Neft Fondunun neft gəlirlərini kəskin azaldan səbəb açıqlandı

İki gün əvvəl Azərbaycan Dövlət Neft Fondu Azərbaycanın ən böyük neft-qaz yataqlarından əldə etdiyi gəlirlərini açıqladı. Məlum oldu ki, bu ilin yanvar-mart aylarında Fonda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan əldə olunan xam neftin satışından 953,498 milyon dollar daxil olub. 2020-ci ilin eyni dövründə bu göstərici 1 milyard 671 milyon dollar təşkil etmişdi. Bu isə yataqdan Azərbaycan dövlətinə çatan gəlirlərin 43 faiz azalması deməkdir.

2021-ci ilin birinci rübündə Fond əsas qaz yatağımız olan “Şahdəniz” yatağından isə (qaz və kondensat da daxil) cəmi 29,166 milyon dollar gəlir əldə edib. Bunun hamısı kondensat satışından daxilolmalardır. Halbuki ötən ilin birinci rübündə Fonda yataqdan hasil edilən qazın satışından 50 milyon dollar daxil olmuşdu.

Qeyd edək ki, bu ilin birinci rübündə Azərbaycan neftinin(Azəri Light) CIF ortalama qiyməti 61,6 dollar olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz daha yüksək qiymətdir. Bu halda, AÇG-dən gəlirimizin 43 faiz azalmasının səbəbi nədir? Bu sual 2 gündən çoxdur sosial şəbəkələrdə müzakirə olunur.

Enerji məsələləri üzrə mütəxəssis, “Neft” Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, burada iki amil rol oynayır: “Bunun 2 səbəbi var: Əvvəla, yatağa daxil olan “Mərkəzi Şərqi Azəri” layihəsi üzrə kapital xərcləri ötən ilin İV rübündən başlayaraq kifayət qədər yüksəlib. Çünki COVİD-19 pandemiyası ilə əlaqədar 2020-ci ildə işlər obyektiv səbəblərdən daha aşağı templə həyata keçirilirdi; Gəlirlərin azalmasının ikinci səbəbi OPEC+ öhdəlikləri çərçivəsində AÇG-dən neft hasilatının 2,8 milyon tona qədər azalmasıdır. Az həcmli neftlə daha çox xərcləmələrin qarşılıqlığında Azərbaycan dövlətinə çatan mənfəət də azalıb. Düşünürəm ki, 2022-ci ilin III rübünə qədər AÇG-dən gəlirlərin artımı müşahidə edilməyəcək”.

Onu da bildirək ki, “OPEC+” ölkələri nazirlərinin 15-ci iclasında gündəlik xam neft hasilatının növbəti üç ay ərzində tədricən 1,1 milyon barrelədək artırılması ilə bağlı qəbul edilmiş qərarla Azərbaycanın da neft hasilatını artırması nəzərdə tutulur. Energetika Nazirliyindən Musavat.com-a bildirilib ki, yeni “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, Azərbaycan gündəlik xam neft istehsalını mayda 8 min barrel, iyunda 7 min barrel, iyulda isə 10 min barrel artıracaq. Beləliklə, Azərbaycanın yeni hasilat öhdəlikləri mayda 115 min barrel, iyunda 108 min barrel, iyulda isə 98 min barrel təşkil edəcək. Ölkədə gündəlik xam neft istehsalı müvafiq olaraq mayda 603 min barrel, iyunda 610 min barrel və iyulda 620 min barrel həcmində saxlanılacaq.

635x100

Şərhlər

Vətəndaş 2021-04-04 20:28:41

Əsas səbəb talsn-qarət

Son yazılar