Fransada koronavirusla bağlı vəziyyət gərginləşdiyindən ölkə yenidən sərt karantinə gedir. Son günlər ölkədə yoluxma sayında sürətli artım olduğundan məktəblər ən azı 3 həftə bağlı qalacaq.
Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, bu barədə ölkə prezidenti Emanuel Makron televiziyada canlı yayınlanan çıxışında bildirib. Prezident qeyd edib ki, gələn həftədən etibarən dərslər onlayn qaydada keçiriləcək.
Həmçinin şənbə günündən etibarən ərzaq mağazalarından başqa digər mağazalar yenidən bağlanacaq. Vətəndaşların ciddi səbəb olmadan evindən 10 kilometrdən uzaq məsafəyə getməsi qadağan ediləcək.
Rəsmilərin yaydığı məlumata görə hazırda ölkədə ağır vəziyyətdə reanimasiya şöbəsində olan koronaviruslu xəstələrin sayı 5 min nəfərdən çoxdur.
Ümumiyyətlə, bu günə qədər Fransada koronavirusa yoluxanların sayı 4 644 423 nəfər, virusdan dünyasını dəyişənlərin sayı isə 95 640 nəfərdir. Beləliklə, Fransa yoluxma sayına görə Rusiyanı geridə qoyaraq, virusun ən çox yayıldığı ölkələr arasında 4-cü sırada yer alıb.
"Əgər indi tədbir görməsək, nəzarəti itirəcəyik",- deyə Prezident Makron bildirib. "Hər kəs başqaları ilə ünsiyyəti məhdudlaşdırmalıdır" deyə Makron xəbərdarlıq edib.
Makronun elan etdiyi tədbirlər bu gün parlamentdə səsə qoyulacaq.


Şərhlər