Hindistan Rusiyanın COVID-19-a qarşı "Sputnik V" vaksinini təcili istifadəyə təsdiqləyib. 1.3 milyard əhalisi olan ölkədə yoluxmaların ikinci dalğası tüğyan edir, vaksin qıtlığı var.
"Sputnik V" istifadə olunacaq üçüncü vaksindir. “Dr Reddy's Laboratories” farmaseptik şirkətinin aprelin 13-də bildirməsinə görə, Hindistanın dərmanlara nəzarət edən orqanı bu vaksinin idxalına icazə verib. Daha öncə isə ekspert qurumu vaksini təsdiqləyib.
“Hindistan Rusiya vaksinini qeydiyyata alan, ən çox əhalisi olan ölkədir. "Sputnik V"-nin təsdiqləndiyi 60 ölkənin ümumi əhali sayı 3 milyard, yaxud dünya əhalisinin 40 faizi qədərdir”, – vaksinin xaricdə marketinqinə cavabdeh Rusiya Birbaşa İnvestisiya Fondu bəyanatında bildirir. Hindistanda indiyədək özünün hazırladığı "Covaxin" və "Covishield" vaksinlərinin 100 milyondan çox dozası vurulub. "Covishield" "Oksford-AstraZeneca" vaksininin ölkədə hazırlanmış versiyasıdır.
Rusiya fondu bildirir ki, Hindistanın beş dərman şirkəti ilə 850 milyon dozadan artıq vaksin istehsalı üzrə razılaşma əldə edib. Vaksinlər Hindistan əhalisi və dünyaya paylanmaq üçün nəzərdə tutulub. Hindistan dünyanın ən böyük vaksin istehsalçılarındandır.
Moskvanın Gamaleya İnstitutunun hazırladığı "Sputnik V"-yə ilkin dövrdə skeptik yanaşma olmasına baxmayaraq, fevralda “The Lancet” tibb dərgisində çıxmış təhlildə onun COVID-19-a qarşı 91.6 faiz effektli olduğu bildirildi.
Hazırda Hindistanda COVID-19-a rekord yoluxma və ölüm halları qeydə alınır. Artıq yoluxma sayına görə bu ölkə Braziliyanı geridə qoyub.Pandemiya başlanandan 13.5 milyon yoluxma, 170 mindən çox ölüm təsdiqlənib. Amma real rəqəmlərin daha yüksək olduğu düşünülür.
Hindistanın dünyada həcmcə ən böyük vaksin istehsalçısı olan "Serum" İnstitutunun rəhbəri xəbərdarlıq edib ki, hasilat gücü böyük stress altındadır. Həm yoxsul, həm də zəngin ölkələrdən bəzilərini "AstraZeneca" vaksini ilə "Serum" təchiz edir. Amma ötən aydan Hindistan daxili ehtiyacı önə çəkərək ixracı məhdudlaşdırıb.
"AzPolitika.info"


Şərhlər