“TÜRKİYƏ VƏ RUSİYA BİRLƏŞƏRƏK FRANSANI CƏNUBİ QAFQAZDAN QOVUB” - ““Müharibə bitdi, Türkiyə dayandı” məsələsi yoxdur”

Toğrul İsmayıl:“Türkiyə yenə xəbərdarlıq edir ki, razılaşmaya əməl etmək lazımdır, əks təqdirdə sözünü deyəcək və Azərbaycanın yanında yer alacaq”

“Əsas iş üçtərəfli anlaşma çərçivəsində rəsmi prosedurları diqqətlə izləməkdir. Hər şey qrafikə uyğun formada davam edir”

İşğal olunan ərazilərinin böyük bir hissəsini geri qaytaran Azərbaycan indi də diplomatik müstəvidə separatçıların olduğu və sülhməramlıların nəzarət etdiyi 2500 kvadrat kilometrlik ərazimizdə süverenliyi bərpa etmək üçün mübarizə aparır. Böyük ehtimalla diplomatik mərhələ müharibə fazasından daha uzunmüddətli proses olacaq. Görünən odur ki, bölgədə 30 ildir dondurulan münaqişənin həlli üçün bu gün atılan böyük addımlar prosesdə olmayan nəhəng ölkələrin narazılığına səbəb olur.

“AzPolitika.info” bu mövzu ilə bağlı Ankarada yaşayan politoloq, professor Toğrul İsmayılın fikirlərini öyrənib:

- Toğrul bəy, Sizcə, 10 noyabrda imzalanan məlum bəyannamənin icrası necə gedir, bu istiqamətdə hansısa narahatlığa əsas varmı?

- Diplomatik faza artıq üçtərəfli razılaşma əsasında başlayıb. Amma biz, Fransanın bu prosesə müdaxilə cəhdlərini də müşahidə edirik. Həmçinin, oyundan kənarda qalan digər böyük ölkələr də bölgədə öz sözünü deməyə çalışır və belə cəhdlər yenə də olacaq. Lakin əsas odur ki, razılaşmada nəzərdə tutulanlar qrafikə uyğun şəkildə davam etsin. Burada da əsəbləri gərildən hallar ortaya çıxır. Qeyd edim ki, informasya kirliliyi çoxdur - istər Rusiya, istərsə də erməni mənbələrində. Bəzən Azərbaycan qaynaqlı xəbərlərdə də belə hallarla rastlaşmaq mümkündür. Əlbəttə, müxtəlif versiyalar ortaya atılır. Mənə görə, əsas iş üçtərəfli anlaşma çərçivəsində rəsmi prosedurları diqqətlə izləməkdir. Hər şey qrafikə uyğun formada davam edir. Sözsüz ki, yerlərdə problemlər var. Bölgələr işğaldan azad olunduqdan sonra minalardan təmizlənməli, infrastruktur yaradılmalı və digər addımlar atılmalıdır. Bütün hallarda indi diplomatik müstəvidə mübarizə davam edir və informasiya çirkliliyi də əslində, bu mübarizənin bir elementidir.

- Sizcə, bu mərhələdə rusların atdığı addımlar imzalanan bəyannaməyə uyğundurmu?

- Hələlik uyğundur. Uyğun olmayan addımlar müşahidə edilsəydi, sözsüz ki, Azərbaycan tərəfi buna ciddi etiraz edərdi. Mən Azərbaycan dövlət rəhbərliyinin ciddi etirazlarını görmədiyim üçün deyə bilərəm ki, bütün addımlar əvvəlcədən razılaşdırılan formada atılır. Burada iki faktoru bir-birinə qarışdırmamaq vacibdir. Bir var razılaşma - bunu dövlət başçıları reallaşdırıb və onların bildiyi dəqiq informasiya bizdə yoxdur. Bizimsə bu informasiyaya əsasən danışmağımız lazımdır. Bir də var vətəndaşın könlündən keçən istəklər. Könlümüzdən keçən odur ki, Qarabağda hər yer qanuni şəkildə Azərbaycanın nəzarətinə keçsin, digər problemlər həll edilsin və sair. Amma unutmayaq ki, proses hələ davam edir və bu, qısa müddətli bir akt deyil. Əsas olan odur ki, işğal edilən ərazilər təmizləndi, Şuşa Azərbaycanın nəzarətinə qaytarıldı. Üstəlik, ərazilərin bir hissəsi də silah işlədilmədən Azərbaycana təhvil verildi. Bunun özü də böyük uğurdur. Məncə, prosesi səbr və diqqətlə izləmək lazımdır. Bu, Azərbaycanda ilk təcrübə olduğu üçün cəmiyyət çox həyəcanlıdır. Mütəxəssis kimi deyə bilərəm ki, bu cür münaqişələrin həllində nəticə üçün bir neçə ilə ehtiyac olur. Bu mənada hələ zamana ehtiyacımız var.

- Bu prosesdə Rusiyanın uduşu nə oldu? Diqqətlə baxdıqda məlum olur ki, əslində, Ermənistan cəmiyyəti heç də Moskvanın addımlarından razı deyil...

- Rusiya bölgədə yerləşdi. Onlar bölgədən ayrılandan sonra ən böyük məqsədləri yenidən buraya yerləşmək idi. Yəni regiona hərbi güc şəklində gəlmək istəyirdilər. İkincisi, Rusiya Qərb ölkələrinə göstərdi ki, bu bölgədə sözü keçən dövlət odur, burada onun dedikləri olur. Yəni siyasi nüfuzunu artırdı. Üçüncüsü, Rusiya bu addımı ilə həm də Ermənistan üzərində siyasi təsirini və nəzarətini bir qədər də gücləndirdi.

- Hazırda Amerikada hakimiyyətin təhvil-təslim prosesi gedir. Sizcə, iqtidara gələn yeni qüvvələrin Cənubi Qafqaz siyasəti necə qurulacaq, özünü hansı formada göstərəcək?

- Bu, əslində düşündürücüdür. Mənim şəxsi qənaətim belədir ki, ABŞ-ın Cənubi Qafqaz siyasəti hər zaman zəif olub. Bundan sonra necə olacağını demək üçün bir qədər zamana ehtiyac var. Amma bir məsələ dəqiqdir ki, Co Baydenin dövlət katibi postuna gətirmək istədiyi Antoni Blinken anti-Rusiya mövqeyi ilə tanınan mütəxəssisdir. Başqa sözlə, ABŞ-ın bütün çevrələrdə anti-Rusiya siyasətini gücləndirəcəyi və artıracağını demək mümkündür. Amma bunun hansı yolla ediləcəyi hələlik bəlli deyil. Ən azı Rusiyaya təzyiq siyasətinin mexanizmləri bilinmir. Bu saat ABŞ üçün birinci dərəcəli məsələ Cənubi Qafqaz deyil. Vaşinqton üçün əsasən Çin, Yaxın Şərq, İsrail, Qara dəniz məsələləri prioritet olacaq. Bundan sonra Qarabağ məsələsi gəlir. Odur ki, inqilabi dəyişiklik gözləmirəm. Lakin Co Baydenin iqtidarı dövründə ABŞ-Rusiya münasibətlərində gərginliyin artması ehtimalı yüksəkdir.

- Sizə elə gəlmirmi ki, Fransa Senatının Qarabağla bağlı məlum qətnaməsi əslində ABŞ üçün məşq xarakteri daşıyır?

- Əvvəla, fransızları anlamaq üçün fransız olmaq lazımdır. Məşhur deyim var: fransızlar bir çox məsələlərə fransız qalır. Bu, nə deməkdir? Yəni xəbərləri olmur. İş bitdikdən sonra ayılıblar və “biz də varıq” demək üçün Senat belə qərar qəbul edib. Görün nə dərəcədə nifrət var ki, Senatda 306 senatordan yalnız biri bu qərarın əleyhinə çıxır. Bəzən deyirlər ki, Senatın qətnaməsi erməni lobbisinin təzyiqi altında qəbul olunub. Xeyr, mən belə düşünmürəm. Əvvəlki illərdən də aydın görünürdü ki, Fransa bölgədə öz siyasətini Ermənistan üzərindən aparmağa çalışır. Bu qərar da onun göstəricisidir. Bu qətnamə bir tərəfdən “bizdə varıq” mənasını verirsə, digər tərəfdən də Nikol Paşinyana dəstək məqsədi güdür. Habelə bu, Türkiyəyə təzyiqdir. Əslində bu, Fransanın Türkiyəyə uduzduğu yeganə münaqişə nöqtəsi deyil. Daha dəqiqini desək, iki böyük dövlət -Türkiyə və Rusiya Fransanı rəsmən Cənubi Qafqazdan qovublar. 10 noyabr anlaşması həm də bu deməkdir. Baxmayaraq ki, Fransa həmçinin ATƏT-in Minsk Qrupunun həmsədridir. Artıq fransızlar, eləcədə digər heç bir ölkə bu prosesdə yoxdur. Bu mənada Fransanın çığır-bağırtısı arxadan atılan daşa bənzəyir. Senatın qərarının da heç bir hüquqi əsası yoxdur. Sadəcə, öz içindəki nifrət və kini bu şəkildə tökür. Əlbəttə, bu gediş həm də bir siyasi oyundur.

- Bir neçə gün bundan əvvəl Nikol Paşinyan elan etdi ki, yaxın günlərdə Minsk Qrupunun öz fəaliyyətini bərpa edəcəyinə ümid edir. Azərbaycanda isə belə mövqe hakimdir ki, Minsk Qrupu artıq yoxdur, onun görməli olduğu işi biz özümüz görmüşük. Sizcə, Minsk Qrupu indidən sonra hadisələrin mərkəzində olacaq, ya yox?

- Minsk Qrupunun fəaliyyəti üçün ortada iş qalmayıb. Alınan qərarlar çərçivəsində yeddi rayonun qaytarılması təklifləri vardı. Bunlar yerinə yetirildi. Əlbəttə, Minsk Qrupu fəaliyyətini davam etdirə bilər, amma bunun üçün onun formatının dəyişdirilməsi lazımdır. Fransanın bu qrup çərçivəsində fəaliyyəti yolverilməzdir. Fransanın orada olması Azərbaycanın uduzması anlamına gəlir. Fransa kimi anti-Azərbaycan siyasəti aparan bir ölkənin artıq həmsdər kimi qalması etik deyil. Normalda istefa verərək Minsk Qrupundan ayrılması lazımdır. Əlbəttə, könül istərdi ki, onun yerinə Türkiyə gəlsin. Çünki bu qrupda Azərbaycanın sözünü deyən ölkə də olmalıdır. Həm də siyasi gedişat göstərdi ki, Türkiyəsiz bölgədə bu problemin həlli yoxdur. Göründüyü kimi, sonunda Azərbaycan, Türkiyə və Rusiya arasında anlaşma əldə edildi və proses irəlilədi. Həm də Minsk Qrupunun tərəflərə təsiredici funksiyası yoxdur, yalnız vasitəçi funksiyası var. Arzulayırlarsa, istədikləri qədər davam etsinlər.

- 44 günlük müharibədə Türkiyənin fəaliyyəti qabarıq formada özünü göstərsə də, sanki son günlər qardaş ölkə proseslərdə aktiv görünmür. Əvəzində Rusiya daha çox önə çıxır. Sizcə, bu görüntünün səbəbi nədir?

- Mən bu görüntünü normal qiymətləndirirəm. Çünki Rusiya bölgədə sülhməramlı adı ilə mövcuddur. Bu da anlaşmadan irəli gəlir. Türkiyənin bölgəyə gəlməsi də Azərbaycan dövlətinin istəyi əsasındadır və gələcək. “Müharibə bitdi, Türkiyə dayandı” məsələsi yoxdur. Müharibə dövründə Türkiyə bütün ritorikası ilə Azərbaycanın yanında yer aldı və Bakını dəstəklədi. Yəni açıq mesaj verilirdi ki, bəzi qüvvələr bundan xəbərdar olsun. Amma indiki mərhələdə mən Türkiyənin fəaliyyətinin azaldığını zənn etmirəm. Ən yüksək səviyyədə açıqlamalar davam edir. Sadəcə, ritorika dəyişdi. Türk əsgərinin Azərbaycana gəlməsi üçün parlament qərar verdi, Rusiya ilə müzakirələr davam edir. Burada artıq proses diplomatiya müstəvisinə keçib. Fransaya da ilk etirazı Türkiyə etdi. Eyni zamanda, Türkiyə yenə də xəbərdarlıq edir, açıq bildirilir ki, əldə olunan razılaşmaya əməl etmək lazımdır, əks təqdirdə Türkiyə öz sözünü deyəcək və Azərbaycanın yanında yer alacaq. Sadəcə, proses müharibə fazasından diplomatik fazaya keçdiyi üçün bir qədər az həyacana səbəb olan açıqlamalar var. Ola bilsin ki, indiki müşahidələrə səbəb də budur. Amma Türkiyə aktivliyini bütün platformalarda ifadə edir.

- Amma fakt budur ki, Türkiyə hələ Qarabağa əsgər göndərməyib....

- Çox güman ki, bu proses Azərbaycanın istəyi əsasında baş verəcək. Ordu hazır vəziyyətdədir və hər an bu baş verə bilər. Bilirsinizmi, bəzi mexanizmlər var ki, bizlər vətəndaş olaraq onu görə bilmirik. Amma bu mexanizmlərin beynəlxalq, diplomatik tərəfləri var. Yəni bu iş heç kəsi qıcıqlandırmadan, sakit və ciddi şəkildə həll olunacaq.

Azərbaycanda türk hərbi gücünün varlığına gəldikdə, mənə görə bu, formal məsələdir. Çünki tərəflər arasında verilən qərarlar var və buna başqaları qarışa bilməz. İki müstəqil dövlət öz qərarları doğrultusunda bunu həyata keçirəcək. Rusiya da bunu qəbul edir. İndi mübahisə ordunun Dağlıq Qarabağın hansı bölgəsində olacağı ilə bağlıdır. Rusiya tərəfi də deyir ki, birgə müşahidə mərkəzi Azərbaycanın müəyyən etdiyi yerdə olacaq. Mən düşünürəm ki, görüş və müzakirələr tamamlandıqdan sonra bu prosedur aktiv fazaya keçəcək. Yoxsa, onsuz da Azərbaycan istədiyi zaman Türkiyə ilə birgə hərbi təlimlər keçirə bilir. İndi belə addımlara da ehtiyac yoxdur, çünki proses diplomatik müstəviyə keçdiyindən daha diqqətli və həssas olmaq lazım gəlir. Mübarizə davam edir.

- Müharibə bitdi, danışıqlar gedir, işğal olunan ərazilər Azərbaycana qaytarıldı, birgəyaşayış barədə danışılır. Sizcə, bununla da problem həllini tapırmı?

- Yox, problem birdəfəlik həll edilmir. Yuxarıda dediyim kimi, buna bir qədər zaman lazımdır. Problem nə zaman olmayacaq? Azərbaycan və Ermənistan arasında sülh anlaşması imzalananda. İkincisi, Azərbaycan ərazisindən xarici dövlətlərin sülhməramlılarının çıxması məsələsidir. Üçüncüsü, birgəyaşayışın təmin edilməsidir. Bu, azərbaycanlılar üçün asan məsələdir, çünki ermənilər bizim ərazidə yaşayırlar. Qarabağda ermənilərin aqressivliyi nə dərəcədə azalacaq, nə dərəcədə Azərbaycan vətəndaşı kimi yaşamağa meyl göstərəcəklər kimi suallar var. Onlar maraqlıdırlar ki, rus əsgərləri getməsin, proses uzansın. Yalnız bu məsələlər tam həll edildikdən sonra deyə bilərik ki, bölgədə sabitlik hökm sürür. İndi isə bunu demək hələ tezdir.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Elizamin 2020-12-01 12:59:17

Qarabaq.azerbaycanlndlr..olacaqda.qalacqda.butun.azerbaycan.esgerlerle.fexir.edrem..biz.istemirik.olanlarla.yasamaq.istemirik.men.zengilanlyam.qarqbq.azercaycanlndlr

Veteran 2020-12-01 12:02:52

Toğrul müəllim,Sizin kimi vətənpərvər, dahi insanlara bizim böyük ehtiyacımız.Sizə çox-cox minnətdarlığımı bildirirəm.

Amon 2020-11-30 21:59:00

Türkiyə qoşunlarını burda coşquyla qarşılamaq lazımdı ki hər kəs yerini bilsin xüsusende rusiya

Xalq 2020-11-30 17:53:49

Türkiyə prosesə mütləq qoşulmalıdır, yoxsa rusiya Azərbaycandan çıxmayacaq. Buna heç bir şübhəniz olmasın.

Son yazılar