Qış tətilindən sonra məktəblər açılacaqmı? - "Müəllimlərin hamısı peyəndlənərsə..."

Azərbaycanda koronavirusa yoluxmalar kəskin azalıb, səhiyyə qurumları hazırda əhalinin kütləvi peyvənd olunmasını həyata keçirirlər. Müsbət tendensiyanın orta və ali məktəblərdə dərslərin bərpa olunmasına ümidlər yaradıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, yanvarın 25-dən etibarən hazırlıq kurslarının açılmasına qərar verilib. Xatırladaq ki, Türkiyədə qış tətilindən sonra tədris müəssisələrinin normal fəaliyyəti bərpa olunacaq.

Azərbaycana gəlincə, təhsil prosesinin taleyinə gələn həftə aydınlıq gətiriləcək. Belə ki, növbəti həftə nazir Emin Əmrullayevin iştirakı ilə brifinq keçiriləcək. 

Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Cəsarət Valehov bildirib ki, brifinqdə qarşıdakı dövr ərzində tədrisin təşkili qaydaları, yeni hədəflər, gözləntilər barədə məlumat veriləcək: “Sual doğuran məsələlərə aydınlıq gətiriləcək”.

Bəs ölkədəki sanitar-epidemioloji durum məktəblərin açılmasına imkan verirmi? Yoxsa, peyvəndləmə prosesinin bitməsini gözləmək lazımdır?

Həkim-farmakoloq Müşviq Hüseynov "AzPolitika.info"-ya açıqlamasında bildirib ki, məktəblər ötən ilin sentyabr ayında fəaliyyətə başladıqdan heç iki həftə keçmədən yenidən qapanmaya getdilər:  “Çünki müəllimlər müdafiəsiz qalmışdı. Müəllimlər əhalinin aztəminatlı təbəqəsinə aiddir. Bu, heç kimə sirr olmamalıdır. Maaşları da bəllidir. Onların çox hissəsinin şəxsi avtomobili yoxdur, ictimai nəqliyyatdan istifadə edirlər. İctimai nəqliyyatdakı vəziyyət də hamıya məlumdur. Metroların fəaliyyəti dayanıb, insanlar avtobuslarda elə formada gedirlər ki, orada heç bir qorunmadan söhbət gedə bilməz”.

Ekspert bu gün məktəblərin açılmasının yeganə çarəsini müəllimlərin xüsusi risk qrupuna daxil olan vətəndaşlar kimi, həkimlərlə eyni vaxtda peyvəndlənməsində görür: “Bunun başqa yolu yoxdur. Həkimlər xüsusi risk qrupuna aid olduqları üçün ilk növbədə onlar peyvəndlənirlər. Aktiv fəaliyyət göstərən müəllimlərin hamısı peyəndlənsə, dərslərin açılması barədə düşünmək olar. Çünki uşaqların koronavirus baxımından qorxusu yoxdur. Onlar xəstələnsələr də, öhdəsindən gələ bilirlər. Uşaqlarda immunitet güclü olur. Amma müəllimlər xəstələndikdə problemlərin səviyyəsi də başqa olur. Yəni bu gün məktəblərin fəaliyyətə başlaması üçün müəllimlərin peyvəndlənməsi ən vacib şərtdir. Bu, orta məktəblər üçün keçərlidir, ali məktəblər üçünsə yox. Çünki orta məktəblərdən fərqli olaraq, ali məktəblərdə yetkin insanlar təhsil alırlar və onlar öz təhsillərini onlayn şəkildə çox rahat idarə edə bilirlər. Onların elə də problemləri olmur. Kiçik yaş qruplarında isə bu, ciddi bir problemdir. Hələ məktəbi ilk dəfə görən birincilərdən söhbət açdığımız zaman vəziyyət çox acınacaqlıdır”.

M. Hüseynovun fikrincə, mart ayından başlayaraq kiçik yaş qruplarının təhsilini davam etdirmək olar: “9-11-ci siniflərin dərslərinin davam etdirilməsinin bir önəmini görmürəm, çünki dərs ilinin ən önəmli hissələri bitir. Amma kiçik siniflərdə bunu etmək olar. Əgər bu tədbirlər həyata keçirilməszə, bu ilin iyun ayına kimi təhsil barədə danışmağa dəyməz. Yəni uşaqlar artıq birmənalı şəkildə sentyabrın 15-i növbəti tədris ilinə hazırlaşa bilərlər. Əgər müəllimlər peyvəndlənməsə, təhsilin bərpası yalnız həmin zamana kimi çəkə bilər”.

"AzPolitika.info"

635x100

Şərhlər

Kəmalə 2021-01-21 14:48:04

Bütün dünya deyirki, heç peyvənd də qorumur.Müəllimləri belə fakt qarşısında qoyub çörəkləri ilə sınağa çəkmək düzgün deyil

Son yazılar