Menu

“Hər bir əsgər, hər bir zabit qəhrəmandır” – Müharibədə zabit kimi döyüşən jurnalist (FOTO)

13.12.2020, 15:08
“Hər bir əsgər, hər bir zabit qəhrəmandır” – Müharibədə zabit kimi döyüşən jurnalist (FOTO)

“Müharibə haqda günlərlə danışmaq olar. Amma nə qədər danışsan da, yazsan da, kitablar yazıb filmlər çəksən də, onu heç 50 faiz də ifadə edə bilməyəcəksən! Müharibə dəhşətli bir şeydir. Onu müharibədə olmamış insanlara az-çox çatdıra bilmək üçün "dəhşətli"dən daha yaxşı ifadə tapa bilmədim”.

“AzPolitika.info” xəbər verir ki, bu sözləri tanımış jurnalist, Vətən Müharibəsində zabit kimi iştirak edən Məğrur Əli Polad yazıb. O qeyd edir ki, müharibə ayrı bir aləm, sanki paralel bir dünyadır: “Burda insanlar daşlaşır, ölümlər və qulaqbatıran partlayış səsləri adiləşir, silahlar oyuncağa çevrilir, adi məntiq, emosiyalar mənasızlaşıb yoxa çıxır, sərtlik, qabalıq, qəddarlıq aparıcı həyat prinsipi olur. Müharibə bəzən gözlənilən qəhrəmanları qorxağa, ağlagəlməz cılızları isə qəhrəmana çevirir! Müharibə hər kəsi soyundurur, olduğu kimi göstərir!”

Zabitimizin sözlərinə görə, müharibənin ən ağır tərəfi gündəlik həyat prosesinin detallarında alternativin olmamasıdır: "Yemək, su yoxdur - dözəcəksən, varsa budur, yeyəcəksən; torpaq üstə, yağıs-qar altında soyuqdan büzüşüb yatmaq - yatacaqsan; nəfəsin daralır, kürəyindən su axır - dəxli yoxdu, addımlayacaqsan, qaçacaqsan; həftələrlə çimə bilməyəcəksən, ayaqyolu komfortun olmayacaq, bəzən çörək tapmayacaqsan, siqaretsiz qalacaqsan - qalacaqsan; döyüşəcəksən, əmrləri yerinə yetirib ölümə getdiyini anlayacaqsan - gedəcəksən! Amma nə yaxşı ki, bütün bunlara dözməyin, hər şeyi etməyin lazım olduğuna (bunun da alternativi yox idi - lazımdır, vəssalam!) bizi inandıran məqsədimiz müqəddəs və ali idi: torpaqlarımızı azad etmək!”

Məğrur əli Polad yazır ki, 44 günlük müharibənin hər saniyəsində ölmək və ya yaralanmaq, ömürlük şikəst olmaq risqi var idi. “Hətta bunu nəzərə almasaq belə, müharibənin saysız-hesabsız çətinliklərini, əziyyətlərini yaşamış hər bir əsgər, hər bir zabit qəhrəmandır, böyük alqışa, ən xoş sözlərə, münasibətə, hörmətə, hər cür dəstəyə layiqdir! Buna əmin olun!” - deyə jurnalist vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Xalq 2020-12-13 20:17:56

Allah Sizdən razı olsun Azərbaycanın igid balaları!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol