“ARTIQ HEÇ KİM AZƏRBAYCANI DAYANDIRA BİLMƏZ!” – “Hansı üzlə bizdən siyasi muxtariyyət tələb edə bilərlər?”

Azərbaycan Ordusunun işğal olunan ərazilərimizin əhəmiyyətli hissəsini geri aldığı, İranla sərhədimizi tam nəzarətə götürdüyü artıq rəsmən elan edildi. İndi daha çox cəbhənin şimal və mərkəz istiqamətlərində irəliləyiş gözlənilir. Ehtimal budur ki, yaxın bir həftə ərzində ordumuz strateji yüksəkliklərə nəzarəti bərpa etməklə Laçın dəhlizini nəzarətə götürəcək. Beləcə Dağlıq Qarabağdakı separatçıların şah damarı kəsilmiş olacaq.

“AzPolitika.info“ Azərbaycan Ordusunun əks-hücum əməliyyatı və qarşıdakı perspektivlərlə bağlı Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli ilə söhbətləşib: 

- Tahir bəy, Sizcə Azərbaycanı öz torpaqlarını işğaldan azad etmək üçün geniş miqyaslı hərbi əməliyyatlara məhz indi başlamağa vadar edən nə idi?

- Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra tamamilə fərqli xətt seçdi. İyulun 12-də hətta Tovuza hücum təşkil etməklə Azərbaycanın beynəlxalq layihələrinə nəzarəti ələ keçirmək niyyətini ortaya qoydu. Bundan öncə Şuşaya gəlib Azərbaycan xalqının hislərilə oynadı, “Qarabağ Ermənistandır” kimi sərsəm bəyanatlar verdi, Azərbaycana qarşı şərtlər irəli sürdü. Sentyabrın 27-də isə cəbhədə növbəti dəfə atəşkəsi pozdu. O, hesab edirdi ki, şıltaqlıqlarına Azərbaycan dövləti və xalqı sona qədər səbrlə yanaşacaq. Baxmayaraq ki, Azərbaycan dövlətinin lideri ona xəbərdarlıq etmişdi.

Sentyabrın 27-də atəşkəs pozulduqdan sonra Azərbaycan əks-hücuma keçdi. Bundan əvvəl prezident BMT tribunasından açıq elan etmişdi ki, Ermənistan cəbhəyə qoşun toplayır və məqsədi atəşkəsi pozub hücum əməliyyatlarına başlamaqdır. Dövlət başçısı açıq elan etmişdi ki, belə bir addım olsa, cavabı veriləcək. Beləcə Paşinyanın dəlisov addımları bizə imkan yaratdı ki, torpaqlarımızın azadlığı üçün anti-terror əməliyyatlarına başlayaq.

Sözsüz ki, Azərbaycan 1994-cü ilin mayında imzalanan atəşkəsdən sonra daim müharibəyə hazırlaşıb. Sülh danışıqları aparmaq o demək deyil ki, biz müharibəni tamamilə istisna etmişik. Torpaqlarımız 30 ildir ki, işğal altındadır. İndi diqqətlə baxsanız görərsiniz ki, Ermənistan və onun havadarları şok keçirir. Kanallarda açıq deyirlər ki, necə olub Azərbaycan son 10 ildə belə müasir silahlar əldə edib, peşəkar zabitlər yetişdirib, ordusunu hazırlaya bilib. Sözsüz ki, onlar bunu gözləmirdilər, özlərini göylə aparırdılar, mif yaratmışdılar. Bunun qarşısında indi Azərbaycan ordusu yüksək peşəkarlıq və mübarizlik nümayiş etdirir.

- Beynəlxalq müstəvidə müxtəlif ölkə və qurumlardan atəşkəsə dair çağırışlar gəlməkdə davam edir. Sonuncu belə çağırış Rusiya Prezidenti Vladimir Putindən gəldi. Siz bu çağırışları necə qiymətləndirirsiniz?

- Azərbaycan iki dəfə atəşkəslə razılaşıb. Əlbəttə, söhbət humanitar atəşkəsdən gedir. Bu zaman cəsədlərin və əsirlərin dəyişdirilməsi həyata keçirilir. Biz açıq bildirdik ki, erməni döyüşçülərinin ərazimizdə qalan cəsədlərini Tovuz istiqamətində dövlət sərhədində onlara verməyə hazırıq. Bildiyim qədər heç cəsədlərinə sahib çıxmırlar. Digər tərəfdən, atəşkəs Ermənistana lazım deyil, onlar özləri bunu pozur, bu imkandan istifadə edərək əks-həmlələr təşkil etməyə cəhd edirlər. Sözsüz ki, dünya, regionda prosesləri müşahidə edən qüvvələr də bunu görür. Biz humanitar atəşkəsə razıyıq. Amma böyük atəşkəsə Azərbaycan bir halda razı ola bilər - dövlətimizin irəli sürdüyü şərtlər qəbul edilsin. Yəni işğalçı ordu Azərbaycan ərazilərindən çıxsın, bununla bağlı öhdəlik götürsün və qrafik tutaraq, onu tez bir zamanda Azərbaycana təqdim etsin.

- Bu müharibəyə qədər təmas xəttində atəşkəs əvvəllər də dəfələrlə pozulub. Lakin az sonra böyük ölkələr əks-hücuma keçən Azərbaycanı dayandırıb. Sizcə, bu dəfə Azərbaycanı dayandırmaq niyə mümkün olmur?

- Vəziyyət dəyişib. Prezidentin qeyd etdiyi kimi, Azərbaycan beynəlxalq hüquqla tanınan ərazilərində hərbi əməliyyat aparır, onun heç kimin ərazisində gözü yoxdur. Yəni beynəlxalq hüquq bizim yanımızdadır. Digər tərəfdən, Türkiyənin Müdafiə naziri Hülusi Akar açıq elan etdi ki, kim bu məsələyə qarışsa, qarşısında Türkiyəni görəcək. Pakistan və digər dost ölkələrin də buna yaxın mövqeləri oldu. Tarixi şərait yarandı, Azərbaycan da öz ərazilərini işğaldan azad etmək şansını boşa vermədi.

Dünyadakı vəziyyət və Azərbaycan Prezidentinin öncədən apardığı hazırlıqlı diplomatik addımlar yerinə düşdü. Nəticə olaraq Paşinyan “Qarabağ Ermənistandır” dedikdən sonra Rusiya anladı ki, bunun cavabı olacaq. Sonra da Rusiya rəhbərliyi açıq bildirdi ki, müharibə Azərbaycan ərazilərində gedir. Bu, böyük nailiyyət idi. Yəni tarixi və diplomatik şərait yetişdi və Azərbaycan öz gücünü düşmənə göstərməyə başladı. Uğurlarımız davam etsin.

Allah bizim şəhidlərimizə rəhmət etsin, qazilərimiz tez bir zamanda sağalsın. Bizim son məqsədimiz Azərbaycanın bütün ərazisində suverenliyimizi bərpa etməkdir. İstisnasız olaraq, bütün ərazilərimizdə. Artıq “iki rayon qalsın, Qarabağın statusu müəyyənləşəndə verilsin” kimi məsələlər bitdi. Məqsəd ərazilərimizi işğaldan təmizləməkdir. Onlar Azərbaycanın suverenliyini qəbul etməlidirlər. Bunu qəbul edənlər Azərbaycan vətəndaşı kimi torpaqlarımızda yaşaya bilərlər. Kim qəbul etmirsə və yaşamaq istəmirsə, rədd olub arzuladığı ölkədə yaşaya bilər. Azərbaycan sona qədər getməlidir və gedəcək də. Buna əmin olmaq lazımdır. Azərbaycanın daha 30 il danışıqlar aparmaq niyyəti yoxdur. Odur ki, heç kimin sözü ilə də dayanan deyilik. Bu mənada hər kəs özünə hörmət qoymalıdır ki, sözü yerə düşməsin. Kimsə gəlib bu prosesə üçüncü tərəf kimi qarışmaq istəsə, deməli daha bir dünya müharibəsi yaratmaq istəyir. Bunu kim gözünün qarşısına alsa, daha çox itirəcək. Əgər Türkiyəni burada görmək istəmirlərsə, səbrlə prosesləri müşahidə etsinlər. Azərbaycan xalqı vahid mövqedədir. Əlbəttə, heç kim istəməz ki, Türkiyə-Rusiya hərbi qarşıdurması yaransın. Azərbaycan da bunu istəmir. Hazırda Ermənistan və Azərbaycan arasında müharibə gedir və Azərbaycan ordusunun güclü komandanı, peşəkar hərbi xadimləri var. Bunu da dünya görür.

- Bəzən bildirilir ki, biz Dağlıq Qarabağda erməni tərəfinə Azərbaycanın tərkibində yüksək status verilə bilər. Sizin bu məsələyələ bağlı mövqeyiniz necədir?

- Mən hüquqşünasam. Məncə, biz bu nöqtədən sonra Dağlıq Qarabağda yaşamaq istəyən ermənilərə yalnız mədəni muxtariyyət verə bilərik. Başqa heç bir muxtariyyətdən söhbət gedə bilməz. Zamanında biz onlara Azərbaycan daxilində yüksək statuslu muxtariyyət təklif edirdik. Amma onlar razı olmadılar. İndi buna görə tələyə özləri düşür. Biz bu qədər şəhid vermişik, mübarizə aparırıq. İndi onlar hansı üzlə bizdən siyasi muxtariyyət tələb edə bilərlər? Əgər ağ bayraq qaldırıb təslim olsalar, mədəni muxtariyyət üçün şərait yarana bilər. Biz onlar kimi vəhşi millət deyilik. Amma hər hansı bir siyasi muxtariyyətdən söhbət gedə bilməz. Azərbaycan Prezidenti İlham Əliyev də bu mövzuda mövqeyini qəti ifadə edib. Kommunikasiya məsələsinə gəldikdə, Azərbaycan öz vətəndaşları olaraq ermənilərə də şərait yarada bilər. Lakin siyasi muxtariyyət məsələsi olmamalıdır. Sözsüz ki, bunun üçün Azərbaycana təzyiqlər olacaq. Hesab edirəm ki, bu, mədəni muxtariyyət səviyyəsindən uzağa getməməlidir.

- Qarşıdan soyuqların gəldiyini və ərazinin relyefini nəzərə alsaq, Sizcə, hərbi əməliyyatlar nə zamana qədər davam edəcək?

- Əslində, Azərbaycan tərəfi ildırım sürətli hücumlar həyata keçirə bilər. İndiyə qədər olan döyüşlərin gedişatında da bu, mümkün idi. Lakin biz istəyirik ki, itkilərimiz az olsun. Gördüyünüz kimi düşmənin texnikasını ya sıradan çıxarırıq, ya da əlindən alırıq. Onlar 30 il ərzində istehkamlar qurublar. Azərbaycan da doğru hərbi taktika tətbiq edir, lazım olan istiqamətlərdə irəliləyir. Bunun da hərbi-siyasi əhəmiyyəti var. Sözsüz ki, döyüşlər bundan sonra 20 gün və ya bir ay da davam edə bilər. Amma onların raket sistemləri, zirehli texnikası əhəmiyyətli dərəcədə sıradan çıxarılıb. İndi mövqe döyüşləri gedir, ordumuz irəliləyir. Artıq bildiyiniz kimi İranla sərhədimizdə olan 130 kilometrlik ərazimiz nəzarətimizə keçdi. Başqa istiqamətlərdə də uğurlarımız göz önündədir. Amma nəzərə alınmalıdır ki, bu, müharibədir. Paşinyan da ki, öz vətəndaşlarını qırdırır. Bu mənada müharibənin nə qədər çəkəcəyini, nə zaman bitəcəyini proqnoz etmək çətindir.

- Azərbaycan ordusunun hədəfi Laçın dəhlizidir...

- Bizim ordumuz uğurlu döyüşlər aparır. Hesab edirəm ki, müəyyən istiqamətlərdəki dağ silsilələri ilə yanaşı Zəngilan istiqamətindəki hərəkətlərimiz bizə belə imkanı yaradacaq. Azərbaycan ordusu Ali Baş Komandanın onun qarşısına qoyduğu məqsədlərə çatacaq, buna qadirdir. Beynəlxalq ekspertlərin qeyd etdiyi kimi, bizdə nə silah, nə də əsgər baxımından çatışmazlıq yoxdur. Düşmən darmadağın ediləcək. Hazırda onlarda tükənmə prosesi gedir. Bizdə isə əksinə, üstünlüklərimiz saxlanılır. İnşallah məqsədimizə çatacağıq. Bütün dünya açıq görür ki, Cənubi Qafqazda faşist ideyasını özünə alət edən bir dövlətin cəzası verilir. Bunu dünya qəbul etməlidir. Qüvvələr nisbəti ciddi şəkildə bizim xeyrimizə dəyişəcək. Türkiyənin Qafqazda iştirakı, Azərbaycanın özünün bir dövlət kimi daha da güclənməsi təmin ediləcək. Biz son 10 ildə özümüzü təsdiq edən tərəfik. Bakıda, digər iri şəhərlərdə böyük mədəni tədbirlər keçirmişik, müxtəlif idman oyunlarından tutmuş, siyasi tədbirlərə qədər. Azərbaycan multikultral mədəniyyətini dünyaya təqdim edib. Dünya bizim haqlı olduğumuzu bilir.

- Ermənistan-Azərbaycan dövlət sərhədində Rusiya bayrağının qaldırılması halları müşahidə olunur. Sizcə, bu, nəyə xidmət edir?

- Məncə, bunlar təxribatdır. Azərbaycanla Rusiya açıq dialoq şəraitindədir. Ruslar Azərbaycanın əhəmiyyətini daha yaxşı başa düşürlər. Sözsüz ki, Rusiya zamanında süni erməni dövləti yaradıb, onu himayə edir. O, Ermənistanın uduzmasını arzu etmir, amma Azərbaycanı da itirmək istəmir. Hesab edirəm ki, bayraq məsələsi epizodik hallar, imperialist qüvvələrin cəhdləridir. Azərbaycan bunun səbəbini anlayır və səbrli davranır. Hər kəs anlayır ki, bunu etməkdə məqsəd Rusiyanı proseslərə qatmaqdır.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Qarabağın azərbaycanlı icması 2020-10-24 14:51:33

Əla müsahibədir!

VƏTƏNDAŞ 2020-10-24 14:04:19

QARABAĞ BİZƏ ERMƏNİSİZ LAZIMDIR. ORADA BİR TOXUMLUQ ERMƏNİ QALSA PROBLEM DƏ QALACAQ

Son yazılar