Menu

Şotlandiya və Kataloniya Avropada separatçılığa təkan verib

15.10.2014, 09:56
Şotlandiya və Kataloniya Avropada separatçılığa təkan verib

EFA (Avropa Azadlıq Alyansı) qrupunun direktoru Günter Frits Dauven bildirib ki, Şotlandiya referendumu nəticəsiz olmasına baxmayraq, İspaniya qanunlarına görə, Kataloniyada ictimai məsləhətləşmələr qanunsuz olsa da, bu, digər yerlərdə azadlıq hərəkatına təkan verib.

"Euobserver" bildirir ki, Dauven öz təşkilatının qurulmasından indiyədək separatçılıq meyllərinin artdığını bildirib: "Hərəkatlar və partiyalar daha inamlı olmağa başlayıblar. Mətbuatın da buna diqqəti artıb. Bu isə bizim üçün yaxşı göstəricidir".

Şotlandiya və Kataloniyadakı kimi bəzi müstəqil partiyalar solyönümlü, Bavariyadakı "Bayernpartei", Flandriyadakı "N-VA" partiyaları isə sağyönümlüdür. Bir yerdə olmaq şərt deyil, lakin müəyyən prinsiplərə riayət olunduqda bu işə yarayır. "Biz mülki və hərtərəfli millətçilərik, lakin zorakılıq, irqçilik və ksenofobiyaya (xarici hər şeyə nifrət) "dur" deməyi də bacarırıq", - Dauven qeyd edib.

İtaliyanın radikal-sağ "Lega Nord" (Padania) partiyası birtərəfli şəkildə 1980-ci ildə "EFA"dan ayrıldı. "Onlar irqçiliyə və ksenofobiyaya meyl ediblər. Burada bizim yollarımız ayrılır", - Dauven deyib.

Qeyd edək ki, partiyaların heç də hamısı ölkələrində hansısa ərazinin müstəqilliyini tələb etmirlər.

"Partiyaları bir neçə qrupa ayırmaq olar. Bəzilərinin tək istəyi etnik azlıqların tanınmasıdır. Yunanıstan və Bolqarıstandakı etnik makedoniyalılar buna misaldır. Onlar muxtariyyət, yaxud müstəqillik tələb etmirlər. 2-ci qrupa müstəqillik deyil, təkcə muxtariyyət tələb edən bretonlar və oksitanlar daxildir. 3-cü qrupa isə müstəqillik tələb edənlər - katalonlar, şotlandlar, basklar və "N-VA" və sardiniyalılar daxildir.

Onun sözlərinə görə, son Aİ seçkilərində EFA-nı təmsil edən parlamentarilərin sayı 7-dən 12-yə çatıb. EFA qrupu parlamentdə "Yaşıl" parlamentarilərlə eyni cərgədə əyləşir. Qrupun qarşısında hazırda 2 əsas məsələ durur; Aİ Komissiyası və Aİ Şurasının prezidentlərinin - Jan Klod Yunker və Donald Tuskun seçilməsi. "Biz 2005-ci ildə Komissiya rəhbəri Barrozu ilə, 2010-cu ildə Aİ Şurası prezidenti Herman Van Rompuyla da belə etdik. Onlara başa saldıq ki, regionlar və dövlətsiz millətlərə əhəmiyyət verilməsə, onda belə çıxır ki, Avropa qurumları özləri separatçılığa təşviq edirlər", - Dauven bildirib.

Dauven kataloniyalıların katalon dilini Aİ-nin rəsmi dili kimi tanınması tələbini nümunə gətirib. Halbuki, Aİ yalnız dövlətlərin rəsmi dillərini qəbul edir.

"Bu gün Andorra 200 minlik əhalisi ilə Aİ üzvü olmaq istəsə, onlar rəsmi dili katalon olan dövlət olacaqlar. Bu isə onları (kataloniyalıları) dövlət yaratmağa həvəsləndirir. Biz Aİ-nin subsidiarlıq prinsipini və federal yanaşmanı tələb edirik", – Dauven deyib.

Ümumilikdə, EFA ən azından yerli səviyyədə hakimiyyətin güclü olması üçün böyük dövlətlərdən separatçı bölgələrin ayrılmasının tərəfdarı deyil. /eunews.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol