ABŞ Senatı Canet Yelleni Maliyyə Departamentinin rəhbəri postuna təsdiqləyib. O, həmin vəzifədə işləyəcək ilk qadındır.
"AzPolitika.info" "Azadlıq" radiosuna istinadən xəbər verir ki, prezident Co Baydenin maliyyə naziri olan Yellen onillərdən bəri ən ağır böhranla üzləşmiş ABŞ iqtisadiyyatını sabitləşdirməyə çalışacaq. Yellen Vaşinqtonda yaxşı tanınır, daha öncə Federal Ehtiyatlar Sisteminin ilk qadın başçısı olub, Ağ Evin İqtisadi Müşavirlər Şurasına rəhbərlik edib.
74 yaşlı Yellenin prioriteti Baydenin iqtisadi siyasətini cızmaq olacaq. Ölkə iqtisadiyyatı COVID-19 pandemiyasından əziyyət çəkir. Bayden 1.9 trilyon dollarlıq iqtisadi yardım paketinin Konqresdə təsdiqlənməsini istəyir. Layihədə vaksinasiyaya maliyyə ayrılması, işdən çıxarılmış amerikalılara həftəyə 400 dollar, daha sonra əhalinin əksər hissəsinə 1400 dollar nağd pul verilməsi nəzərdə tutulur. Bayden administrasiyası bildirir ki, iqtisadiyyatda geriləməni önləməkdən ötrü əlavə vəsait lazımdır.
Bayden Konqresdəki respublikaçılarla danışıqların daha iki həftə çəkəcəyini deyib. Respublikaçılar yardım paketini təsdiqləməyə meylli deyillər. Ötən ay 900 milyard dollarlıq paket, pandemiyanın əvvəlində isə 2.2 trilyon dollarlıq yardım paketi təsdiqlənmişdi.
Yanvarın 25-də Senatın Xarici əlaqələr komitəsi Baydenin dövlət katibi postuna namizədini də təsdiqləyib. Veteran diplomat Entoni Blinkenin namizədliyi bu gün – yanvarın 26-da Senatda səsverməyə çıxarılmalıdır. Blinkenin namizədliyini hər iki partiya dəstəkləyir. Respublikaçılar daxil bir çox konqresmenlər Senatı təsdiqləmə prosesini sürətləndirməyə çağırıblar, çünki beynəlxalq arenada həllini gözləyən bir çox məsələlər var.
"Dövlət katibi ABŞ-ın milli təhlükəsizliyi üçün vacibdir. Senat onu sürətlə təsdiqləməlidir”, – senator Bob Menendez "Twitter"-də yazıb. Senatda təsdiqlənəcəyi halda, Blinken bu vəzifədə Mayk Pompeonu əvəzləyəcək. Pompeo Donald Tramp administrasiyasının ən uzunömürlü üzvü idi.
Blinken Amerika diplomatiyasını, Trampın dörd illik “Öncə Amerika” siyasətindən sonra beynəlxalq qurumlarla işi yeniləməli olacaq. Onun əsas prioritetləri İranla gərginliyi azaltmaq, müttəfiqlərlə zədələnmiş münasibətləri bərpa etmək, Çinlə münasibətləri idarə etmək olacaq.
"AzPolitika.info"


Şərhlər