“VƏZİYYƏTLƏRİ ACINACAQLIDIR, BUNDAN DA PİS OLACAQ...” – “Ərazilərimizi işğaldan tam azad edəcəyik”

Azərbaycan Ordusunun Qarabağdakı zəfər yürüşü davam edir. Cəbhədə böyük məğlubiyyətə düçar olan Ermənistanda daxili ictimai-siyasi vəziyyət getdikcə kəskinləşir. Artıq Baş nazir Nikol Paşinyanı istefaya çağıranların sayı durmadan artır.

“AzPolitika.info” Qarabağ mövzusunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, hüquq elmləri doktoru Ziyafət Əsgərovla müzakirə edib:

- Ziyafət müəllim, hərbi əməliyyatlar artıq Qarabağın mərkəzinə doğru davam edir. Azərbaycan Ordusunun son 42 gündə həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı müşahidələriniz nədən ibarətdir?

- Mən çox şadam ki, əməliyyatlar başlayandan bu günə qədər cəbhə zonasında operativ vəziyyət orudumuzun nəzarəti altında olub. Rayon mərkəzlərimiz, şəhərlərimiz, qəsəbə və kəndlərimiz ardıcıl olaraq işğaldan azad edilir. 200-dən çox yaşayış məntəqəsi işğaldan azad olunub. Proses normal şəkildə davam edir, Ali Baş Komandanın müəyyən etdiyi strategiya üzrə işlər davam etdirilir. Sözsüz ki, biz bu müharibədə qalib gələcəyik. Buna heç kəsin şübhəsi yoxdur. Birmənalıdır ki, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını təmin edəcəyik.

- Ermənistan tərəfinin davranışlarını, müqavimət imkanlarını, ümumiyyətlə bu ölkədəki real vəziyyəti necə görürsünüz?

- Bu müharibədə erməni tərəfi haqsız tərəfdir, Azərbaycanın işi haqq işidir. Biz Azərbaycanın ərazi bütövlüyünü təmin edirik, yəni işğal edilən tarixi torpaqlarımızı azad edirik, bunun üçün müharibə aparırıq. Ermənistan tərəfinin vəziyyəti məncə, acınacaqlıdır. Bu səbəbdən də onlar feyk məlumatları dövriyyəyə buraxırlar. Əlbəttə, bu işdə erməni diasporu mühüm rol oynayır. Yeri gəlmişkən, bir məqamın üzərində xüsusi dayanmaq istərdim. Ali Baş Komandan eyni zamanda informasiya müharibəsinin də başında dayanır. Demək olar ki, hər gün dünyanın aparıcı telekanallarına, agentlik və qəzetlərinə müsahibələr verir. Və bu sahədə erməni tərəfinin yalan məlumatlarını darmadağın edir. Maraqlıdır ki, Prezidentdən müsahibə alan jurnalistlərin bir qismi əsasən iki məsələnin üzərində xüsusi dayanırlar. Prezident onların suallarına ətraflı cavab verir və onları yerində oturdur. Amma bu suallar təkrar-təkrar gündəmə gətirilir. Əlbəttə, bu jurnalistərin hamısına aid deyil, onların içərisində kifayət qədər obyektiv şəxslər də var. Amma təkrar-təkrar Türkiyənin F-16 qırıcıları və muzdluların Suriyadan gətirilməsi haqda suallar verirlər. Səbəb budur ki, onlar öyrədilmiş şəxslərdir və bu suallar erməni lobbisi tərəfindən hazırlanan suallardır. Prezident böyük ustalıqla onlara cavab verir və onlar da dərslərini alırlar.

Bu mövzuya uyğun olaraq diqqəti həm də hüquq müstəvisinə çəkmək istərdim. 1949-cu ildə Cenevrə Konvensiyası qəbul edilib, ona bir və iki nömrəli protokol əlavə olunub. Bir nömrəli protokolda muzdlular haqda 47-ci maddə var. Burada muzdlular anlayışı göstərilir. 1989-cu il dekabrın 4-də BMT Baş Assambleyasında muzdluların ələ alınması, onlardan istifadə edilməsi, maliyyələşdirilməsi və s. bağlı konvensiya qəbul edilib. Bu, 21 maddədən ibarət sənəddir. Bu sənəd muzdluların konfliktdə olan tərəflərdə təmsil olunmasını qadağan edir. Prezident bəyan edib ki, bizdə muzdlular yoxdur. Bunu deyən bəzi dövlətlərin başçılarının əlində heç bir dəlil-sübut yoxdur. Sizin kəşfiyyat orqanlarınız var, amma onların da əlində hər hansı dəlil-sübut yoxdur. Mən soruşuram, 1989-cu ildə qəbul olunan “Muzdluların cəlb edilməsi, istifadə olunması və maliyyələşdirilməsinə qarşı mübarizə” Haqqında Konvensiyaya Ermənistan niyə bu günə qədər qoşulmur? Amma Azərbaycan 1997-ci ilin sentyabrında bu konvensiyaya qoşulub. Cənab Prezident açıq deyir ki, bizim 100 minlik ordumuz var. Bu halda muzdluya nə ehtiyacımız ola bilər. Azərbaycan 1949-cu il konvensiyalarına qoşulub, Beynəlxalq humanitar hüququn prinsip və normalarına böyük hörmət göstərir. O cümlədən Ali Baş Komandan qeyd edib ki, ordumuzun hədəfində mülki insanlar yoxdur, biz ancaq legitim hərbi obyektləri hədəf alırıq. Sözün qısası Ermənistan tərəfi qəsdlə və bilərəkdən 1989-cu il konvensiyasına qoşulmayıb. Niyə? Muzdluları cəlb etmək üçün!

- Bir neçə gün əvvəl Ermənistan parlamenti faktiki olaraq, döyüşlərdə iştirak etmək istəyən əcnəbilərə “yaşıl işıq” yandırdı...

- Amma bu daxili qanun beynəlxalq hüquqa uyğun gəlmir. Beynəlxalq hüquq normalarının daxili qanunvericiliyə nisbətən üstünlük hüququ var. Ermənistan daxildə könüllülər adı altında belə qanun qəbul etdi ki, muzdlu məsələsini ört-basdır edə bilsin. Amma beynəlxalq hüquq bunun əleyhinədir. Konkret olaraq 1989-cu il konvensiyası bu addımı cinayət hesab edir. Yəni bu, Ermənistanı məsuliyyətdən azad etmir.

Əlbəttə, Ermənistanda vəziyyət həddən artıq mürəkkəb və ağırdır. Cəbhədəki uğursuzluqlar daxili vəziyyətə ciddi təsir edir. Ermənistan heç vaxt Azərbaycanla müharibə edə bilməz. Əvvəla, Azərbaycanın dəqiq, düzgün, strateji və taktiki addımları var. İkincisi, ordumuzun sayı və silahları qat-qat üstündür. Həmçinin, hərb elminin ən son texnologiyalarını mənimsəyən ordumuz dünyanın ən müasir ordularından biridir. Əlbəttə, Ermənistan bizim qarşımızda duruş gətirə bilməz. Bax, bu məğlubiyyətlər, eləcədə Paşinyanın insanlara verdiyi iqtisadi vədlərin puç olması reallıqdır. Müharibənin 40 gündən artıq aparılması da erməni iqtisadiyyatını çökdürür. İndi Ermənistanda Paşinyanın istefası məsələsi qaldırılıb. O mənada ki, gəl cavab ver. Sən ermənilərə “qızıl alma” vəd etmişdin, amma indi müharibəni uduzursan. Ermənistanı real vəziyyəti budur, hələ bundan da pis olacaq.

- Azərbaycanın mütləq hərbi üstünlüyünün olduğu indiki vaxtda müharibənin dayandırılmasını və danışıqları mümkün sayırsınızmı?

- Üç dəfə humanitar atəşkəs elan edildi. Birinci atəşkəsdə Gəncəni vurdular, sonra yenə raket zərbəsi endirildi. Ayn 17-si və 25-də humanitar atəşkəs elan edildi. Hər üçündə onlar bunu pozdular. Baxın, görün bunlar insanlıqdan nə qədər uzaqdırlar. Humanitar atəşkəsin mahiyyəti odur ki, cəsədlər dəyişdirilir. Bunlarda insanlıq da yoxdur, öz cəsədlərinə sahib durmaq istəmirlər. Çünki sabah bu cəsədlər Ermənistana gedəndə əhali ayağa qalxıb deyəcək ki, bu qədər meyid olar? Nəzərə alın ki, cəsədlər minlərlədir. Söhbət bundan gedir.

Sualın ikinci hissəsinə gələk. Danışıqlar məsələsinə dair mövqe aydındır. Cənab Prezident öz çıxışlarında, xarici mediaya müsahibələrində açıq deyib ki, Ermənistan bu gün elan etsin ki, müharibəni dayandırır, qoşunlarını Azərbaycan ərazilərindən çıxarır. Bəli, bu halda biz danışıqlara hazırıq. Biz də istəmirik qan tökülsün, müharibə davam etsin. Azərbaycan sülhsevər ölkədir. Amma Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır, deməlidir ki, məğlubiyyətimi etiraf edirəm, Azərbaycanın işğal altında olan torpaqlarından qoşunlarımı çıxarıram. İstər-istəməz müharibənin sonunda danışıqlar olacaq. Ermənistan danışıqlara gələcək. Daha çox insan ölümünün qarşısını almaq üçün buna getməlidirlər.

- Gedəcəklər?

- Bu, mənə aid olan sual deyil. Amma ağılları başlarında olsa buna gedərlər. Əgər getməyəcəklərsə, biz axıra qədər gedəcəyik. Ərazilərimizi işğaldan tam azad edəcəyik. Buna heç kimin şübhəsi olmasın.

- Dağlıq Qarbağın statusuna dair fikriniz nədir?

- Mənim üçün ən əhəmiyyətli fikir cənab Prezidentin fikridir. Cənab Prezident qeyd etdi ki, bu, “Madrid prinsipləri”nin sonuncu mərhələsində nəzərdə tutulmuşdu. Amma bu, o vaxt idi ki, “Madrid prinsipləri” işləməliydi. Yəni mən sentyabrın 27-nə qədər olan vəziyyətdən bəhs edirəm. Amma Ermənistan bunu qəbul etmədi. Cənab Prezidentin dediyi kimi, onlara Aland adaları modeli, Cənubi Tirol nümunələri təklif edilmişdi. Amma onlar bunların heç birini qəbul etmədilər. İndi status-kvo dəyişib. Müharibə bitər, sonra buna baxarıq.

- Sizin təsəvvürünüzdə Azərbaycanla Ermənistan arasında sülh necə olmalıdır?

- Hələ sülh müqaviləsinə qədər mərhələlər var. Gərək bu məsələlər həll edilsin ki, biz sülhdən danışaq. Sülh danışıqlarında hansı məsələlərin müzakirə ediləcəyini indidən demək düzgün deyil. İndiki mərhələdə bizim tələb və şərtimiz budur ki, Ermənistan qoşunlarını Azərbaycanın işğal altındakı torpaqlarndan çıxarmalıdır. Bundan sonra danışıqlara başlamalıyıq. Danışıqların necə gedəcəyi artıq cənab Prezidentin səlahiyyətlərinə aid məsələdir.

- Sizcə, Rusiyanın bu prosesdə tutduğu mövqe nə dərəcədə ədalətlidir?

- Rusiyanın neytral mövqedə durmasını müsbət qiymətləndirirəm. Rusiya Minsk Qrupunun həmsədri kimi neytral mövqedə olmalıdır. Hər halda 30 il ərzində təkcə Rusiya deyil, elə ABŞ və Fransa da neytral olmalı idilər. Təəssüflər olsun ki, 30 il müddətində biz bunu görmədik. Amma indi döyüşlərin getdiyi bir vaxtda həmsədrlərin təmkinli mövqe tutmasını normal qiymətləndirirəm.

- Amma altdan-altdan Ermənistana təyyarələrlə silah daşınır...

- Sözsüz ki, belə hallara yol verilməməlidir. Həmsədrlər bir tərəfdən təmkinini qorumalı, digər tərəfdən Ermənistanı silahlandırmamalıdırlar. Bu, çox təəssüf doğuran məsələdir. Biz dəfələrlə bunu qeyd etmişik. Amma təəssüflər olsun ki, bu hallar baş verir.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

A.T.Hüseynova 2020-11-10 01:11:47

Uca TanrI Prezidentimizi,Dövlətimizi, Ordumuzu və bütövlükdə millətimizi qorusun!Amin!!!

A.T.Hüseynova 2020-11-10 01:11:46

Uca TanrI Prezidentimizi,Dövlətimizi, Ordumuzu və bütövlükdə millətimizi qorusun!Amin!!!

B.Qarabağlı 2020-11-09 12:43:39

Bu müsahibə aşağıdan yuxarı ciddidir. A Uçaqlarla silahlar daşınır? B Ermənistandan Azərbaycana de fakto milyon azərbaycanlı qovulub!? Yarım milyon erməni də oranı tərk edib? Yarım milyon azərbaycanlı ailəsini də DQMV hərbi terrorçuları Qarabağdan qovub? DQMV təmizlənəndən sonra Azərbaycanla Ermənistan avto status-kvosu yaranır! C Qonşunun başçıları Ermənistandan çox işğaldakı Qarabağla maraqlanan səfalət qaçılmazdır? D İşğalçımızın vəziyyəti və itgiləri bizi ilgiləndirməli deyil? Onların viranə qoyduqları ərazilərimizi necə müdafiə və bərpa edəcəyik???

Mehdi 2020-11-08 11:35:31

Bir azda özunden danis gorek ovladlarindan cebheye geden varmi,qohumlardan qardad oqlu bsci oqlu muharibede istirak edirlermi.Taa senin kimilerinin meslehetine ehtiyac yoxdu.möhtərəm cənab prezident meslehetde verir cebheye komandanliq da edir.

Son yazılar