"Ermənistan üçün sülhdən başqa alternativ qalmayıb"
Bakı Dövlət Universitetinin müəllimi, hüquqşünas, siyasi təhlilçi Polad Mehdiyev “AzPolitika”-ya müsahibəsində Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşmanın hüququ aspektlərini təhlil edib.
Müsahibəni təqdim edirik:
- Polad bəy, Azərbaycan və Ermənistanın razılaşdığı sülh layihəsinə görə, hər iki tərəf beynəlxalq məhkəmələrdə qarşılıqlı iddialardan geri çəkilir. Azərbaycan bu çərçivədə nədən imtina edir?
- Azərbaycanla Ermənistan arasında ötən 30 illik işğal dövrü və onun nəticələri olaraq bir neçə istiqamətlər üzrə bizim haqlı iddia tələblərimiz formalaşıb. Bunlar hansılardır? Bern Konvensiyasına uyğun olaraq fauna və floranın, ətraf mühitin pozulmasına görə Ermənistana qarşı Azərbaycanın iddiası var. Bu iddia ilə bağlı 2024-cü ildə ilk məhkəmə baxışı iclası keçirilib. Hal-hazırda tərəflər sübutlarını təqdim edib və məhkəmə mahiyyəti üzrə işə baxır.
Bundan əlavə, 1948-ci il Avropa Enerji Xartiyasına uyğun olaraq AzərbaycanIN enerji resurslarının qanunsuz istifadəsinə görə Ermənistana qarşı iddiamız var. Bu istiqamətdə də Azərbaycan arbitraj prosesini başladıb və bu proses hazırda davam edir.
Digər istiqamətlərdən biri isə odur ki, Haaqa Konvensiyasına, Avropa Konvensiyasına, eləcə də UNESCO irsi mədəni abidələrin qorunmasına dair Konvensiyasına uyğun olaraq işğal dövründə tarixi mədəniyyət abidələrinə vurulmuş zərərlə bağlı Azərbaycan tərəfindən Ermənistana qarşı iddia məsələsi var.
Sonuncu istiqamət üzrə isə deyə bilərik ki, indiki dövrə qədər Ermənistan və onun yaratdığı ayrı-ayrı cinayətkar birliklər tərəfindən azərbaycanlılara qarşı beynəlxalq cinayət hüququnda təsbit olunmuş bir sıra istiqamətlər üzrə cinayətlər törədilib - insan həyatına qəsd, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, təcavüz və s. Azərbaycana böyük məbləğdə iqtisadi zərər dəyib. Bu iqtisadi zərərlər özünü bir neçə formada təzahür etdirir. Eyni zamanda, işğal dövrü ərzində orada yerləşən Azərbaycan əmlaklarının, infrastrukturun, yaşayış mühitinin dağıdılması, bütün bunların bərpası üçün Azərbaycan tərəfinin hərbiləşməyə çəkdiyi xərc və hal-hazırda gedən kompleks bərpa işləri böyük məbləğlər təşkil edib.
- Bəs Azərbaycan qarşılıqlı iddialardan imtina edə bilərmi?
Burada diqqət yetirməli olduğumuz məsələ odur ki, qarşılıqlı iddialar geri götürülməlidir dedikdə tam olaraq nə başa düşülməli məsələsidir. Azərbaycanın Ermənistana qarşı qaldırdığı və qaldırılması nəzərdə tutulan iddialardan imtinası və Ermənistanın da öz növbəsində iddialardan imtinası məsələsi başa düşülməlidir?
Yoxsa hal hazırda Haaqada davam edən qarşılıqlı iddialar? Məlumdur ki hal-hazırda, Beynəlxalq Ədalət Məhkəmədə “İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında”1965-ci il Beynəlxalq Konvensiyaya uyğun olaraq etnik təmizləməyə dair Ermənistanın Azərbaycana, Azərbaycanın isə Ermənistana qarşı iddiaları mövcuddur. Məhkəmə prosesi davam edir. Ermənistanın iddiasının əsasını anti-terror tədbirləri zamanı ermənilərin könüllü köçünü nəzərdə tutaraq guya Azərbaycan tərəfindən etnik təmizləmənin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycanın iddiasının əsasını isə, Ermənistan dövləti tərəfindən Ermənistanda yaşayan azərbaycanlılara, eyni zamanda Qarabağdan olan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilməsi və onların məcburi köçürülməsi təşkil edir. Bu qarşılıqlı iddialara baxmaq olar, onlardan imtina etmək mümkün ola bilər. Ancaq Azərbaycanın digər haqlı iddialarından imtinası məsələsində mən bir hüquqşünas kimi hesab edirəm ki biz tələsməməliyik. Məncə, biz digər məsələlərə diqqət yetirməliyik.

- Hansı məsələ?
- Azərbaycanda hal-hazırda ölkəmizə qarşı cinayət törətmiş ermənilərin mühakiməsi gedir. Bu, təkzibolunmaz faktdır ki, Azərbaycan Ermənistan tərəfindən işğala məruz qalıb. Həmin bu işğal Ermənistan ali rəhbərliyi tərəfindən də etiraf edilib. Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bu hissənin Azərbaycana aid olduğu bildirildi. Bu, dolayısı ilə işğalın etirafıdır. İşğal varsa, işğal nəticəsində zərər vurulubsa, bunun hüquqi-siyasi məsuliyyəti və nəticəsi nə olmalıdır? Dünya tarixinə baxdıqda, ötən əsrdə bunun təcrübəsi var. Faşist Almaniyası Yalta konfransından sonra məsuliyyətə cəlb olundu. Eyni zamanda, İraqın Kuveyti işğalı zamanı BMT tərəfindən təşkil olunmuş komissiya ilə müəyyən olunmuş təxminən 57 milyard dollar məbləğində kompensasiyanın ödənilməsi məsələsi var.
Əvvəla, gözlənti ondan ibarətdir ki, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edərək beynəlxalq ictimaiyyət tərəfindən Ermənistan Azərbaycana qarşı törətdiyi hadisələrə görə rəsmi olaraq üzr istəsin və məsuliyyəti etiraf etsin. Amma bu olmayacağı təqdirdə Azərbaycan Ermənistanı buna məcbur edəcək hüquqi aləti nəyə görə əlindən verməlidir?
- Bəs qarşılıqlı razılaşmada Ermənistanın imtina edəcəyi nələr var?
- Ermənistanın Azərbaycana qarşı qaldırdığı başqa bir iddia yoxdur. Əslində bu istiqamətdə hüquqi nöqteyi-nəzərdən Azərbaycanın əli kifayət qədər güclüdür. Təbii ki, Ermənistanla Azərbaycan arasında sülh danışıqları prosesi gedir. Daha dolğun informasiyalar ali rəhbərlikdə var. Amma mən hüquqşünas kimi yenə də deyirəm ki, Azərbaycan bu hüquqi arqumentlərindən istifadə etməlidir. Çünki güclü tərəf Azərbaycandır.
- Hazırda Bakıda mühakimə olunan ermənilərin məsələsi müxtəlif səviyyələrdə qaldırılır. Bu yaxınlarda Avropa Parlamenti onların müdafiəsinə qalxaraq qətnamə qəbul etdi. Daha sonra ABŞ prezidentinin müşaviri Hikmət Hacıyevlə telefon söhbətində bildirib ki, erməni məhbusların azad edilməsi sülhə xidmət edir və s. Beləliklə, Azərbaycana qarşı ağır cinayətlər törətmiş şəxslərin azadlığa buraxılması Azərbaycan hökumətinə qarşı tələbə çevrilir. Bunun özü beynəlxalq hüquqa nə dərəcədə uyğundur?
- Azərbaycanda mühakimə olunan şəxslərin məsələsində yanaşma iki cürdür. Bir siyasi, bir də hüquqi yanaşma var. Təbii ki, hüquq olan yerdə siyasət olmamalıdır. Çünki siyasət bu kontekstdə hüququ kölgəyə salan bir məsələdir. Belə bir faktı təsdiq edək ki, Azərbaycana qarşı törədilmiş cinayətlərdə, ərazilərimizin işğal olunmasında təqsirkar birinci növbədə Ermənistan dövləti, sonra Ermənistan tərəfindən təşkil olunmuş mütəşəkkil cinayətkar dəstə və onun ayrı-ayrı vəzifəli şəxsləridir. Bunu bir neçə aktlar sübut edir. BMT-nin məşhur dörd qətnaməsi var ki, orada erməni silahlı birləşmələri ifadə olunsa da, məsuliyyət Ermənistan dövlətinin üzərinə qoyulur. “Çıraqovların işi” üzrə Avropa Məhkəməsinin qətnaməsi də sübut edir ki, Ermənistan tərəfi azərbaycanlı məcburi köçkünləri yurdlarına qaytarmalıdır. Ermənistan Konstitusiya Məhkəməsinin qərarı və Ermənistanın Ali Məclisinin 1989-cu ildə Azərbaycan torpaqlarının özlərinə birləşdirməsi barədə aktı var. Bütün bunlar təqsirkarın Ermənistan dövləti olduğunu göstərir. Bu, nəyi dəyişir? Bu, onu ehtiva edir ki, dövlət əgər bu cinayətlərin törədilməsində məsuliyyət daşıyırsa, dövət özü buna cavab verməlidir. Yəni, dövlətin özü məsuliyyətə cəlb olunmalıdır.
Birincisi, Ermənistan rəsmi formada üzr istəməli, ikincisi, Azərbaycana dəymiş ziyana görə kompensasiya ödəməlidir. Kompensasiya ödəyə bilmirsə, bunu Ermənistanın yerinə Qərb tərəfdaşları edə bilər. Qərb şirkətləri Azərbaycan ərazisində quruculuq işlərinə investisiya yatıra bilər. Axı bu torpaqlar Ermənistan tərəfindən bu günə salınıb və onun bərpası ilə bağlı müəyyən bir smeta var. İşğala məruz qalmış dövlət nəyə görə bunu özü həyata keçirməlidir? Ermənistanın burada məsuliyyəti nədir? Bəs ədalət hardadır?
İndi qayıdaq Azərbaycanda mühakimə olunanlara. Onlar Azərbaycana qarşı cinayət törətmiş bir qisim şəxslərdir, amma hamısı deyil. Onların Azərbaycanda cinayət mühakiməsi gedir. Məhkəmə istintaqı gedən zaman həmin şəxslərlə bağlı məhkəmə qətnaməsi yoxdursa, işin prosessual tərəfləri ilə bağlı münasibət bildirə bilərlər. Həbs qətimkan tədbiri düzdür, və ya səhv, yaxud tərəflərin məhkəmədə ifadələri, çıxışları, vəsatətləri qəbul olunur, ya olunmur? Buna baxdıqda görərik ki, kifayət qədər ədalətli və obyektiv proses gedir.

- Bu məhkəmədə nələr üzə çıxdı?
- Bu şəxslərin etirafları nəticəsində o üzə çıxdı ki, Azərbaycana qarşı hücumda əsas təqsirkar Ermənistandır. Araik Arutunyanın etirafı ilə o üzə çıxdı ki, burada 1949-cu il Cenevrə Konvensiyası pozulub. Ermənistan dövləti Azərbaycana qarşı asimetrik müharibə aparıb. Asimetrik müharibə özünü nədə göstərir? Azərbaycanın mülki obyektlərinə zərər vurulub və mülki şəxslər hədəfə götürülüb. Bunun sübutu nədir? Araik Arutunyan bildirir ki, o, müdafiə nazirliyindən aldığı təlimat əsasında Azərbaycan mülki obyektlərinə ziyan vurub. Bu, birbaşa müharibə cinayətidir. Bu şəxsin etirafları, yəni məhkəmə istintaqı və ondan əvvəlki istintaq hələ ortalığa çox sübutlar çıxaracaq. Etiraf da sübutun bir növüdür. Bu proses davam edir. Onlara qarşı səslənən ittihamlardan belə başa düşmək olar ki, hər birini ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir. Onlara qarşı 20-yə yaxın ittiham irəli sürülüb.
- Azərbaycan və Ermənistan arasında razılaşdırılan layihə həm də hüquqi prosedurları əhatə edir. Mövcud reallıqlar baxımından 17 bəndlik razılaşmanın yerinə yetirilməsi hansı perspektivə malikdir?
- Ötən gün Ermənistan Xarici İşlər nazirinin ilkin bəyanatı və ardınca Ceyhun Bayramovun mətbuata verdiyi açıqlamada sülh sazişi ilə bağlı qeyd olunur ki, 13 marta qədərki dövrdə müəyyən qədər irəliləyiş olduğu hiss edilib. Amma bu, sülh müqaviləsinin bəndləri ilə bağlı razılıqdır. Hələ bu bəndlərin icra olunması üçün zamana ehtiyac var.
- Amma Ermənistan da deyir ki, biz imzalayaq sonra bunları həyata keçirərik…
- Burada Azərbaycanın tələbləri aydındır. Konstitusiyanın dəyişdirilməsi, Ermənistanda yeni Konstitusiyanın qəbul olunması, ATƏT-in Minsk qrupunun buraxılması, Avropa İttifaqı Müşahidə missiyasının - Azərbaycan sərhədində “binokl diplomatiyası” aparan həmin missiyanın mandatının ləğv olunması, Ermənistanın silahlanmasına moratoriumun qoyulması. Bu istiqamətlər üzrə baxsaq təbii ki, konstitusiyanın dəyişikliyi vaxt aparan məsələdir və buna Ermənistan hakimiyyəti yox, xalq qərar verməlidir. Ancaq Prezident İlham Əliyevin 12-ci qlobal forumda səsləndirdiyi bir fikrə istinad etmək istəyirəm ki, ermənilərə və Ermənistana inam qalmayıb, artıq sənədə baxmaq lazımdır. Ermənistan sülhə sadiqliyini nədə göstərə bilər? ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı bəyanat verə bilər. Yaxud da, desin ki, müşahidə missiyasının mandatı ləğv edilib. Bunlar sülhə etimad, inam yaradan məsələlərdir. Bunlar olmalıdır, amma təəssüf ki, Ermənistan bununla bağlı addım atmır.
- Yəni, Ermənistan yetərli qədər siyasi iradə nümayiş etdirmir...
- Ermənistan əgər özü istəyirsə belə öz iradəsini topluma tətbiq edə bilmir. Ermənistan diasporası və kilsəsi buna qarşıdır və təbii ki, regionda ciddi marağı olan dövlətlərin mövqeyi də var.
- Perspektivi necə görürsünüz?
- “Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin bağlanması kimə və niyə lazımdır” sualına cavab verməliyik. Türkiyəyə niyə lazımdır? Azərbaycana niyə lazımdır? Ermənistana niyə lazımdır? Ermənistana Ona görə lazımdır ki, Türkiyə ilə kommunikasiya xətlərini aça bilsin. Azərbaycan isə ədalətli sülhü tələb etməkdə səbrli olmalıdır. Azərbaycan bunu davam etdirə bilər. Ermənistan isə bu məsələdə narahatlıq keçirir. Dəyişən dünya nizamı onu göstərir ki, Ermənistan üçün sülh bağlamaqdan başqa alternativ variant qalmayıb.
E.Rüstəmli
E.Bəyməmmədli
"AzPolitika.info"

Şərhlər
Indiki qarışıq,anlaşılmaz siyasi vəziyyətdə çox ayıq,gözüaçıq olmalıyıq.Gözləmə mövqei ölkənin ziyanına işləyir.Məsəl var: Tez oyanan.duran öküz yatanın üst-başını bulayar.Bunu unutmaq olmaz!
Salam, dəyərli. müsahibəçün təşəkkürlər! QƏHRƏMAN GENERALIMIZın adaşı olan belə gərəkli mütəxəssisləri və təhlillərini gündəm edək, “hərşeyşünaslar”ı yox, hörmətlə.
Dünyada haqq-ədalət tarixinin bəlkə də ən minimum həddindədir. Tramp kimi axmaq insanların hegemon dövlətlərin başında durması absurd vəziyyətə səbəb olur!
2ci Dünya Müharibəsi bitən kimi *Soyuz*çular hay-Hitler faşizminin sonrakı Cinayətlərinə qarşı mərkəzi Berlini 4 yerə bölüb, öz hərbi qüvvələrinin nəzarətinə tapşırıblar! Cinayətin qarşısı alınmasa, ya operativ dəf edilib, ciddi mühakimə edilməsə elə beləcə-4 yox ey, 25, 33 il belə hərbə də *qurşanıb*, artıq nail olduğu *Siyasi (durbinli hərbi Dubinkası) kimi məhvə davam edəcək. Quduz Hitler Reyxi toparlanmaq üçün Polşanı SSRİ ilə bölüşmüşdü? Hər hansı müharibəyə və hərbi təcavüzə bir gün belə şans vermədən ciddi mühakimə gərək! Əks halda Canlı Yer aləmi Güclü COPla belə məhv olmaqdadır?
A)Ermənistan, Rusiyanın 1795ci ilə gəlmə Greqorian qrupuna verdiyi Eçmiadzin etiqad muxtarlığından başlanıb və tarixən(83%dən çox) yerli əhaliyə qarşı etnik genosidlər törədib? B)Haqq-hüquqa zidd(kənar) fəaliyyət, siyasət belə TƏQSİR yox, Cinayətdir! C)Deport və *Miatsum!* Hərbi-Genosid işğalına məruz *azərbaycan* Beynəlxalq (Nürnberq) mühakiməsini BMT TŞnın həll qətnaməsi günündən gecikdirməkdədir?
Ölkəmizə qarşı cinayət törətmiş ermənilərin məsələsinə baxılmasnın uzadılması mənasız və ziyanlı məsələdir.Çünki bəzi qurumların xahişi.təkidi,hədə-qorxusu ilə onların başqa ölkəyə verilməsi və ya dəyişdirilməsi məsələsi otaya atıla bilər ki. bu da cinaytkarın kənarda qaklmasına səbəb olar və onların göstərişi ilə qəylə yetirilən azərbaycanlıların qanı batmış olar.Ona görə bir az öncə bu məsələ tamamlanmalıdır.Uzadlma Azərbaycanın ziyanına işləyir.