Vaxtilə kosmik səyahətlə bağlı ilklərə imza atmış Rusiya, bu gün maliyyə çatışmazlığı səbəbindən Çin və ABŞ-ın kölgəsində qalıb. Bu il kosmosa ilk insan uçuşunun 60-cı ildönümünü qeyd edən Rusiya, yenidən kosmosa geri qayıdır.
Rusiya Kosmos Agentliyi “Roskomos”un dünən verdiyi açıqlamada bildirilir ki, Çin Milli Kosmik Agentliyi (CNSA) ilə "Ayın səthində və ya orbitində eksperimental tədqiqat qurğusu" yaratmaq üçün müqavilə imzalanıb. Müqaviləyə əsasən, Rusiya və Çin Ayda ortaq kosmik stansiya qurmağı da planlaşdırırlar. Ortaq maraqlar çərçivəsində istənilən ölkənin bu müqaviləyə qoşula bilməsi səbəbilə, Çinin bu günə qədər həyata keçirdiyi ən böyük beynəlxalq kosmik əməkdaşlıq layihəsi olacağı da diqqətə çatdırılıb.
Fransız xəbər agentliyi AFP, müqaviləni "Moskvanın kosmik yarışda yenidən liderliyi ələ almağa çalışması" kimi qiymətləndirib. Xatırladaq ki, keçən il Çin, Marsa “Tianwen-1” zondunu göndərmiş və dekabr ayında Aydan qaya və torpaq nümunələrini müvəffəqiyyətlə Yerə gətirmişdi. Bu, 40 ildən bəri ilk belə bir missiya idi.
Güntəkin
“AzPolitika.info”


Şərhlər