaqda olan yeni qlobal, regional və lokal strateji şəraitə uyğun qurulması üçün də – eynizamanlı, paralel olmaqla – qəti addımlar atmalıdır.

Yeganə müsəlman nüvə dövləti olan qardaş Pakistanla strateji münasibətlər qurmalıyıq

Məlum təkliflər paketinin siyasi-diplomatik sahəyə aid olan hissəsində göstərmişdim ki, demokratik siyasi strateji seçim edən, “Azərbaycan Respublikasının demokratiyaya yumşaq keçid strategiyası”nı (https://strateq.az/siyaset/429209/sulhəddin-əkbər-demokratiyaya-yumsaq-kecid-strategiyasini-pa-ya-təqdim-etdi.html) qəbul edən rəsmi Bakı, aktiv kompleks siyasi-diplomatik fəaliyyətə başlamalı, eyni zamanda qardaş Pakistanla qarşılıqlı etimad və etibara dayanan mövcud yaxşı münasibətləri institusional əsaslara oturtmalıdır.

Həmin təkliflər paketinin müdafiə, kəşfiyyat və təhlükəsizlik sahələrinə aid olan hissəsində isə göstərmişdim ki, Azərbaycan Respublikası, yaranmış mövcud hərbi-siyasi durumu da nəzərə alaraq, qardaş Pakistanla, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqaviləyə uyğun, strateji tərəfdaşlıq və qarşılıqlı yardım müqaviləsi imzalamalıdır.

Əslində, Azərbaycan Respublikası:

– strateji zaman, məkan və güc üçlüyünü;

– yeni dünya nizamı quruculuğu və geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olduğunu;

– dünyada yeni, dinamik strateji şəraitin yarandığını, onun davamlı, sürətlə dəyişməkdə olduğunu;

– Cənubi Qafqaz və Xəzər regionunda yaranmış mövcud strateji şəraiti və onun üstün inkişaf meyllərini;

– regional hərbi-siyasi durumu, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi zonasında və ətrafında yaranmış durumu və onun gözlənilən inkişaf meyllərini;

– mövcud regional güc balansını, özünün və düşmənin (təbii, böyük müttəfiqi ilə birlikdə) bu balansdakı payını;

– milli strateji gücünün məhdudluğu və yetərsizliyini;

– qarşısında duran aktual strateji (siyasi-strateji və hərbi-strateji) vəzifələrin həllinin “dost və qardaş yardımı” tələb etdiyini nəzərə almalı, qardaş Pakistanla da strateji – uzunmüddətli, hərtərəfli (geniş) və dərin müttəfiqlik münasibətləri qurmalıdır.

Bəzilərimizdə, təbii, sual yarana bilər: “Bu, bizə nə verəcək?” Bu suala açıq və aydın cavab verə bilmək üçün öncəliklə Pakistanın necə bir dövlət olduğuna və Azərbaycan Respublikasına necə münasibət bəslədiyinə, çox qısa olsa da, baxaq.

Pakistan necə bir dövlətdir və bizə necə baxır?

Birincisi, əhalisinin sayına görə (“Global Firepower”-ın 2020-ci il hesabatına görə, 207,9 milyon), Pakistan İndoneziyadan sonra dünyanın ən böyük 2-ci müsəlman dövlətidir.

İkincisi, Pakistan strateji silahlı qüvvələrə, nüvə silahına və nüvə başlığı daşıyan orta mənzilli ballistik raketlərə sahib olan yeganə müsəlman dövlətidir.

Üçüncüsü, 654 mini aktiv personal olmaqla, 1 milyon 204 minlik böyük orduya sahibdir. Dünyanın 138 modern ordusunun adi quru, hava və dəniz qüvvələrinin gücünü ehtiyatlar, maliyyə və coğrafiya ilə bağlı 50-dən çox müxtəlif amilə əsasən qiymətləndirən “Global Firepower”-ın 2020-ci il hesabatına görə, Pakistan 15-ci (PowerIndex rating – 0, 2364) yerdədir.

Dördüncüsü, terrorizmlə mübarizə, asimmetrik, hibrid, kəşfiyyat və s. müharibələri sahəsində böyük təcrübəyə malikdir və təbii, bu təcrübələri bizimlə bölüşməyə hazırdır;

Beşincisi, qardaş Pakistan, bütün bunlarla birlikdə, Cənubi Asiyada və başda Əfqanıstan olmaqla, Mərkəzi Asiyada, yəni postsovet məkanında ciddi siyasi, hərbi-siyasi təsirə və nüfuza da sahib olan regional super gücdür (ən azı, hərbi-siyasi baxımdan). Bu güc də mütləq nəzərə alınmalı və əsla kiçildilməməlidir.

Altıncısı, xüsusən də bu gücün Orta Şərqlə, İranla həmsərhəd olduğu və bu amilin dinamik dəyişməkdə olan yeni strateji şəraitdə, İran, eyni zamanda Azərbaycan məsələsinin gündəliyə gəldiyi bir vaxtda xüsusi önəm kəsb etdiyi nəzərə alınmalıdır.

Nüvə dövləti, regional super güc olan Pakistan eyni zamanda:

– Türkiyədən sonra bizə ən yaxın olan qardaş ölkədir;

– onun kimi həm təbii, həm də potensial strateji müttəfiqimizdir;

– Azərbaycan Respublikasının dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biridir;

– belə olduğu halda, əksinə, işğalçı Ermənistan Respublikasını ümumiyyətlə tanımamış və bugünədək onunla siyasi-diplomatik münasibətlər qurmamışdır;

– Ermənistan-Azərbaycan münaqişəsilə bağlı da daima Azərbaycan Respublikasının yanında yer almış, onun mövqeyini dəstəkləmişdir.

Üstəlik, qardaş Pakistan da öz növbəsində Azərbaycan Respublikasına həm təbii, həm də potensial strateji müttəfiq kimi baxır, onunla sıx inteqrasiyaya meyllidir.

Yeri gəlmişkən, xatırladaq ki, Pakistan senatının vitse-prezidenti Mir Can Camali hələ 2012-ci ilin yazında Azərbaycan Respublikasına birgə hərbi blok yaratmağı təklif edib. Onun sözlərinə görə, nüvə silahına sahib olan İslamabadın Bakı ilə ittifaqı “bütün müsəlman ölkələri alyansının nüvəsi olar”.

Rəsmi Bakı yuxarıda qeyd edilən bütün amillərlə birlikdə bunu da nəzərə almalı və xüsusilə müsbət qiymətləndirməlidir.

Bəs nədən başlamalıyıq?

Azərbaycan Respublikası perspektivdə qardaş Pakistanla hərbi müttəfiqlik sazişinin imzalanmasını və strateji müttəfiqlik münasibətlərinin qurulmasını hədəf alaraq, onunla strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında sazişin imzalanmasından başlamalıdır (Məlum olduğu kimi, Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında belə bir saziş hələ 2010-cu ildə imzalanmışdır). Çünki Türkiyə Cümhuriyyətilə hərbi müttəfiqlik sazişinin imzalanması ilə birlikdə, qardaş Pakistanla strateji tərəfdaşlıq sazişinin imzalanması, əvvəla, Azərbaycan Respublikasının hərbi-siyasi və hərbi-strateji mövqeyini gücləndirəcəkdir.

İkincisi, eynizamanlı və ya ardıcıl atılacaq bu addımlar bir-birini tamamlayacaq və möhkəmləndircəkdir. Yəni, sinergiya yaradacaqdır. Nəticədə, ölkəmizin hərbi-siyasi və hərbi-strateji mövqeyi daha da güclənəcəkdir.

Üçüncüsü, qardaş Türkiyə ilə birlikdə qardaş Pakistandan da güclü siyasi-diplomatik dəstək alan (həm birbaşa, həm də Çin vasitəsilə) ölkəmizin hərbi-siyasi və hərbi-strateji mövqeyinin belə güclənməsi münaqişənin həm dinc, həm də hərbi yolla həlli məsələsində əlini gücləndirəcəkdir.

Dördüncüsü, dinamik dəyişməkdə olan yeni strateji şəraitdə bu amil İran, eyni zamanda Azərbaycan məsələsinin həllində də ölkəmizin əlini gücləndirəcəkdir.

Beşincisi, bu, hərbi, hərbi-texniki, hərbi-texnoloji, kəşfiyyat və təhlükəsizlik sahəsində də ölkəmiz üçün, heç şübhəsiz, faydalı olacaq, əlavə imkanlar yaradacaqdır.

Altıncısı, bu, iki qardaş ölkə, iki təbii müttəfiq arasında hərbi müttəfiqlik sazişinin imzalanmasının və strateji müttəfiqlik münasibətlərinin qurulmasınının yolunu da açacaqdır.

Sonrakı addımlarımız nə olmalıdır?

Azərbaycan Respublikası ilə qardaş Pakistan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında sazişin imzalanması ilə iş bitməməli, tərəflər arasında intensiv strateji dialoq başladılmalı və ikitərəfli münasibətlər həqiqətən strateji səviyyəyə qaldırılmalıdır.

Bunun üçün:

– intensiv strateji dialoqun üzvi tərkib hissəsi kimi, intensiv siyasi dialoq başladılmalı, İslamabad və Bakı “siyasi saat”larını yeni qlobal, xüsusən də regional strateji şəraitə və şərtlərə uyğun olaraq, uzlaşdırılmış şəkildə yenidən qurmalı;

– dövlətlər, hökumətlər və qurumlar arasında siyasi münasibətlər və əlaqələr yeni səviyyədə qurulmalı, ikitərəfli münasibətlər institutlaşdırılmalı;

intensiv iqtisadi dialoq başladılmalı, vahid iqtisadi məkanın yaradılması hədəf seçilməklə, gömrük ittifaqı və azad ticarət zonası yaradılmalı;

– qarşılıqlı olaraq viza rejimi ləğv edilməli, işçi qüvvəsi, mal, xidmət və kapitalın sərbəst hərəkəti təmin olunmalı;

intensiv hərbi dialoq başladılmalı, hərbi doktrina və digər konseptual sənədlər, imzalanacaq digər strateji sənədlər nəzərə alınmaqla, bir-birinə uyğunlaşdırlmalı;

– hər iki ölkənin silahlı qüvvələrinin bir-birinə uyğunlaşdırılması, əməliyyat sahəsi və döyüş qabiliyyəti də daxil olmaqla, bütün sahələri əhatə etməli;

kəşfiyyat və təhlükəsizlik sahəsində də strateji münasibətlər qurulmalı, sıx informasiya mübadiləsi aparılmalı;

beynəlxalq terrorizmlə mübarizə sahəsində sıx əməkdaşlıq və tərəfdaşlıq münasibətləri qurulmalı;

elmi, elmi-texniki, o cümlədən hərbi-texniki, texnoloji sahədə münasibətlər də strateji səviyyəyə qaldırılmalı;

– strateji gücün sabit ünsürləri olan tarix, coğrafiya, etnoqrafiya, din və mədəniyyət sahələrində münasibət və əlaqələr müvafiq səviyyəyə qaldırılmalı;

– nəhayət, ikitərəfli münasibətlər, həqiqətən, strateji səviyyəyə qaldırılmalıdır.

Əgər rəsmi Bakı ortaya qəti siyasi iradə qoyaraq, qardaş Türkiyə ilə Bir millət, bir ordu” strategiyasının həyata keçirilməsilə birlikdə, nüvə dövləti, regional super güc olan qardaş Pakistanla da ikitərəfli münasibətləri həqiqətən strateji səviyyəyə qaldırarsa, heç şübhəsiz, öz strateji mövqeyini ciddi şəkildə, böyük ölçüdə möhkəmləndirmiş olacaqdır.

Bu addımları nə üçün həmən atmalıyıq?

Qardaş Türkiyə ilə münasibətlərdə olduğu kimi, burada da səbəblər çoxyönlü, müxtəlif səviyyəli və çoxsaylı olub, demək olar ki, eynidir.

Birincisi, bu addımların həmən atılması, yubadılmaması təbii müttəfiq olan hər iki qardaş ölkənin milli maraq və mənafelərinə uyğundur. Və bu, hər iki tərəfdə dərk olunmaqdadır.

İkincisi, bunu zaman, içindən keçdiyimiz dövr – yeni dünya nizamı quruculuğunun və geopolitik qarşıdurmanın qlobal, xüsusən də regional səviyyədə həlledici mərhələyə daxil olması tələb edir.

Üçüncüsü, bunu məkan – hər iki qardaş dövlətin geopolitik, geostrateji, geoekonomik və geokültürəl baxımdan çox həssas, xarici təsirlərə açıq məkanda və ya belə məkanın qonşuluğunda yerləşməsi tələb edir. Belə ki, Azərbaycan Respublikası Avrasiyanın ən həssas geostrateji zonalarından biri olan Qafqazda, qardaş Pakistan isə bir digəri olan Əfqanıstan-Tacikistan-Qaraqorum keçidi (Vahan dəhlizi) zonasının qonşuluğunda yerləşir.

Dördüncüsü, bunu mövcud qlobal və regional strateji güc balansı, hər iki ölkənin bu güc balansındakı mövcud payı, onların milli strateji güclərinin qarşıya qoyulan strateji hədəflər baxımından təkbaşına yetərsizliyi, ümumiyyətlə gücün məhdudluğu və bu səbəblə, hər iki qardaş dövlətin strateji tərəfdaşlığa, əslində, müttəfiqliyə olan ehtiyacı tələb edir.

Beşincisi, bunu postsovet məkanında, ələlxüsus Cənubi Qafqaz və Xəzərdə, Böyük Orta Şərq, Mərkəzi və Cənubi Asiyada formalaşmış mövcud geopolitik, geostrateji, geoekonomik və geokültürəl, eyni zamanda siyasi, hərbi, iqtisadi və mədəni durum və onların başlıca inkişaf meylləri diqtə edir.

Altıncısı, kiçik dövlət olan Azərbaycan Respublikasının strateji zəifliyi, strateji potensialı və hazırlığının aşağı səviyyədə olması, hələ ki, vəkalət müharibəsində pərdə arxasında qalmağa çalışan neoimperialist Putin Rusiyasını və açıq düşmənimiz olan Ermənistan Respublikasını (ona hücum etməyə) şirnikləndirir.

Yeddincisi, qonşu regionlarda, postsovet məkanında, həmçinin Cənubi Qafqaz və Xəzərdə, ələlxüsus da Ermənistan-Azərbaycan hərbi münaqişə zonasında yaranmış mövcud durum, neoimperialist Putin Rusiyasının tələsməsi, intensiv şəkildə təcavüzkar, işğalçı Ermənistanı silahlandırmağa davam etməsi və Azərbaycanı “cəzalandırmağa” hazırlaşması bu addımların yubadılmadan, həmən atılmasını tələb edir.

Səkkizincisi, hazırda təkbaşına zəif olan Azərbaycan Respublikasının düşmənlər tərəfindən çəkici, cəzbedici, təhrikedici görünməsi, Türkiyə, AB, NATO, ABŞ, Böyük Britaniya və İsraillə qeyd edilən müvafiq sazişlərin imzalanması ilə birlikdə, bu sazişin də imzalanacağı halda isə tam əksinə, çəkindirici gücə çevriləcəyi xüsusilə nəzərə alınmalıdır. Bu halda, istənilən hərbi müdaxilə və ya təxribatın bədəlinin Ermənistan bir yana, hətta Rusiya üçün belə, ağır olacağı şübhəsizdir. Bu səbəblə, rəsmi Bakı sazişi imzalamağa tələsməli və onu “cəzalandırmağa” hazırlaşan Moskvanı qabaqlamalıdır.

Doqquzuncusu, bu addımların atılması üçün hər iki ölkədə ictimai və siyasi rəy, demək olar ki, hazırdır.

Rəsmi Bakı bütün bunları nəzərə almalı, “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilə imzalamalı, qardaş ölkə ilə hərbi və strateji müttəfiqliyin yaradılması istiqamətində ilk qəti addımı atmalıdır.

Bu, bizə nə verəcək?

Açıq və aydın şəkildə göründüyü kimi, yeni dünya nizamı quruculuğunun və geopolitik qarşıdurmanın qlobal, xüsusən də regional səviyyədə həlledici mərhələyə daxil olduğu bir dövrdə bu addımın atılması:

milli maraq və mənafelərimizin, ilk növbədə həyati müdafiə marağımızın təmin olunmasına xidmət edəcək;

– belə ki, hərbi, hərbi-texniki, hərbi-texnoloji, müdafiə, kəşfiyyat və təhlükəsizlik sahəsində gücümüzü daha da artıracaq, ehtiyac yarandığı halda, qardaş ölkədən Türkiyə kimi birbaşa hərbi yardım almağımıza legitim imkan yaradacaq;

– çox həsas, xarici təsirlərə açıq məkanda yerləşən ölkəmizin “açıqlarının” qapadılmasına, qismən də olsa, yardımçı olacaq;

– təkbaşına yetərsiz olan milli strateji gücümüzə birbaşa və dolayısilə əlavə güc qatacaq;

– postsovet məkanında, ələlxüsus Cənubi Qafqaz və Xəzərdə formalaşmış mövcud geopolitik, geostrateji, geoekonomik və geokültürəl, eyni zamanda siyasi, hərbi, iqtisadi və mədəni durumda ölkəmizin mövqeyinin nisbətən güclənməsinə xidmət edəcək;

– atılacaq digər addımlarla birlikdə, intensiv şəkildə təcavüzkar, işğalçı Ermənistanı silahlandırmağa davam edən və Azərbaycanı “cəzalandırmağa” hazırlaşan Putin Rusiyasını, ən azı, ciddi düşünməyə vadar edəcək;

– və nəticədə neoimperialist Putin Rusiyasını və açıq düşmənimiz olan Ermənistan Respublikasını ona hücum etməkdən çəkindirməyə xidmət edəcək;

– Türkiyə, AB, NATO, ABŞ, Böyük Britaniya və İsraillə müvafiq sazişlərin imzalanması ilə birlikdə, ölkəmizi çəkindirici gücə çevirəcək;

şübhəsiz, ictimai rəyə müsbət təsir edəcək, cəmiyyətdə mənəvi-psixoloji ruh yüksəkliyi yaradacaq və sosial-psixoloji gücümüzü artıracaq;

və nəticə etibarilə, Azərbaycan Respublikasının həm daxilən güclənməsinə, həm də qurulacaq yeni dünya nizamında və beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasına xidmət edəcəkdir.

Sonda onu da qeyd edək ki, ümumiyyətlə, Azərbaycan Respublikası yaranmış yeni strateji şəraiti nəzərə almalı, Türkiyə, AB, NATO, ABŞ, Böyük Britaniya, İsrail və Pakistanla birlikdə, başda GUAM ölkələri və Mərkəzi Asiyanın qardaş türk dövlətləri olmaqla, bütün tərəfdaşları və təbii müttəfiqlərilə siyasi-diplomatik, müdafiə, kəşfiyyat və təhlükəsizlik sahəsində olan münasibət və əlaqələrini yeni, daha yüksək səviyyədə – strateji səviyyədə qurmalıdır.

Strateq.az

635x100

Şərhlər

Bəhram 2020-09-23 07:59:30

Gəlin, 2li də yox, çox üzlü və iqtisadi qeyri-mümkün xülyalardan əl çəkək? Xalq Cəbhəsi elə sapma-sapan bəyanlarına ikicə il sürmədi? Azərbaycan tək başına öz günü sabahdan Qarabağ da daxil öz sərhədlərini tam müdafiə etməlidir! Vəssalam.

Xalq 2020-09-22 21:35:10

Pakistan Rusiya ilə Qafqazda 80 minlik hərbi təlimlər keçirəcək.

Son yazılar