HƏDƏ-QORXU İLƏ KÜLLİ MİQDARDA ƏMLAK VƏ PUL ƏLƏ KEÇİRİBLƏR... - MTN generallarının həbsinin səbəbi açıqlandı (Yenilənib)

Azərbaycan Respublikasının ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə məruz qalmalarına dair ayrı-ayrı şəxslərin müraciətləri ilə əlaqədar əvvəllər başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, istintaqla Şixəliyev Mövlam Məmmədismayıl oğlunun MTN-nin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə tabeliyində olan şəxslərlə birlikdə 9 halda cinayət işləri üzrə sübutları saxtalaşdırmasına, vəzifə səlahiyyətlərindən sui istifadə edərək müxtəlif korrupsiya cinayətləri törədərək külli miqdarda rüşvət tələb etməsinə və almasına, 4 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə qorxu ilə tələb edərək ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Həmçinin, istintaqla həmin Nazirliyin Hərbi əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi Şirinov Nizami Talış oğlunun qeyd olunan vəzifədə işlədiyi müddətdə müxtəlif şəxslərdən MTN-nin Akademiyasına qəbul etdirmək, xidmət yerini dəyişdirmək, habelə tabeliyində olan əməkdaşın işdən çıxarılması üçün müvafiq tədbirlərin görülməməsi, xidmət üzrə ümumi himayədarlıq edilməsi müqabilində 3 halda külli miqdarda rüşvət tələb edərək almasına, 3 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə qorxu ilə tələb edərək ələ keçirməsinə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Mövlan Şıxəlıyev və Nizami Şirinov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onlara Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), 341.2.1, 341.2.3 (ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui istifadə etmə və vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilmiş və barələrində Bakı hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

"Azadlıq" radiosunun əldə etdiyi məlumata görə, generallar özlərini təqsirli bilməyib.

Hər iki general Eldar Mahmudov nazir olduğu dövrdə MTN-də idarələrə rəhbərlik edib. 2015-ci ilin oktyabrında Mahmudov nazir postundan çıxarılandan və MTN-in 20-dən artıq vəzifəlisi həbs ediləndən sonra Şıxəliyevlə Şirinov da uzaqlaşdırılıb.

MTN-lə bağlı cinayət işində onların hər ikisinin adı hallanırdı. MTN-də təzyiqlərə məruz qaldığını, pul və əmlaklarının əllərindən alındığını deyən zərərçəkmişlərin bir neçəsi ifadələrində Şirinov və Şıxəliyevin də adını çəkmişdi. Xüsusən Şıxəliyevin ünvanına ittihamlar daha çox idi. Bu səbəbdən o, Bakı Hərbi Məhkəməsində MTN-in keçmiş müstəntiqi, İstintaq Baş İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərovun işi üzrə şahid qismində dindirilmişdi. Hətta məhkəmənin yekun hökmündə prokurorluğun onunla bağlı araşdırma aparması üçün hakim xüsusi qərar da çıxarmışdı.

Həmin işdə zərərçəkmişlərdən bir neçəsi pulu Şıxəliyevə verdiyini iddia edirdi.

"Bunlar mənim evimi satdırdılar. Mövlam Şıxəliyevin otağında olmuşam. Mənə dedi ki, "şefin göstərişi var, ya həbs edilməlisən, ya da pul verməlisən". Əvvəl 1 milyon, sonra 700 min istədi. Axırda 500 min dollara düşdü. Bu pulun 200 min dollarını Mövlana, 300 min dollarını isə Vüsal Ələkbərova vermişəm", – zərərçəkmiş işadamı Namil Rzayev belə demişdi.

Şıxəliyev isə həmin iclasda zərərçəkmişin dediklərini təkzib edərək nə nazirdən göstəriş, nə də bu adamdan rüşvət aldığını bildirmişdi.

2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında beş general da vardı. Onların işi bir neçə qrupa bölünüb və ayrılıqda məhkəməyə göndərilib. Sabiq MTN-çilərə 3 ildən 14 ilə qədər həbs, üç nəfərə isə şərti cəza verilib. Generallardan hazırda yalnız ikisi - Elçin Quliyev və Teymur Quliyev həbsdədir. Akif Çovdarov və Sübahir Qurbanov 2020-ci ilin aprelində əfv sərəncamı ilə azadlığa buraxıldı. Natəvan Mürvətovaya isə şərti cəza təyin edildi.

Ümumiyyətlə, 2015-ci ildə həbs olunanlardan həbsdə qalanların sayı cəmi beş nəfərdir.

Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurdular.

2015-ci ilin oktyabrında MTN-də baş verənlərdən sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb.

"AzPolitika.info"

635x100

Şərhlər

turan 2021-04-06 17:04:41

Görəsən Azərbaycanda elə məmur var ki, yalnız əməkhaqqıya işləyib və ya işlləyir?

Vətəndaş 2021-04-06 16:19:38

Həmişə təmizliyi və qanuni hərəkətlərilə fərqlənən MTN-ni bu kökə kim saldı? Nİyə əsas səbəb açıqlanmır?

Arif Əliyev rabitəçi 2021-04-06 13:55:25

Marağlıdır Azərpoçtun keçmiş direktoru Emin Əfəndiyev Mövlanın bacısı oğlu və beynalxalq bankın Moskva filalın rəsi olub ordakı yeyintidən sonra bu Emini hansı əllə Azərpoçtun baş direktoru təyin etdilər 2018-ci ildə,Emin özü İnşaat inistutunu qutarıb,belə savadsız adamı Mövlan bankda filal rəisi təyin etdirir sonra isə Azərpoçtun direktoru,məntiqlə keçmiş nazir Ramin və yaxudda 1-ci müavini Əli Abdullayev bunların təsiri altında olub.

t.ədalət 2021-04-06 13:01:03

Bunların talançılığı məmurlardan irəlidə deyil.Əhmədzadə,Abutalıbov,Q.Hüseynov,Rauf Vəliyev,T.Əhmədov və digərlərinin sərvəti ilə müqayisədə MTN-şiklərin pulu qəpik-quruşdur.

Son yazılar