Bu gün rəşadətli Azərbaycan Ordusunun azad etdiyi 23 kənddən biri də Azıx kəndidir. Kənd Quruçayın sol sahilindən bir qədər aralı, dağ ətəyində yerləşir. Adı ərazidəki ilk insan məskənlərindən biri olan Azıx mağarasının adından götürülüb. Tədqiqatçıların fikrincə, "azıx" qədim türk dillərindəki "ayı" sözündəndir və mağara "ayı mağarası"dır.
Azıx paleolit düşərgəsi isə Qarabağın ən mənzərəli və səfalı guşəsində, Tuğ çökəkliyində, Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 metr, çayın müasir yatağından 100-120 metr yüksəklikdə, Füzuli şəhərindən 16 kilometr aralıda yerləşir. 1960-cı ildən Məmmədəli Hüseynovun başçılığı ilə Paleolit arxeoloji ekspedisiyasının Azıx mağarasında apardığı qazıntılar 1985-ci ilədək iki mərhələdə davam etdirilib. Düşərgədə Orta əsrlər, Tunc və Eneolit dövrlərinə aid maddi mədəniyyət qalıqları tapılıb. 1968-ci ilin iyun ayında arxeoloji ekspedisiya Azıx düşərgəsində daş məmulatı və heyvan sümükləri ilə bərabər qədim insana məxsus alt çənə aşkar edib. Çənə sümüyünün 350-400 min il yaşı var. Çənə sümüyünün aid olduğu qədim insan “Azıxantrop” (Azıx adamı) adlanır.
"AzPolitika.info"


Şərhlər