Menu

“4 günlük iş saatı” xəyalı gerçək oldu - İspaniyada...

15.03.2021, 16:52
“4 günlük iş saatı” xəyalı gerçək oldu - İspaniyada...

İspaniya həftədə dörd günlük iş rejimini nəzərdə tutan pilot layihəyə başlayır.

İşçilərin həftədə 32 saat işləməsini nəzərdə tutan proqrama payız aylarında başlanacağı bildirilib. Təxminən 200 şirkətlə başlamağı planlaşdıran İspaniya, 4 günlük iş rejimi tətbiqi edən ilk dövlət olacaq.

Təklif parlamentin hər iki qanadında yalnız bir təmsilçisi olan mərkəz-sol “Mas Pais” partiyası tərəfindən gündəmə gətirilmişdi. Bu yaxınlarda isə partiya hökumətin pilot layihəyə başlamaq təklifini qəbul etdiyini açıqladı.

Məlumat üçün bildirək ki, partiyanın lideri İnigo Errejon bir Twitter paylaşımında bu barədə xəbər vermişdi: "Təklifimizin vaxtı gəldi. 4 günlük iş rejimi ilə (32 saat) bağlı real bir müzakirəyə başlayırıq". Bu paylaşımdan sonra iş həftəsinin 4 günlük olması fikri Yeni Zellandiya, Almaniya kimi ölkələr başda olmaqla, bütün dünyada müzakirə olunmağa başladı. Təklifi dəstəkləyənlər bunun məhsuldarlığı artıracağını, işçilərin mental sağlamlığına və iqlim dəyişikliyinə müsbət təsir edəcəyini əsas gətirirlər.

"İspaniyadakı işçilər Avropadakı digər ölkələrə nisbətən, daha çox işləyirlər. Buna baxmayaraq, Avropanın yüksək məhsuldarlığa sahib ölkələri arasında deyilik. Çox çalışmaq daha yaxşı işləmək demək deyil", - Errejon bildirib.

Ancaq İspaniyada bəzi işəgötürənlər bu təklifə qarşı çıxmışdı. İspaniya İşəgötürənlər Konfederasiyasının Aragon bölgəsinin rəhbəri Ricardo Mur isə “Ölkədəki iqtisadi böhrandan çıxmağın resepti daha çox çalışmaqdır, daha az işləmək deyil”, – deyə şikayətlənib.

“Mas Pais” partiyasından Hektor Tejero, pilot layihədə 3000-6000 arası işçinin iştirak edəcəyini bildirib. Tejero, İspaniyada keçən il dörd günlük rejimə keçid edən ilk şirkət “Software D Elsol”-un nəticələrini qeyd edərək proqramla bağlı ümidlərinin yüksək olduğunu bildirib.

Qeyd edək ki, layihə üç illik sınaqla, 50 milyon avronu əhatə edəcək. Bu pul proqramda iştirak edən şirkətləri dəstəkləmək üçün istifadə ediləcək. Partiyanın təklifində hökumət, həmkarlar ittifaqı və şirkət nümayəndələrinin layihəyə cəlb olunması nəzərdə tutulur.

Xatırladaq ki, İspaniya 1919-cu ildə Barselonada 44 günlük ümumi tətildən sonra Qərbi Avropada gündəlik 8 saatlıq iş rejiminə keçən ilk ölkələrdən biri idi.

Güntəkin

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol