Menu

Moldovada yaşayan azərbaycanlılar səfirliyə toplaşdılar – “Döyüşlərə qatılmağa hazırıq” (FOTO)

02.10.2020, 16:35
Moldovada yaşayan azərbaycanlılar səfirliyə toplaşdılar – “Döyüşlərə qatılmağa hazırıq” (FOTO)

Oktyabrın 1-də Moldovada yaşayan 50-yə yaxın soydaşımızla Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanov arasında görüş keçirilib.

Moldova Azərbaycanlıları Konqresindən (MAK) "AzPolitika.info"-ya verilən məlumata görə, adıçəkilən qurumun təşkilatçılığı ilə keçirilən görüşdə əsas məqsəd sentyabrın 27-dən cəbhədə başlayan döyüşlərdə Azərbaycan Ordusuna, Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə etmək olub. Bildirilib ki, Prezidentin bütün əmr və tapşırıqlarını yerinə yetirməyə, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyə hazırdırlar.

Görüşdə çıxış edən MAK-ın sədri Elçin Bayramov qeyd edib ki, əslində bu görüşdə iştirak üçün 500-dən artıq həmvətənimiz müraciət etsə də, pandemiya səbəbindən Moldova qanunvericiliyinə uyğun olaraq, 50 nəfərin iştirakı razılaşdırılıb. E.Bayramovun sözlərinə görə, Moldovada yaşayan azərbaycanlıların ordumuza dəstək göstərmək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna maliyyə yardım etməsini də qərara alıblar.

Məlumatda daha sonra bildirilir ki, görüşdə iştirak edən Mehman İsmayılov, diaspor fəallarından Maarif Rəhimov, Vaqif Bayramov, gənclərdən Mahizər Məmmədova və Zamir Qurbanov çıxış edərək Prezident İlham Əliyevin Azərbaycanın və xalqımızın maraqlarını qoruyan, ərazi bütövlüyü uğrunda apardığı hərtərəfli və düşünülmüş siyasətini dəstəklədiklərini qeyd ediblər.

Görüşdə çıxış edən səfir Qüdsi Osmanov soydaşlarımıza Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərə diqqət və dəstək göstərdikləri üçün təşəkkürünü bildirib, Azərbaycanın kifayət qədər güclü, döyüşkən ordusunun olduğunu və bunun üçün əlavə dəstəyə ehtiyacın olmadığını vurğulayıb. Səfir Moldovadakı Azərbaycan səfirliyinin soydaşlarımızın bütün müraciət və təklifləri üçün açıq olduğunu diqqətə çatdırıb, həmvətənlərimizin mübarizəsini savad, bilik və bacarıqları ilə məhz Moldovada davam etdirməli olduqlarını qeyd edib, onları MAK ətrafında sıx birləşməklə, daha güclü olmağa çağırıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol