"ABŞ Rusiyaya qarşı xüsusi plan üzrə hərəkət edir" - "Sanksiyalar yumşaqdır, Qərbdə hələ də ümid edirlər..."

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Co Baydenin üçüncü bir ölkədə görüşmək təklifindən imtina edib. Bundan sonra Prezident Bayden Rusiyaya qarşı sanksiyaların tətbiqi barədə fərman imzalayıb.

Ağ Evin mətbuat xidmətinin yaydığı məlumata görə, ABŞ Rusiyanın Vaşinqtondakı diplomatik nümayəndəliyinin 10 əməkdaşını ölkədən çıxaracaq. Bundan əlavə, ABŞ öz şirkətlərinə Rusiya Mərkəzi Bankı, Milli Rifah Fondu və ya Rusiyanın Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazları birbaşa almağı qadağan edəcək.

ABŞ maliyyə nazirliyi isə Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi ilə əlaqəli olduğu iddia edilən 16 quruma və 16 şəxsə sanksiya tətbiq edib.

Bu qərardan dərhal sonra ABŞ-ın Moskvadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ diplomatına sanksiyaların iki ölkənin xalqlarına faydası olmayacağını deyib. "Rusiya prezidenti Vladimir Putin telefon danışığında ABŞ prezidenti Co Baydenə iki ölkə əlaqələrinin düzəldilməsi tərəfdarı olduğunu bildirdi, amma başqa addımlar atılır. Rusiya sanksiyalara cavab verəcək, bütün məsuliyyəti isə ABŞ daşıyır. Amerika Rusiya ilə əlaqələrin pozulmasının qarşılıqsız qalmayacağını bilməlidir. Biz ABŞ-ı bir neçə dəfə bunun nəticələrilə bağlı xəbərdar etmişik," -deyə Zaxarova əlavə edib.

ABŞ-ın sözügedən qərarından əvvəl Polşanın Rusiyanın üç diplomatını “persona non-qrata” elan etdiyi məlum olub. Həmçinin Rusiya səfiri Polşa Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Varşavadakı səfirliyin üç əməkdaşının “persona non-qrata” elan olunması barədə nota verilib. Rəsmi Varşava bunu onların diplomatik statusu pozması, eləcə də Polşa Respublikasına zərərli hərəkətləri ilə əsaslandırıb.

Rusiya da rəsmi Varşavanın analoji hərəkətlərinə cavab olaraq Polşanın 3 diplomatını “persona non-qrata” elan edəcəyini bəyan edib.

Rusiya-ABŞ qarşıdurmasını şərh edən siyasi təhliçi Şahin Cəfərli bildirir ki, ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları da yumşaqdır: "Dünən elan edilən qərarların içində ən sərt olanı Rusiyanın suveren borcuna qarşı məhdudiyyətdir. Amma bu sahədə mümkün olan ən yumşaq variant seçilib. İyunun 14-dən sonra ilkin bazarda Rusiya Maliyyə Nazirliyi, Mərkəzi Bankı və Milli Rifah Fondu tərəfindən buraxılan dövlət istiqrazlarının satın alınması, eləcə də bu qurumlara borc verilməsi qadağan edilir. Yəni sanksiya bütün federal qiymətli kağızlara (OFZ) yox, yalnız qeyd olunan tarixdən sonra buraxılacaq yenilərinə şamil ediləcək".

Şərhçinin sözlərinə görə, sərt variant bu olardı ki, sanksiya bütün kağızlara aid edilsin və bunları ikinci bazardan əldə etmək də qadağan olunsun. "Başqa bir ehtimal Rusiyanı SWIFT-dən təcrid etmək variantı idi. Bu addımlara getmədilər, sadəcə, əlavə ediblər ki, ehtiyac olarsa, bu sahədə sanksiyaları genişləndirəcəklər,"-deyə təhlilçi əlavə edib.

Ş Cəfərliyə görə, Qərbdə hələ də ümid var ki, Putin siyasətinə korrektələr edə bilər: "Məhz bu səbəbdən əlyeri qoyurlar və bütün körpüləri yandırmırlar. Həmçinin, əllərindəki bütün barıtı tükətmək istəmirlər. Ümid edirəm ki, heç olmasa, Putini Ukraynaya hücum etmək dəliliyindən vaz keçirə biliblər".

Politoloq Elxan Şahinoğlu isə bildirir ki, Ağ Ev administrasiyasının Vaşinqtondakı beyin mərkəzlərinin hazırladığı xüsusi plan əsasında Rusiyaya qarşı addımlar atdığı hiss olunur:"Vaşinqton Rusiyanın Ukrayna ilə sərhəddə gərginliyi artırmasına cavab olaraq Qaradənizə iki hərbi gəmisini göndərəcəyini açıqladı. Rusiya buna cavab olaraq Qaradənizdə hərbi gəmilərinin sayını artırdı. Bundan sonda ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinə zəng edərək üçüncü ölkələrin birində görüşməyi təklif etdi. Eyni gündə ABŞ-ın iki hərbi gəmisi Qaradənizə boğazlardan daxil olmaq üçün Türkiyəyə müraciətini geri çəkdi və gözləmə mövqeyinə keçdi. Kreml hazırki dövrdə prezidentlərin görüşünə ehtiyac olmadığını açıqladıqdan sonra ABŞ Rusiyaya qarşı növbəti sanksiyalarını bəyan etdi. Qəbul olunan qərara əsasən on Rusiya diplomatı ABŞ-dan qovulur. Bundan əlavə, ABŞ seçkilərinə müdaxilə etdiyi üçün 32 Rusiya vətəndaşı və təşkilatına qarşı sanksiya tətbiq olunur. ABŞ-ın yeni sanksiyaları Rusiya iqtisadiyyatı üçün əhəmiyyətli sahəyə - dövlət borclarına yönələcək".

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar