Menu

“Biz gəncləşmədən danışırıq, Ramiz Mehdiyev isə acığa düşüb...” - Deputat Etibar Əliyev

12.12.2020, 16:47
“Biz gəncləşmədən danışırıq, Ramiz Mehdiyev isə acığa düşüb...” - Deputat Etibar Əliyev

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) kadr dəyişiklikləri baş verib.

"AzPolitika.info" xəbər verir ki, qurumun İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev öz xahişi ilə vəzifəsindən azad olunub. Amma qurumun rəhbəri Ramiz Mehdiyev onu AMEA-nın müşaviri təyin edib.

Akademik-katib, müxbir üzv Əminağa Sadıqov onun yerinə -İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsini icra edən təyin olunub.

Həmçinin akademik Adil Qəribov AMEA-nın akademik-katibi vəzifəsinə təsdiq edilib. Bundan əlavə, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsindən azad edilib, onun yerinə akademik Qərib Məmmədov təyin olunub. Xatırladaq ki, Qərib Məmmədov uzun müddət Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri vəzifəsində çalışıb.

Akademik Şahin Mustafayev yenidən akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Səbinə Səlimova həmin müəssisənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli isə Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini kimi təsdiqlənib.

İqtisad üzrə fəlsəfə doktoru Rəsmiyyə Abdullayeva öz xahişi ilə İqtisadiyyat İnstitutunun elmi katibi vəzifəsindən azad edilib, onun yerinə iqtisad üzrə fəlsəfə doktoru Leyli Allahverdiyeva təsdiqlənib. Həmçinin filologiya üzrə fəlsəfə doktoru Qətibə Quliyeva öz xahişi ilə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertanturasından xaric edilib.

AMEA prezidenti Ramiz Mehdiyev akademiyanın Rəyasət Heyətinin iclasında deyib ki, Azərbaycan Milli Elmlər Akademiyasında ciddi struktur islahatlarının aparılmasına ehtiyac var.

O, akademiyanın elmi müəssisə və təşkilatlarının idarəçilik sistemində çatışmazlıqların olduğunu, bəzi hallarda subardinasiya qaydalarının gözlənilmədiyini bildirib.

R.Mehdiyev akademiyada yeni yaradılan yoxlama komissiyasının müəssisələrdəki mövcud çatışmazlıqları aşkarlamaq baxımından önəmli olduğunu deyib, akademiyanın gələcək fəaliyyətinin müəyyənləşdirilməsinə öz töhfəsini verəcəyini söyləyib.

Milli Məclisin Təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev AMEA-dakı dyişiklikləri tənqid edib. İdarəetmə Sistemləri İnstitutunun direktoru akademik Telman Əliyevin vəzifəsindən azad olunaraq AMEA-nın müşaviri təyin edilməsinə diqqət çəkən millət vəkili, "AMEA-nın müşaviri nə deməkdir?" -deyə sual edib. "Hörmətli akademiklər! Şəxsin müşaviri olar, təşkilatın yox! Xatırladıram ki, Telman Əliyev Ramiz Mehdiyevdən 3 yaş böyükdür. Yəni 85 yaşı var. Müşavir institutundansa niyə "Ağsaqqallar Şurası" yaratmırlar?" - E.Əliyev qeyd edib.

Deputat AMEA Rəyasət Heyətinin digər qərarını da qəribə adlandırıb: "Qərarla akademik-katib, müxbir üzv Əminağa Sadıqov İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilib. Əminağa müəllim koronavirusun tüğyan etdiyi vaxtda bu iki vəzifəni necə icra edəcək? Bu sualı akademikə verən olacaqmı?"

Millət vəkili Qərib Məmmədovla bağlı qərarı da tənqid edib: "Qərib müəllim əvvəlki iş yerinə qaytarılıb. Onu Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsinə təyin ediblər. Qərib Məmmədov 1994-cü ildən 2000-ci ilə kimi bu institutun direktoru işləyib. Hörmətli Qərib müəllimin isə 75 yaşı var. Biz AMEA-da gəncləşmədən danışırıq, o isə (Ramiz Mehdiyev - red) acığa düşüb..."

"AzPolitika.info"

Şərhlər

İ.Mustafaoğlu 2020-12-12 19:30:42

Cavanlarımız işsizlikdən əziyyət kəçir, ancaq 75, 85 yaşlı insanlar yüksək məbləğdə pensiya almasına baxmayaraq vəzifəyə təyin olunurlar ..Çox maraqlıdır , görünür nəzarət sistemi yoxdur, yaş həddi kasıblara aitdir deyəsən... Ramiz Mehdiyevin nəsli-nəcabətinin hamısı vəzifədədirlər...R.Mehdiyev istirahətə göndərilməlidir vaxtında..

OXUCU 2020-12-12 18:56:42

Məlum məsələdir ki Ramiz Mehdiyev ətrafına cavanları yox,qocaları yığacaq.birincisi bu adam cavan kadrları heç zaman istəmir.

t.ədalət 2020-12-12 17:52:44

Ramiz Mehdiyevin mövcudluğu Azərbaycanın inkişafını ləngidir və bizi rus-erməni təsiri altına salır.

Fərq 2020-12-12 17:44:53

Məqsədli qocalaşdırma=süni cavanlaşdırmaya. Fərq etmir, təyinatlarda əsas meyar peşəkarlıq və əxlaqi-mənəvi dəyərlər olmalıdır. Yaşın çox və ya az oması ikincidərəcəlidir.

Roma 2020-12-12 17:13:50

Maşallah hamısının yaşı 75-dən yuxarıdır...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol