Menu

Azərbaycanda elektron ticarət niyə “axsayır”? – BMT-nin hesabatında daha iki pillə gerilədik

20.02.2021, 19:00
Azərbaycanda elektron ticarət niyə “axsayır”? – BMT-nin hesabatında daha iki pillə gerilədik

BMT-nin Ticarət və İnkişaf üzrə qurumu (UNCTAD) illik hesabatını açıqlayıb.

“AzPolitika.info” xəbər verir ki, Azərbaycan elektron ticarət üzrə 152 ölkə arasında 65-cı yerdə qərarlaşıb. Azərbaycan e-ticarətin inkişafı sahəsində 2 pillə geriləyib. Ötən il ölkəmiz 63-cü pillədə olmuşdu. 2018-ci ildə 68-ci yerdə olub.

MDB ölkələri arasında ən yüksək göstərici 35-ci pillədə olan Belarusdadır. Rusiya 41-ci, Gürcüstan 47-ci, Ukrayna 51-ci, Moldova 53-cü, Qazaxıstan 60-cı, Ermənistan isə 84-cü yerlərdə qərarlaşıblar.

Reytinq hazırlanarkən aşağıdakı göstəricilərdən istifadə edilib:

1. Ölkədə internetdən istifadə vəziyyəti;

2. Bank xidmətlərinə əlçatanlıq, mobiil ödəniş sistemləri;

3. Təhlükəsiz serverlər, internet mağazaların sayı;

4. Poçtun, çatdırılma xidmətinin vəziyyəti, bağlamaların çatdırılma vaxtı.

Maraqlıdır ki, Azərbaycan 2-ci və 3-cü bəndlər üzrə daha aşağı göstəricilər əldə edib. Geriləmənin səbəbi nə ilə bağlıdır?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, ölkəmizdə e-ticarətin inkişafı üçün əsas baza rolunu oynayan qanuvericilik uzun müddətdir ki, yenilənmir. Onun sözlərinə görə, Azərbaycanda rəqəmsallaşma hüquqi islahatlardan daha sürətli gedir.

“Uzun müddətdir ki, Mərkəzi Bank (MB) "Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında" Qanun layihəsini hazırlayıb başa çatdıra bilmir. 4-5 il öncə, xatırlayıram ki, bu layihəni Maliyyə Bazarlarına Nəzarət Palatası hazırlamışdı. Sonradan bu qanun layihəsinin təkmilləşməsinə MB sahiblik etdi. Və beləliklə unuduldu”, - deyə ekspert vurğulayıb.

O.Gündüz güman edir ki, burada da maraqlı tərəflər ödəniş sektorundakı üstün mövqeyin itirilməsindən ehtiyat edərək, inhisarçı mövqeyin itirilməsindən çəkinərək bu qanunun qəbulunda maraqlı deyillər: “Həmçinin uzun illərdir ki, ”Elektron ticarət haqqında” Qanuna yalnız bir dəfə, o da e-ticarət yolu ilə alınan malları vergiyə cəlb etmək üçün dəyişiklik edilib. Belə çıxır ki, hökumət özünə lazım olanı dərhal əldə etmək üçün, dərhal da qanunu dəyişə bilib. Amma inkişafa yönəlik məsələlərdə dəyişiklik nədənsə uzun zaman alır. E-ticarətin inkişafı üçün bu qanunun kökündən dəyişilməsi daha doğru olardı”.

Xatırladaq ki, 2016-cı ildə hökumət internet saytlarından ediləcək onlayn alış-verişlər üçün 18% ƏDV tətbiq edib. İnternet vasitəsilə elektron kitabların, audio-vizual materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi də iş və xidmət hesab edilməklə ƏDV-yə cəlb edilir.

Ekspert qeyd edir ki, bu səbəblərdən, son illər istifadəçilərimizin xeyli hissəsi Gürcüstanda özlərinə bank hesabı açırlar, onların bank kartlarından istifadə edirlər. O.Gündüz hesab edir ki, e-ticarətin ölkəmizdə inkişafı üçün müəyyən vergi güzəştlərinin tətbiq edilməsi vacibdir. Məsələn, e-ticarətin müəyyən müddət ƏDV-dən azad edilməsi daha doğru addım olardı.

“E-ticarətin daha da inkişafı üçün internetin keyfiyyəti artırılmalıdr, infrastrukturun dayanıqlığı təmin edilməlidir, hökumət sistemli tədbirlər həyata keçirməlidir. Əslində ötən il Azərbaycanda e-ticarət əvvəlki illərə nisbətən daha dinamik olub, e-ticarətin dövriyyəsinin həcmi və internet üzərindən alış-veriş xeyli artıb. Xeyli karqo şirkətlər yaranıb - indi onların sayı 70-ə çatıb. Yeni internet mağazalar və çatdırılma xidmətləri yaranıb. Lakin görünür, digər ölkələr də yatmayıblarmış, onlar mövcud şəraitdən istifadə etməklə vəziyyətlərini daha da yaxşılaşdıra biliblər”, - ekspert vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol