“SAQİ DOLANA-DOLANA”... – Bir toponimin dəyişdirilməsinə münasibət

Rəşid Fətəliyev, 

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, dosent

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Şanlı Milli Ordumuz cəmi 44 gün ərzində düşməni darmadağın edərək doğma Qarabağı azad etdi və hörmətli Prezidentimiz İlham Əliyev elə müharibə gedə-gedə azad olunmuş bir neçə yaşayış məskəninin (Suqovuşan, Çinarlı, Hünərli və s.) erməniləşdirilmiş adını da dəyişdirib özümüzə qaytardı.

Sevinc-sevincə qarışdı və xalq öz qəhrəmanlarına sonsuz minnətdarlığını bildirməkdə davam edir. AMEA-nın Coğrafiya İnstitutunun tədqiqatlarına görə, son 25 ildə işğal altında olmuş Qarabağ ərazisində ermənilər təxminən 280 Azərbaycan-türk mənşəli toponimin adını dəyişərək, erməniləşdirmişlər. Demək, bizi bu sahədə hələ xeyli işlər gözləyir.

Bu günlərdə də daha bir kəndin adı dəyişdirildi, amma Qarabağda deyil, Şirvanda – Şamaxı rayonunda. Azərbaycan Respublikası Milli Məclisinin 15 dekabr 2020-ci ildə keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı və qəbul edildi və bununla da yay aylarından KİV səhifələrində kəndin adının dəyişdiriləcəyi haqqında dolaşan söz-söhbətlərə son qoyuldu. Mövzuya münasibət bildirən tarixçi (Fariz Xəlilli), dilçi (Şahlar Məmmədov) alimlərin, ilahiyyatçıların (Rəsul Mirhəsənli və s.), eləcə də plenar iclasda aparılan müzakirələrdə millət vəkili Tahir Kərimlinin ciddi etirazlarına baxmayaraq, Milli Məclis kəndin adının dəyişdirilməsini məğbul hesab etdi.

Kəndin adının dəyişdirilməsinin doğru olmadığını bildirənlər onu qədim türkdilli sak tayfaları ilə və ya qədim türk dillərində “saqa” (çayın mənsəbi, su olan yer) və “yan” (kənar, sahil), yəni “suyun sahili, kənarı” mənasını verən “saqa+yan” sözləri ilə izah edirlər. Bu coğrafi ad “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”ndə və N.Bəndəliyevin “Dağlıq Şirvanın toponimləri” əsərində də belə mənalandırılmışdır. Bununla belə, kəndin adı daha çox “su, şərbət və ya sərab paylayan” mənasında olan ərəbmənşəli “saqi” sözü və cəmlik bildirən farsmənşəli “an” sözü ilə izah edilir. Azərbaycan dilinin ahəng qanununa uyğun olaraq, “an” şəkilçisindən əvvəl səsli hərf gələrsə, “an” “yan” kimi oxunur, bu səbəbdən saqi+an, olubdu “saqiyan”, yəni “saqilər”. Fariz Xəlilli “saqiyan” sözünün heç bir halda ermənilərlə əlaqəli olmadığını, onun qədim zamanlarda Şirvanda geniş yayılmış sufizm təriqəti ilə bağlı olduğu fikrini önə çəkir və ermənilərin bu yerlərə daha sonralar, Şah Abbas Səfəvi dönəmində gəldiyini bildirir.

Amma bu deyilənlərdən fərqli olaraq, Milli Məclisin və onun Toponimiya Komissiyasının öz arqumentləri əsas götürülmüş və kəndin adının Günəşliyə dəyişdirilməsi qərara alınmışdır. Bəs, nədən ibarət imiş o arqumentlər?

Araşdırmağa çalışaq.

Qanun layihəsini müzakirəyə təqdim edən parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məsələyə Azərbaycan Respublikasının 2000-ci ildə qəbul olunmuş “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanununun 9-cu maddəsinə uyğun izahat verib. O, bildirib ki, Şamaxı rayonu sərhəd təmas xəttindən kənarda yerləşməsinə baxmayaraq, inzibati ərazisindəki Saqiyan kəndinin adı Azərbaycan etnosu, milli-irsi dəyərləri, xalqımızın tarixi, coğrafiyası, yerli əhalinin məişəti ilə heç bir bağlılıq daşımır. Qanunun həmin maddəsində isə belə deyilir: “Ərazi vahidlərinə ad verilməsi və onların adlarının dəyişdirilməsi ümumdövlət mənafeyi, habelə coğrafi, tarixi, etnoqrafik, milli və məişət şəraiti və digər yerli şərait, yerli əhalinin rəyi nəzərə alınmaqla həyata keçirilir.” Təəssüf ki, hörmətli Siyavuş müəllim ümumi yanaşma sərgiləyərək sözügedən toponimə münasibətdə maddənin tələblərini açıqlamadı və qarşı tərəfi inandırmaq üçün toponimin xalqımızın tarixi, coğrafiyası və s. ilə bağlılığının olmadığına dair konkret faktlar, əsaslandırılmış dəlillər ortaya qoymadı. Bəlkə də bizlərə məlum olmayan səbəblərdən açıqlanması məğbul hesab edilmədi.

Mən erməni dilində “saqi” sözünün mövcudluğu və nə anlam daşıdığı haqda bir şey deyə bilmərəm, amma bu sözün dilimizdə vətəndaşlıq qazanmış, türkləşmiş bir söz olduğunu, üzü Nəsimidən, Füzulidən bəri bir çox şairlərimiz, yazıçılarımızın əsərlərində, folklor nümunələrində (məsələn, Koroğlu dastanında, aşıq şeirlərində və s.) görmək mümkündür. Elə götürək, Aşıq Qurbaninin “Saqi dolana-dolana” məşhur gəraylısını – bu gün də aşıqlarımızın dilindən düşmür.

Azərbaycan toponimlərinin araşdırılması ilə az-çox məşğul olan bir şəxs kimi onu deyə bilərəm ki, əgər “saqi” sözünün erməniliklə hər hansı bir əlaqəsi yoxdursa, tək “yan” şəkilçisinə görə onu erməniləşdirilmiş toponim kimi qələmə verib, passiv toponomik fonda keçirmək, yəni tarixin arxivinə göndərmək doğru sayılmaz. İndi ermənilər hardasa, nəsə deyəcəklər deyə, biz öz tarixi toponimlərimizdən imtina etməliyik? Bəs, Salyan, Türyan (çay), üç rayonda (Qubadlı, Tərtər, Ucar) Qazyan, Laçında Səfyan, Şərurda Püsyan, Kürdəmirdə Şilyan, İsmayıllıda Cülyan kəndləri necə olsun? Bəlkə, onları da dəyişək? (Əslində, Qazilər, Səfilər daha doğru olardı)

Ermənilərin məkrli xisləti artıq dünyaya bəllidir. Bu məntiqlə onlar yaxın vaxtlarda, hətta Çində belə, adları “yan” sonluğu ilə bitən bir çox şəhərləri də (Şenyan, Dalyan, Qulyan, Vansyan və s.) özününküləşdirmək haqqında iddia qaldırsalar, təəccüblənmərik. Bunları nəzərə alaraq, güman edirəm ki, kəndin adını “Saqi” kökünü saxlamaqla “Saqilər”, “Saqiyer” və ya “Saqiyurd” kimi dəyişdirmək daha məntiqli olardı. Yox, əgər “saqi” sözünün işlənməsi hansı səbəbdənsə mümkün deyilsə, kəndi “Sakityer” də adlandırmaq olardı, çünki coğrafi-geomorfoloji cəhətdən ərazi Ləngəbiz silsiləsinin üst, yastı hissəsində - platosunda, sakit bir düzənlikdə yerləşir. Yaxınlıqda “Sakit” adlı kiçik bir göl də mövcuddur, üstəlik, bu ad əvvəlki ilə müəyən oxşarlığa malikdir.

Yuxarıda adı çəkilən qanunda deyildiyi kimi, yaşayış məskəninə ad verərkən ərazinin coğrafi şərati, yəni relyefi, landşaft və iqlim xüsusiyyətləri də nəzərə alınmalıdır. Kəndin ərazisi Ağsu dolaylarına yaxındır və kəskin relyef fərqinə görə buralar ilin çox vaxtlarında çənli-dumanlı olur. Bu səbəbdən ona “Çənli” və ya “Çənliyer”, “Çənlidüz” və s. bu kimi fərqli adın qoyulması bəlkə daha doğru seçim olardı. “Günəşli” isə çox ümumi bir addır, onsuz da Azərbaycan ərazisinin mütləq əksər hissəsi günəşlidir və bu adda ölkəmizin müxtəlif rayonlarında artıq 10-dan çox oykonim (yaşayış məskəni) mövcuddur. Sovet dönəmlərində kəndlərə, kolxoz və sovxozlara “Lenin”, “1 may” adları verildiyi kimi, biz də hər kəndə “Günəşli” adı versək, toponimiya xalçamız çox yeknəsəq görünər.

Toponimlər milli-mənəvi sərvətdir, ünvandır, gələcəyə ötürülən informasiya kodlarıdır. Onlar tariximizin bir parçasıdır və ciddi ehtiyac olmadıqda onları tələm-tələsik dəyişdirməklə tariximizə, keçmişimizə sağalmaz yaralar vurmuş olarıq, bu isə yolverilməzdir, qəbuledilməzdir. Bu məsələdə, uzun illər akademik Həsən Əliyev adına Coğrafiya İnstitutuna rəhbərlik etmiş, toponimika üzrə çoxlu sayda dəyərli əsərlərin müəllifi, mərhum akademik Budaq Budaqov daha sərt mövqe tuturdu və deyirdi: “Coğrafi adlar babaların bizə və bizdən sonrakı nəsillərə bağışladığı ən qiymətli söyündükdür-hədiyyədir”.

Mövzu ülə əlaqədar bir məsələyə də diqqət çəkmək yerinə düşərdi. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında”, eləcə də “Coğrafi obyektlərin adları haqqında” Azərbaycan Respublikasının qanunlarında yaşayış məskəninin və coğrafi obyektin adının dəyişdirilməsində və yeni ad verilməsində “yerli əhalinin rəyi nəzərə alınmaqla” və ya “... nəzərə alınmalıdır” ifadəsi yer almışdır. Təbii ki, bu prosesdə həmin ərazidə yaşayan əhali ilə məsləhətləşmələr aparıla və onların fikirləri öyrənilə bilər. Amma fikrimcə, sui-istifadə hallarının qarşısını almaq üçün onların rəyi “nəzərə alınmalıdır” və ya “nəzərə alınmaqla” ifadələri əvəzinə, “nəzərə alına bilər” və ya “nəzərə alınması mümkündür” kimi yazmaq daha məqsədəuyğun olardı. Bu məsələdə əsas söz sahibləri müttəxəsislər – toponimistlər, dilçilər, tarixçilər, coğrafiyaçılar, etnoqraflar olmalıdır. Çünki əhali yaşadığı kəndin adının mənasını, tarıxini bilməyə bilər və bu gün “mənə xoş gəlmir, dilimə yatmır, utanc gətirir” və s. məntiqi ilə onun dəyişdirilməsinə təşəbbüs göstərə bilər, amma unutmaq olmaz ki, kəndə həmin ad onlar deyil, on və yüz illər öncə onların ulu babaları tərəfindən verilib və bu səbəbdən hər bir toponim, təkcə həmin kəndin əhalisinin yox, bütün Azərbaycan xalqının milli, mənəvi sərvətidir. Ona görə onları qorumaq və gələcək nəsillərə ötürmək hamımızın borcudur.

635x100

Şərhlər

Məmmədli Çingiz 2020-12-22 10:28:38

Rəşid müəllimin fikirləri ilə tam razıyam, əgər kəndin adının sonundakı yan sözü xoşumuza gəlmirsə, (bu yerdə bir olay yadıma düşdü: tələbə yoldaşımız rəhmətlik Malik deyirdiki, çalışdığımız ekspedisiyanın rəsi Oqtaya görə bütün Oqtaylardan zəhləm gedir) biz əsaslandırılmış şəkildə onun izahını verməliyik və qərara gəliriksə ki, mütləq dəyişdirilməlidir, onda ümuni ad (Günəşli, Çinarlı, Baharlı və s.) yox, müəyyən məna kəsb edən ad verilsin, məsələn mən istərdim ki, Milli Qəhrəmanlarımızdan birinin adı verilsin.

t.ədalət 2020-12-22 01:08:21

Çox savadlı və ağıllı izah verilir.Parlament qanunverici orqandır,onun məsələlərə elmi yanaşması mütəxəssislərə həvalə olunmalıdır.Lətifəsi deputatlardan uzaq,"Kəlilə vı dimnədə"deyildiyi kimi,"dülgərlik meymun işi deyildir".

Xalq 2020-12-21 12:13:14

Rəşid müəllimin fikirləri ilə razıyıq. Ad dəyişməsi ancaq alimlərlə məsləhətləşmədən sonra ola bilər.

Shahin 2020-12-21 10:24:23

Azerbaycan tarixinde Siyavush Novruzov kimi savadsiz ve Isa Hebibbeyli kimi savadsiz adam tapmaq olmaz. Bu ad deyishdirmeyi niye ernenilerin qorxusundan deyishdirirsiniz, ermeni iki min il bundan qabaq olan adlari yalanci erazilerine veren kimi bu ne ad deyishdirmedir. Onda Naxcivan adinida deyishdirin onda da ermeni iyi gelir. Ermenilere gosterish vermek lazimdir ki, bizim erazilere verdikleri butun adlari leksikonlarindan cixarsin birde bele qelet elemesinler yoxsa bashlari yene ezile biler.rde bele qelet elemesinler. Deputatlarda oz ishleri

Son yazılar