KİÇİK ERMƏNİSTAN İRANA NƏ ÜÇÜN LAZIMDIR? - Enerji təhlükəsizliyi və daha nələr....

Qərb ölkələri tərəfindən uzun illərdir sanksiyalara məruz qalan, beynəlxaq bazarlara çıxış imkanı xeyli məhdudlaşdırılan İran dövlətinə Ermənistan kimi iqtisadi çətinliklərə üzləşən kiçik bir dövlət nə üçün lazımdır?!

Ermənistan uzun illərdir ki, iqtisadi və həm də siyasi baxımdan İran üçün böyük əhəmiyyət kəsb edir. Son vaxtlar bu əhəmiyyət bir qədər də artıb. İranın Avrasiya İqtisadi Birliyi ilə münasibətləri inkişaf etdirmək fikri var və təbii ki, Avropa İqtisadi Birliyinə daxil olan Ermənistan burda tranzit rolunu oynaya bilər. Ermənistan və İranı bir-birinə yaxınlaşdıran əsas məsələlərdən biri enerji təhlükəsizliyi məsələsidir. Bildiyimiz kimi, Ermənistan İran qazının əsas idxalçılarından biridir. Doğrudur, ölkədə Rusiyanın “Qazprom” şirkəti fəaliyyət göstərir və bazarın böyük hissəsi Rusiyanın nəzarəti altındadır. Bununla belə, ölkənin əsasən cənub hissəsi İran qazı ilə qidalanır. Burada əsas məqsəd, həm Rusiyanın Ermənistanda yaratdığı təbii qaz monopoliyasının mümkün qədər azaldılmasına nail olmaq və həm də İran kimi strateji enerji müttəfiqinin digər imkanlarından yararlanmaqdır.

Qeyd edək ki, 1 yanvar 2019-cu ildən bəri “Qazprom”, Ermənistan üçün Rusiya qazının qiymətini 1000 kubmetr üçün 150 ABŞ dollarından 165 ABŞ dollarına qədər yüksəldib.

İki ölkə arasında enerji təhlükəsizliyi ilə yanaşı ticarət dövriyyəsinin həcmi də xeyli genişlənməkdədir. Belə ki, bu ölkələr arasında ticarət dövriyyəsi 2009-cu ildə 200 milyon dollar olubsa, 2014-cu ildə bu rəqəm 300 milyon dollara çatıb. Hazırda isə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 400 milyon dollar təşkil edir. Onu da qeyd edək ki, Ermənistanın iqtisadiyyat naziri Vahan Kerubyan yanvar ayında İranın İsfahan əyalətinin başçısı Abbas Rzayi ilə görüşdən sonra mətbuata gələcək əməkdaşlıqla bağlı bir sıra açıqlamalar verib. Bunlardan ən diqqət çəkəni isə İranla Ermənistan arasında ticarət dövriyyəsinin həcminin 1 mlrd ABŞ dollarına yüksəldilməsinin planlaşdırılması barədə olub.

Rəsmi səfərdə iki ölkə arasında nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi istiqamətində də danışıqlar aparılıb. Belə ki, dəmir yol xəttinin inşası məsələsi yenidən gündəmə gətirilərək, İranla Ermənistanı birləşdirən xəttin inşası planlaşdırılır.

Xatırladaq ki, 2007-ci ildə əldə olunan razılaşmaya əsasən iki ölkəni birləşdirən dəmir yolu xətti çəkilməli idi. Bu dəmir yolu xəttinə həm Ermənistan, həm də İran hökuməti böyük ümidlər bəsləyirdi, çünki gələcəkdə beynəlxalq yükdaşımada bu dəmir yolundan istifadə etmək niyyətində idilər. Müəyyən səbəblərdən dolayı həmin layihənin ləngiməsi və bu müddətdə regionda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi ilə əlavə bir dəmir yolunun tikintisi məsələsi də öz aktuallığını itirmişdi.

Digər bir maraqlı məqam isə ondan ibarətdir ki, İranın turistlərinin ən çox səfər etdiyi ölkələrdən biri də məhz Ermənistandır. Təbii ki, burda həlledici məqamlardan biri coğrafi yaxınlıq və qiymətlərin ucuz olmasıdır. Hər halda statistika deməyə əsas verir ki, hər il on minlərlə turist İrandan Ermənistana səfər edir.

İran və Ermənistanın iqtisadiyyat və enerji sahəsində bir-birinə bu qədər yaxın olması onların siyasi müstəvidə də yaxınlaşmasına gətirib çıxarıb. Təsadüfi deyil ki, İranın keçmiş prezidenti Mahmud Əhmədinejat bildirirdi ki, İran Ermənistanı hər sahədə, xüsusilə enerji, idman, turizm, nəqliyyat sahəsində dəstəkləməyə hazırdır. Hazırda davam edən siyasi proseslərə də baxanda, bu qənaətə gəlmək mümkündür ki, İran bu gün də Ermənistana böyük əhəmiyyət verir. Ermənistanla səmimi münasibətlərin qorunub saxlanılmasında hər zamankı kimi maraqlıdır. Təbii ki, regionun əhəmiyyətli dövlətlərindən biri olan Azərbaycanla Ermənistan arasında olan münasibətləri nəzərə alan İran, siyasi müstəvidə, sözdə balansı qorumağa çalışır. Reallıq isə başqadır. İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfərindən sonra Prezident İlham Əliyevin görüş haqqında fikirləri də bunu təsdiqləyir: “Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 400 milyon dollar olub. Bu nə deməkdir? Bu o deməkdir ki, Azərbaycan torpaqlarını işğal edən, Azərbaycan vətəndaşlarını didərgin vəziyyətində saxlayan bir dövlətlə İran arasında çox ciddi, hərtərəfli iqtisadi-ticari əməkdaşlıq mövcuddur. Bundan başqa, İran 44 günlük döyüşlər ərəfəsində bütün formalarda Ermənistanı dəstəkləyib”.

Əlavə olaraq onu da qeyd edək ki, region dövlətləri arasında əməkdaşlığın, xüsusən də nəqliyyat infrastrukturlarının yaradılması istiqamətində görülən işlərin ən böyük təşəbbüskarlarından biri elə Azərbaycandır. Azərbaycan hökuməti maraqlıdır ki, birgə layihələr icra olunsun və bu layihələrdə regionun bütün ölkələri – Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Ermənistan iştirak etsinlər. Bu, Azərbaycana qonşu dövlətlərlə iqtisadi münasibətləri yüksək səviyyəyə çatdıraraq, regionda dayanıqlı sülhə və əməkdaşlığa nail olmaq üçün lazımdır.

Güntəkin Nizam

"AzPolitika.info"

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2021-02-23 12:37:05

Son 30 ildə iqtisadi blokadalar məngənəsində sıxılan İran üçün Ermənistan ona görə əlverişli partinyordu ki, bu illər ərzində Ermənistan İran üçün xammal tədarükçüsü olub.Yəni İran məhsullarının xaricə çıxışı Ermənistan adından, Ermənistan üzərindən yürüdülüb. Ona görə də üzdə görsənmələrinə baxmayaraq Qarabağ savaşında Azərbaycanın zəfəri İranı məyyus edib. İkincisi, yazıda da qeyd olunduğu üçün, Ermənistan İran üçün indiki halda yanacaq bazarıdır. Üçüncüsü və ən önəmlisi isə Ermənistanın qatı Türk düşməni olması, Fars rejiminin bu yöndəki çıxarları ilə üst-üstə düşür. Ona görə də İndiki fars rejimi, müsəlman ölkəsi olsa da, islam yandaşından çox uzaqdır və öz çıxarları üçün, özləri demişkən müsəlman yox ey, əllərini dirsəyə kimi şiə qanına soxmaqdan belə çəkinməzlər. Ona görə də düşməninin dostundan heç vaxt özünə dost aramamalısan. Bir də unutmamalıyıq ki,bu qonuda müsəlmanlıq, fars rejimi üçün artıq bir təfərrüatdır.

Son yazılar