“ERMƏNİSTAN ORDUSU QARABAĞI TƏRK EDƏCƏK” – “Həmin torpaqlarda Azərbaycanın suverenliyi 5 illik müddətdə təmin ediləcək”

“Onların burada hərbi baza qurmaq niyyəti olsaydı, Kəlbəcər və Laçını bizə qaytarmazdılar”

Rusiya Prezidenti Vladimir Putinin Qarabağ münaqişəsi barədə son açıqlamaları Azərbaycan cəmiyyətində narahatlıq və narazılıqla qarşılanıb. O, Dağlıq Qarabağın statusu haqqında danışıb və deyib ki, hazırkı status-kvo saxlanılmalı və yekun statusu gələcək liderlər müəyyən edə bilər. Eyni zamanda, Ermənistan-Azərbaycan konfliktindən danışan zaman növbəti dəfə “Sumqayıt hadisələri”ni xatırlayıb. Həmçinin, Qarabağda rus sülhməramlılarının sayının artırılmasını mümkün sayıb. 

“AzPolitika.info” bu mövzunu Azərbaycanın sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovla müzakirə edib. Diplomatla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Vladimir Putinin “Dağlıq Qarabağ” ifadəsi işlətməsi və onun statusunun gələcəyə saxlanılmasına dair açıqlaması cəmiyyətimizdə haqlı narazılığa səbəb olub. Siz, bu bəyanatı necə qiymətləndirirsiniz?

- Qeyd edim ki, Azərbaycan cəmiyyətində ən çox narahatlığa səbəb olan onun statusa aid fikirləri olub. Aydınlıq gətirmək üçün qeyd edim ki, status mövzusu 1992-ci ildə o zamankı ATƏM-in (İndiki ATƏT – red.) toplantısında ilk dəfə gündəmə gətirilmişdi. Qeyd edilmişdi ki, Dağlıq Qarabağın siyasi statusu məsələsinə Minsk Konfransında baxılacaq. Burada siyasi status deyiləndə müxtəlif variantlar istisna olunmurdu, yəni ifadə geniş məvhumdan ibarət idi. Bir müddət sonra ortaya “müvəqqəti status” ifadəsi çıxdı. Əvvəl belə fikirlər səslənirdi ki, öncə beş, daha sonra iki rayon azad ediləcək. Bu müddət ərzində müvəqqəti status qüvvədə olacaq. Müvəqqəti status nəyə deyilirdi? Fikrimcə, bu, hərbi-texniki məsələlər və yaranan şərtlər əsasında formalaşacaq status idi. Amma bu, siyasi və yekun status anlamına gəlmirdi.

Putinin səsləndirdiyi status isə fikrimcə, nə müvvəqqəti, nə də yekun statusu nəzərdə tutur. Biz rus dilinə dərindən bələd olsaq görəcəyik ki, bəzən status ifadəsi formalaşan vəziyyət mənasını verir. Hesab edirəm ki, Azərbycan ordusunun nəzarəti altında olan ərazilərdə Azərbaycan dövlətinin suverenliyi tam bərpa edilib. Bir qism torpaqlarda isə Azərbaycanın suverenliyi 5 illik müddətdə təmin ediləcək. Amma siyasi status barəsində heç nə deyilə bilməz.

- Niyə düşünürsünüz ki, Putin belə fikir səsləndirəndə Dağlıq Qarabağın siyasi-hüquqi statusunu nəzərə tuta bilməz?

- Əvvəla, çoxsaylı bəyanatlar mövcuddur. İkincisi, vəziyyəti nəzarət altında saxlayan tərəflər kimlərdir? Azərbaycan, Rusiya və Türkiyə. Bu dövlətlərin başçılarının hər birinin səviyyəsində birmənalı qəbul edilib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tərkibidir. Burada siyasi status mövzusu müzakirə edilə bilməz. Sadəcə olaraq, indi nəzarətimizdə olmayan ərazidə sanki müvəqqəti status formalaşıb. Yəni orada Azərbaycanın suverenliyi tam şəkildə bərpa edilməyib. Müəyyən müddət ərzində bu ölkələrin fəaliyyəti nəticəsində Azərbaycanın dövlət suverenliyi orada bərpa olunacaq. Mən belə anlayıram. Danışıqlardan çıxan təcrübə göstərir ki, Putin də bunu nəzərdə tutur. Bu da üçtərəfli bəyannaməyə zidd deyil. Əlbəttə, insanlar bunu emosional şəkildə qəbul edirlər. Mən gördüm ki, bu məsələ müxtəlif formalarda şərh edilib. Lakin biz anlamalıyıq ki, birinci gündən Ermənistan-Azərbaycan konflikti bu və ya digər qüvvələrin bölgədə öz siyasətini yeritmək üçün siyasi alət kimi cəlbedicidir. Anlayırıq ki, müxtəlif qüvvələr vəziyyətdən öz xeyrinə istifadə etmək məqsədilə münaqişədən irəli gələn məqamlardan yararlanmağa çalışacaq. İstisna etmirəm ki, bu kimi hallar gələcəkdə də baş verə bilər. Eyni zamanda anlamalıyıq ki, Vətən müharibəsi nəticəsində Azərbaycan bir çox məsələləri həll edib. Əsas məsələ kimi Ermənistanın təcavüzünə son qoyub. Beynəlxalq sərhədlərin bərpası prosesi Azərbaycan-Ermənistan sərhədinin müxtəlif istiqamətlərində gedir. Əminəm ki, yaxın müddətdə bu sərhəd tam bərpa ediləcək. Bu, əsas məsələlərdən biridir.

İkincisi, daxilimizdə köçkünlər kateqoriyasında olan şəxslər ata-baba yurdlarına qayıda biləcəklər. Bu məsələ də həll edilib.

Yerdə qalır digər məsələlər, amma bu məsələlərin də həlli üçün üçtərəfli bəyannamədə göstərildiyi kimi, 5 illik vaxt ərzində hansısa işlər görülməlidir. Azərbaycan haqlı olaraq istəyir ki, Qarabağda nəzarətdən kənarda qalan ərazilərimizdə də dövlət suverenliyimiz bərpa edilsin. Orada yaşayan insanlar da öz evlərinə qayıtsınlar. Əslində, siyasi proseslərin ümumi istiqaməti bu yöndədir. Amma bu, bir qədər zaman alan və bir çox çətinliklərlə müşayiət ediləcək proses olacaq. Biz bunu nəzərə almaqla yanaşı anlamalıyıq ki, Azərbaycan mübarizənin bu mərhələsinə daha hazırlıqlı və güclü mövqe ilə gəlib.

- Putin bölgədə olan rus sülhməramlılarının sayının artırılmasını mümkün hesab edir, sözsüz ki, tərəflərin razılığı ilə...

- Burada nəyin nəzərdə tutulduğunu demək bir qədər çətindir. Bəlkə də bu, daha çox iki ölkənin dövlət sərhədlərinə aid hissədə baş verəcək. Məsələn, əvvəllər nəzərdə tutulmasa da, indi biz görürük ki, Qafan şəhərinə yaxın hissələrdə problem sülhməramlıların müdaxiləsi ilə həll edildi. Bəlkə də bu kimi istiqamətlərdə mövqelərin təhlükəsizliyini təmin etmək üçün sülhməramlıların sayının artırılması nəzərdə tutulur.

Digər vacib məqam - bəzən bizdə belə fikir güclənir ki, guya yeni təmas xətti formalaşmalıdır. Hesab edirəm ki, bu yanaşma Azərbaycanın xeyrinə deyil. Yeni təmas xətti vəziyyətin dondurulmasına xidmət edən hal olardı. Biz çalışmalıyıq ki, indiki Azərbaycan ordusunun nəzarətində olan ərazilərlə yanaşı nəzarətimizdə olmayan ərazilərə də sərbəst gediş-gəliş olsun. Məqsəd nədir? Yeni təmas xətti formalaşmasın. Təxminən 3 min kvadrat kilometr ərazini əhatə edən və sülhməramlıların nəzarətində olan ərazilərə hansısa üsullar tətbiq edilməlidir ki, yeni təmas xətti anlayışı olmasın. Bununla bağlı mənim təkliflərim əslində çox sadədir: orada sülhməramlılarla yanaşı Azərbaycan polisi də patrul xidməti aparsın və təhlükəsizliyin təminatında iştirak etsin. Eyni zamanda, müvəqqəti məsələ kimi ermənilərin də bu işə cəlb edilməsini mümkün sayıram. Amma hansı ermənilərin? Sözsüz ki, Araik Arutunyanın “administrasiyasının” silahlı dəstələri dərhal tərkisilah olunmalı və buraxılmalıdır. Müvəqqəti olaraq, Azərbaycan təhlükəsizliklə bağlı şirkət yaradaraq, ora erməniləri maaşla işə götürüb müştərək patrul xidmətinə cəlb edə bilər. Beləcə, Azərbaycanda yaşamaq istəyən və Azərbaycan qanunlarına tabe olan insanlardan ibarət müştərək post-patrul xidməti yaradıla bilər. Bununla biz nəzarətimizdən kənarda qalan erməniləri bölmək məqsədimizə nail olacağıq. Bu baxımdan orada nəzarəti bərpa etmək üçün xüsusi üsulların tətbiqini düşünməliyik. Bu da gec və ya tez nəticə verəcək.

- Sizcə, niyə Vladimir Putin Qarabağ konfliktindən danışanda ilk olaraq “Sumqayıt hadisələri”ni xatırladır, bununla etnik qarşıdurmanın ilk olaraq azərbaycanlıların başlatdığını iddia etməyə çalışır, ya necə?

- Onun dedikləri ancaq Azərbaycan auditoriyasına aid deyil. Onu dinləyənlərin içərisində ermənilər də var. Ermənistanı götürdükdə, orada gedən proseslər mürəkkəbdir. Onlar indi “biz bu müharibəyə niyə başlamışdıq” kimi əsas suala cavab axtarırlar. Təbii, təcrübəli siyasətçi kimi Putin hər iki tərəfə xoşagələn nəsə deməlidir. Bizim xoşumuza gəlmirsə, bu zaman başa düşürük ki, deyilənlər yalan və böhtandır. Həm də məlumdur ki, “Sumqayıt hadisələri”ni SSRİ-nin xüsusi xidmət orqanları təşkil edib. Bu işin arxasında KQB və QRU-nun olduğuna dair çoxsaylı məlumatlar olub. Buna bənzər hadisələr o zaman bir çox şəhərlərdə baş verib. Yəni Sumqayıt bu ssenarinin işləndiyi yeganə şəhər olmayıb. Bu, ümumi ssenari əsasında qurulan toqquşmalar idi ki, onun əsasında sonra daha böyük münaqişələr baş versin. Keçmiş KQB zabiti olan Putin də bu məsələlər barəsində ətraflı məlumata malikdir. Hesab edirəm ki, buna da çox diqqət yetirmək lazım deyil. Başa düşməliyik ki, kənarda olan qüvvələr belə alətlərdən bizi idarə etmək üçün daim istifadə etmək haqda düşünəcək. Söhbət təkcə “Sumqayıt hadisələri”ndən də getmir. Odur ki, bu sözlərə çox önəm verməyə dəyməz, əksinə, bunu diqqətsiz buraxsaq daha effektiv olar. “Sumqayıt hadisələri”ni indi kiməsə sübut etməyə ehtiyac yoxdur, bilənlər bilir. Amma Putin və digərləri sözsüz ki, bu kimi alətlərdən istifadə etmək istəyəcək.

- Sizcə, hazırda Rusiyanın Qarabağla bağlı marağı və məqsədi nədən ibarətdir?

- Əslində, mən buna qısa toxundum. Rusiya olmasın, digər ölkə olsun, maraq bəllidir. Dünyanın hər bir yerində buna bənzər münaqişələri görə bilərik. Münaqişə vasitəsilə bu və ya digər bölgələr idarə olunur. Başqa sözlə, münaqişələr həm də idarəetmə mexanizmidir. Rusiya da sözsüz ki, hansısa amilləri istifadə etmək niyyətindədir. Eyni zamanda, hesab edirəm ki, bizim bu ilin sentyabrındakı ümumi vəziyyətimiz indikindən qat-qat pis idi. Bu, real qiymətləndirmədir. İşğal altında olan böyük ərazilərimizi azad etdik. İndi qarşımızdakı əsas vəzifə azad edilən bölgələrə real olaraq insanların qayıdışının təmin edilməsi, infrastruktur yaradılmasıdır. Əlbəttə, Araik (Araik Atutunyan-red.) kimi problemlər də mövcuddur və bunu da başa düşməliyik. Amma biz, bu problemlərin həlli üçün bölgədə güclənməli, daha yaxşı vəziyyətə gəlməliyik. Bir sözlə, praktiki məsələlər çoxdur. Ona görə də biz əsas məsələlərlə məşğul olmalıyıq ki, növbəti mərhələdə “Araik məsələsi”ni də lazımi şəkildə həll edək.

Rusiya ilə bağlı bir məqamı da qiymətləndirməyi vacib sayıram. Bəzən deyirlər ki, Rusiya orada hərbi baza yaradıb və s. Ümumən hərbi baza məsələsinə fərqli yanaşıram. Biz müşahidə edirik ki, Qərbi Avropada NATO və ABŞ bazalarının sayı zaman keçdikcə azalır. Hərbi reallıqlar elə dəyişib ki, coğrafi baxımdan haradasa olmaq elə də vacib olmur. Çünki indi müasir silahların imkanları da çox dəyişib. Coğrafi baxımdan hansısa yerdə fiziki olmaq ola bilsin ki, müasir dünyada elə bir əhəmiyyət kəsb etmir.

Bu mənada Dağlıq Qarabağda coğrafi konfiqurasiya onu göstərir ki, bura hərbi baza üçün ciddi nöqsanlara malikdir. Mən lojistika baxımından bunu deyirəm. Torba kimi ərazidir və dar yolla çıxışı var.

Həm də onların burada hərbi baza qurmaq niyyəti olsaydı, yəqin ki, Kəlbəcər və Laçını bizə qaytarmazdılar. Əslində, biz özümüzü çox qorxutmamalıyıq. Azərbaycana təsir etmək üçün Xəzər dənizi bəs edir, daha dağlara çıxıb orada baza yaratmaq təsir üçün coğrafi baxımdan bəlkə də əhəmiyyətsizdir. Məncə, köhnə xoflardan və stereotiplərdən uzaq durmaq lazımdır. Təbii ki, “gələcək necə olacaq” məsələsi problemdir. Bununla bağlı sistemli fəaliyyətimiz davam etməli və həmin ərazilərdə Azərbaycanın suverenliyinin tam bərpa olunması üçün addımlar atılmalıdır. Bu, bizim qarşımızda duran əsas siyasi vəzifədir. Əlbəttə ki, çətindir, lakin biz mübarizənin bu mərhələsinə daha hazırlıqlı vəziyyətdə gəlmişik.

- Dağlıq Qarabağın statusu haqqında nə düşünürsünüz, bu məsələ keçmişdə qaldı, ya necə?

- Gəlin yeni yaranan konfiqurasiyaya baxaq. Faktiki olaraq, yeni status-kvo yaranıb. Ermənistan bu prosesdən çıxarılıb. Qısa müddətdən sonra bu ərazidə qalan Ermənistan ordusu oranı tərk edəcək. Bu, aydındır və proses başlayıb. Eyni zamanda Laçın, Kəlbəcər və Ağdamdan da erməni hərbi hissələri çıxarılıb. Ermənistan artıq bu münaqişədə xarici amilə çevrilib. Yuxarıda qeyd etdiyim kimi beynəlxalq sərhəd bərpa olunur. Ermənistan prosesdə xarici amil kimi nə istəyir danışsın. Bunun təsiri əvvəlki ilə müqayisədə 10 dəfə azalıb. Üstəlik, bu siyasi prosesdə Minsk Qrupu da yoxdur. Var Azərbaycan, Türkiyə və Rusiya. Baxmayaraq ki, Türkiyə birgə bəyannaməyə imza atmayıb, amma o, rəsmi olaraq prosesin üzvüdür. Bu üçtərəfli prosesdə Azərbaycan bəyan edib ki, heç bir status olmayacaq. Türkiyə də elan edir ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Rusiya da dəfələrlə qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Ona görə, Putinin mətbuat konfransında işlətdiyi status ifadəsində siyasi statusdan daha çox gələcəkdə formalaşacaq vəziyyəti qeyd edir. Yəni orada kompakt şəkildə ermənilər yaşadığından ola bilsin ki, hansısa xüsusiyyətlər olacaq. Bəlkə yolun kənarında yazılar Azərbaycan dili ilə yanaşı erməni dilində də olacaq. Bunu indiki halda bilmək olmaz, bəlkə də heç bu da olmayacaq. Sözsüz, Azərbaycan çalışıb elə şərait yaradacaq ki, ermənilər Rusiya və Türkiyədə yaşadıqları kimi həmin bölgədə yaşasınlar. Onlara Rusiya və Türkiyədə verilən imtiyaz və hüquqlar qədər hüquq verilə bilər, artığı yox.

- Niyə məhz Rusiya və Türkiyə?

- Çünki bu iki ölkə rəsmi prosesin birbaşa iştirakçılarıdır və bu məsələdə əsas rola malikdirlər.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Hacı 2020-12-21 22:55:53

Tofiq müəllim birincisi niyə 5 ıl? İkincisi də 5 il də yox 30 il də düzələn deyil

Amon 2020-12-21 22:30:39

Hormetli bakan Hulusi akar demisdi ki rusiya qarabagda harda olacaqsa bizde orada olacagiq ancaq deyesen ancaq agdamda olacaqlar.bu rusiyanin elinnen bir rahat nefes ala bilmiyecek bu xalq.allah xalqimiza ve onun rehberine sebr versin rusiyaynan cetindi cunki barak obama kitabinda dediyi kimi putin avtoritet kimi aparir ozunu.onlarda insanliq hissi yoxdu suriyada xocalida usaqlari qetle yetiren vehsilernen ne danisiq aparsan neden danisasan

AZƏRBAYCANlı 2020-12-21 22:21:41

Çox maraqlı müsahibə üçün təşəkkür edirik! Cənab Zülfüqarovun rəy və qənaətləri hər zamankı kimi çox dəyərlidi. Bu müsahibədə ümdə strateji gərəkliklər var, istifadə etsək DEVLƏTİMİZ-XALQIMIZın xeyrinədir əlbət ki.

Kaku 2020-12-21 15:49:31

Cenablar bele hessas meqamlarda kim daha cox musahibe verirse bilin ki .... xalqin ruslara ve sulhmeramlilara olan qezebini yatirmaq ucun deriden qabiqdan cixirlar.10 noyabrdan sonra tv ve saytlara en cox musahibe veren 4 nefer var zahid oruc qudret hesenquliyev rasim musabeyov ve tofiq zulfuqarov.eziz xalqim bu sifetleri unutmayin hecvaxt....

t.ədalət 2020-12-21 12:20:19

ermənistanın seperatçı ordusu Qarabağı çoxdan tərk edib.İndi onları ermənilərdən də təhlükəli ruslar əvəz edir.Moldovada,Ukraynada,Gürcüstanda və b.yerlərdə rüsvay olan qatil rus ordusu!

Son yazılar