Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Azərbaycan və Ermənistan tərəfləri arasında atəşkəsi təmin etmək və qorumaq məqsədilə 4 hektarlıq ərazidə 65 xidmət sahəsinin olduğu bir kompleks olaraq fəaliyyət göstərib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Quru Qoşunlarının Baş Qərargah rəisi general-leytenant Levent Ergün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimində bildirib.

“Birgə Monitorinq Mərkəzinin üzvləri bu müddət ərzində çətin şərait daxilində yaxşı niyyət və qarşılıqlı hörmət prinsipini qoruyaraq fəaliyyət göstəriblər, Azərbaycanın ərazi bütövlüyünün təmin edilənə qədər atəşkəsin qorunması prinsipini problemsiz şəkildə davam etdiriblər. Beləliklə, iki ölkənin sülh və barış naminə qərarlılığı yüksək qiymətləndirilməklə dünya ictimaiyyəti tərəfindən yaxından izlənilib. Türkiyə və Rusiya hərbçilərinin ortaq olaraq fəaliyyət göstərdiyi 3 il 3 ay ərzində birlikdə etdiyimiz bayramlar, mədəni-ictimai qarşılıqlı münasibətlər, dil kursları iki ölkənin qarşılıqlı xoş bağlarını daha da gücləndirib. Bu mənada, Birgə Monitorinq Mərkəzində xidmət edən rəhbər heyət başda olmaqla bütün Rusiya Federasiyası əsgərlərinə təşəkkürlərimi ifadə edirəm. Ayrıca Birgə Monitorinq Mərkəzinin xidməti boyunca bizə bütün mövzularda köməyini əsirgəməyən dost və qardaş Azərbaycan Ordusunun rəhbər heyətinə və əsgərlərinə şükranlarımı bildirirəm", - general qeyd edib.
“Monitorinq Mərkəzi üç il ərzində üç ölkənin hərbçilərinin Azərbaycan torpağında daimi sülh naminə uğurlu əməkdaşlığının nümunəsi olub”.
“Report”un Ağdama ezam edilən müxbirinin xəbərinə görə, bunu həmin rayonda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılması ilə əlaqədar təşkil olunan tədbirdə çıxış edən Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-polkovnik Sergey İstrakov deyib.

General-polkovnik qeyd edib ki, mərkəzin fəaliyyəti dövründə Rusiya və Türkiyə sülhməramlıları atəşkəs rejiminə əməl olunmasına etibarlı nəzarət sistemi qurmağa müvəffəq olublar: “Rusiya və Türkiyə sülhməramlıları müsibətlər görmüş torpaqlarda əmin-amanlığın yaranması üçün möhkəm təməl qurublar. Qarşıya qoyulan bütün vəzifələr Rusiya və Türkiyədən olan həmkarlar tərəfindən işgüzar, dostluq şəraitində həll olunurdu”.
General bəyan edib ki, qarşılıqlı hörmət, beynəlxalq humanitar hüquq əsasında fəaliyyət göstərən mərkəzin uğurlu işi sülhməramlı əməliyyatı vaxtından əvvəl bitirməyə və Rusiya sülhməramlı kontingentin Azərbaycanın Qarabağ iqtisadi zonasından çıxarmağa imkan yaratdı.

“Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi”.
Bu sözləri isə Ağdamda yerləşən mərkəzin bağlanış mərasimində Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev deyib.
O xatırladıb ki, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını alaraq əks-həmlə əməliyyatı keçirib. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında aparılmış 44 günlük Vətən müharibəsi Azərbaycanın tam qələbəsi və ərazi bütövlüyünün təmin edilməsi ilə başa çatıb.
“Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il tarixli bəyanatına əsasən, atəşkəs rejiminə nail olundu. 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu. Türkiyə və Rusiya arasında imzalanmış 11 noyabr 2020-ci il memorandumuna əsasən yaradılmış Birgə Monitorinq Mərkəzi üç ildən artıq müddət ərzində sülhün təmin olunmasına öz töhfəsini verdi. Mərkəz öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi”, - deyə Qərargah rəisi qeyd edib.
***
Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb.
APA xəbər verir ki, bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində təntənəli mərasim keçirilir.
Bununla əlaqədar bir qrup media nümayəndəsi üçün media-tur təşkil olunub.
Qeyd edək ki, Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan Memoranduma əsasən, Qarabağ bölgəsində atəşkəs rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması məqsədi ilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb.
2023-cü ilin 19-20 sentyabr antoterror əməliyyatı nəticəsində Azərbaycan suverenliyini bütün ölkə ərazisində bərpa edib. Bununla əlaqədar Rusiya Sülhməramlı Kontingenti bir neçə gün əvvəl Qarabağ bölgəsini tərk etməyə başladığından Birgə Mərkəzin fəaliyyətinə də ehtiyac qalmayıb.
Onu da əlavə edək ki, Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacağı barədə Türkiyə Milli Müdafiə Nazirliyi aprelin 18-də məlumat yaymışdı.




Şərhlər