Jurnalist Əli Zülfüqaroğlu və diaspor üzrə tədqiqatçı Elnur Eltürkün həmmüəllifliyi ilə İndoneziyanın nüfuzlu Akurat.co informasiya agentliyində Xocalı soyqırımı ilə bağlı məqalə yayımlanıb.
“Xocalı soyqırımı: Bəşəriyyətə qarşı cinayət” sərlövhəli məqalədə Xocalı soyqırımının son onilliklərdə bəşəriyyətin gördüyü ən dəhşətli qətliam olduğu vurulanır. Yazıda həmçinin bildirilir ki, bu hadisə insanlığa, bəşəriyyətə qarşı ağır cinayətdir: “Bütün dünyanın Xocalıda baş verənlərdən xəbərdar olması zəruridir ki, bir daha bu cür dəhşətli hadisələr təkrarlanmasın. Ona görə də Xocalı soyqırımına təkcə ermənilərin azərbaycanlılara qarşı qətliamı kimi yanaşmaq doğru deyil. Xocalı soyqırımı bütün insanlığa qarşı yönələn cinayətdir və bütün dünya buna hüquqi və siyasi qiymətini verməlidir”.
Məqalədə həmin dönəmdə Xocalı soyqırımının dəhşətlərini izləyən və qələmə alan dünyaca məşhur “Vaşinqton Post”, “Nyu-York Tayms”, “Sandey Tayms”, “Tayms” kimi nəşrlərə istinad edilir. Eyni zamanda bildirilir ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Həmçinin qeyd edilir ki, bütün bu vandallığı edən erməni silahlı birləşmələrinə komandanlığı Ermənistanın sabiq prezidentləri Koçaryan və Serj Sərkisyan ediblər: “Və çox təəssüf ki, hələ də cəzasızdırlar. Bəşəriyyətə qarşı yönələn bu cinayətin bir daha təkrarlanmamasını arzu edirik. Buna görə də, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən həmkarlarımızı bu soyqırım aktını daha çox işıqlandırmağa və ədalətin öz yerini tapmasına dəstək verməyə çağırırıq”, - məqalədə qeyd olunur.


Şərhlər
Mənə elə gəlir ki, robiknən serjikin halvasının çalınacağı günə çox az qalıb...