Erməni işğalının Azərbaycana vurduğu ziyan necə hesablanacaq? – “Dörd mühüm istiqamət var...”

"Ermənilər indi də Laçın rayonunda evləri, inzibati tikililəri yandırır, meşələri məhv edirlər. Əslində, onlar öz evlərini deyil, 28 il öncə işğal nəticəsində mənimsədikləri və istifadə etdikləri bizim evlərimizi yandırırlar. O evlərdə 1993-cü ilədək azərbaycanlılar yaşayırdılar. İşğaldan sonra orada qeyri-leqal məskunlaşan ermənilər indi də Laçın rayonunu ciddi ziyan vurmaqla tərk edirlər.

Görünür, Ermənistan hakimiyyəti bu hərbi cinayətlərin dairəsini hələlik tam təsəvvür edə bilmir və ya etmək istəmir. Amma bütün əvvəlki oxşar hərbi cinayətlərin araşdırılması göstərir ki, söhbət böyük məbləğdə təzminat tələbi və ödənilməsindən gedir.

Artıq dünyanın aparıcı media qurumları da işğaldan azad olunmuş və Ermənistan tərəfindən varvarcasına dağıdılan şəhərlərimizi Xirosima ilə müqayisə edirlər. Bu, məhz hərbi cinayətin miqyasını göstərən müqayisələrdəndir".

"AzPolitika.info" xəbər verir ki, bunları iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov deyib.

Millət vəkili belə hərbi cinayətlərə görə təzminatın hesablanması qaydasını açıqlayıb: "Dünya Bankının metodologiyasına görə, 4 mühüm istiqamət üzrə ziyanın hesablanması həyata keçirilir: əmlak və infrastruktura dəyən ziyan, insanların həyatını itirməsi və məcburi köçkün həyatı yaşaması nəticəsində dəyən ziyan, iqtisadi nəticələrdən yaranan ziyan və insan inkişafına vurulan ziyan.

Yaxın Şərqdəki münaqişələr zamanı dəyən ziyan qiymətləndirilərkən bəlli olub ki, Ümumi Daxili Məhsula (ÜDM) kumulativ ziyan infrastruktura və əmlaka vurulan ziyandan dəfələrlə çoxdur. Eyni zamanda, həmin ərazilərdə iqtisadi aktivliyin dayanmasının ciddi ziyan olduğu hesablanır. Məsələn, Suriya münaqişəsi zamanı iqtisadi ziyan 226 milyard dollar hesablanıb və bu du həmin ölkənin müharibədən əvvəlki illik ÜDM-dən 4 dəfə çoxdur".

V.Bayramovun sözlərinə görə, bu baxımdan Ermənistanın işğal altındakı ərazilərimizə vurduğu ziyan, sadəcə onun yol verdiyi dağıntılar ilə məhdudlaşmayacaq: "Həmin ərazilərimizin böyük iqtisadi potensialını nəzərə aldıqda Ümumi Daxili Məhsula dəyən ziyanın da ayrıca hesablanması və təzminat məbləğinə daxil edilməsinə ehtiyac var. Artıq bununla bağlı Dünya Bankı, BMT kimi beynəlxalq institutların aydın metodologiyası var. Ziyanın qiymətləndirilməsi prosesinə beynəlxalq ekspertlərin də cəlb edilməsi daha dəqiq məbləğin hesablanmasına imkan yaradacaq.

Beləliklə, regionda proseslər yeni mərhələyə qədəm qoyur. İnanırıq ki, bu mərhələ həmçinin işğalçı Ermənistanın hərbi cinayətlərə görə cavab verməsi mərhələsi olacaq".

"AzPolitika.info"

635x100

Şərhlər

t.ədalət 2020-11-27 22:57:57

ermənistan heç bir təzminat ödəməyəcək.Çünki vurulan ziyanlar Rusiya ilə bağlıdır.İndinin özündə Qarabağda yerləşən rus quldurməramlıların gözləri önündə evlə dağıdılır,yandırılır.Bütün bunlar göstərir ki,dağıntıların çoxunu Rusiya ordusu törədib.Ona görə də heç bir təzminatdan söhbət gedə bilməz.Drijor Putindir.Onun dediyi icra olunur.

Son yazılar