Xam neft ixracının azalmasından və dünya bazarlarında neftin qiymətinin aşağı düşməsindən Azərbaycanın itirdiyi pulların həcmi məlum olub.
“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2014-cü ilin 9 ayı ərzində Azərbaycan xam neft satışından 14,82 milyard ABŞ dolları gəlir əldə edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 486 milyon dollar və ya 3,2% azdır. Belə ki, ötən ilin 9 ayı ərzində 15,3 milyard dollarlıq xam neft ixrac edilmişdi.
Dünya bazarlarında brent neftin barelinin qiyməti 19 İyun 2014-cü il tarixində 115,67 dollara çıxmışdı. Bunun ardınca isə təklif bolluğu narahatlıqları ilə qiymətin enməsi başlamışdır. Dünən neft 83,35 dollara düşüb. Bu, 24 dekabr 2010-cu il tarixindən bu yana ən aşağı səviyyədir. Beləcə, Brent neftin barelinin qiyməti təxminən 4 ayda 27,9% ucuzlaşmışdır.
Bu ilin 9 ayı ərzində Azərbaycanda 32,1 milyon ton neft hasil edilmişdir. Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 0,4 milyon ton və ya 1,2% azdır. Müqayisə üçün qeyd edək ki, 2013-cü ilin doqquz ay ərzində 32,5 milyon ton neft hasil edilmişdi.


Şərhlər