“RUSİYADAN ÇƏKİNMƏYƏ EHTİYAC YOXDUR...” – “Azərbaycanın diplomatiyası daha fəal və aqressiv davranmalıdır”

Arif Əliyev: “Azərbaycanın hərbi müstəvidəki üstünlüyü diplomatik sahədə müəyyən dərəcədə əldən verilir... Ermənilərin üç rayondan çəkilməsindən başqa heç bir şərt yerinə yetirilmir

“Rəsmi Bakı dirəniş göstərsə, Moskva istəyinə çata bilməyəcək”

Azərbaycanın müstəqillik əldə etməsindən keçən 30 il ərzində Rusiya ilə münasibətləri heç də həmişə hamar olmayıb. Hazırda da bu münasibətlərdə gərgin mərhələlərdən biri yaşanır.

Rusiyanın Qarabağdakı sülhməramlı missiyası əksər hallarda ona verilən səlahiyyətləri nümayişkaranə şəkildə aşır. “İskəndər-M” skandalı ilə bağlı Rusiya mediasında müşahidə olunan anti-Azərbaycan ritorikası isə bütün bunların təsadüfi olmadığını, yeni təzyiq kampaniyasının başladıldığını göstərir.

“AzPolitika.info” bu mövzu ətrafında “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, təhlilçi Arif Əliyevlə söhbətləşib:

- Arif bəy, hələ 1990-cı illərdən başlayaraq, siyasi proseslərin içində olmuş şəxs kimi Rusiyanın Azərbaycana təzyiqlərini müşahidə etmisiniz. Elə hazırda da üzdə görünməsə də, alt qatlarda Rusiya ilə Azərbaycan arasında gərginlik müşahidə olunur. Sizcə, Moskva-Bakı münasibətlərində nə baş verir?

- İndi belə şərait yaranıb ki, Qarabağda Rusiyanın məsuliyyət zonasında qalan hissə əslində məsuliyyətsizlik zonasına çevrilib. Bu, təbii ki, Azərbaycanı narahat etməyə bilməz. Rusiya istədiyi şəxsi ora buraxır, istəmədiyini yox. Bu yaxınlarda jurnalistlərin etirazı olmuşdu ki, bizi buraxmırlar, amma diplomatlar, xarici ölkə nümayəndələri oraya sərbəst keçib gedirlər.

Digər tərəfdən, bir neçə gün əvvəl orada rus sülhməramlılarının gözü qarşısında Azərbaycan bayraqlarının yandırılması baş verib. Dövlətin öz ərazisində öz bayrağının yandırılması və buna sülhməramlı missiyanın etinasız münasibəti və digər hallar əslində çox şeydən xəbər verir. Təsəvvür edin, Azərbaycanda Rusiya bayrağı yandırılsaydı, Rusiya buna necə münasibət göstərərdi...

“İskəndər-M” raketlərinin ortaya çıxması da elə-belə deyildi. Müəyyən şəraitdə bəlkə də Azərbaycan bu faktın üzərinə getməzdi. İlkin mərhələdə Azərbaycan lideri bu barədə məlumat olmadığını söyləmişdi. Amma indiki halda bir çox məsələlər tamamilə açıqdır və əksər məsələlər hökumətə bəllidir. Azərbaycan rəhbərliyi də deyir ki, biz Rusiyadan cavab gözləyirdik, onlardan bir suala cavab istəyirik, onlarsa bizə başqa məsələyə dair cavab verirlər.

Bir çox məsələlərin açıq olduğunu deyəndə həm də onu nəzərdə tuturam ki, 2016-cı ildə artıq “İskəndər”lərin İrəvana ötürülməsi məsələsi gerçəkləşmişdi. Sonradan bu silah İrəvandakı hərbi paradda da nümayiş etdirildi. O vaxt Rusiya mediası bu barədə yazmışdı. Maraqlıdır ki, o zaman Rusiya Ermənistana 200 milyon dollarlıq kredit açsa da, təkcə bu silahın qiyməti kredit məbləğindən daha artıq idi.

İndiki şəraitdə bizim gördüyümüz gərginlik Azərbaycanın Rusiyanı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə məcbur etmək cəhdidir. Tərəflər elan edir ki, 10 noyabrda imzalanan razılaşmanın bütün bəndləri yerinə yetirilir, amma biz diqqət edəndə görürük ki, ermənilərin üç rayondan çəkilməsindən başqa heç bir şərt yerinə yetirilmir. İstər kommunikasiya xətlərinin açılması, istər erməni silahlılarının ərazidən çıxarılması, istərsə də digər şərtlər.

- Kremlin Jirinovskidən Duqinə, Solovyovdan Simonyana qədər əksər təbliğatçılarının anti-Azərbaycan çıxışları, mesaj və təhdidləri çoxalıb. Sizcə, bununla Rusiya hansı məqsədi güdür və bizdən nə istəyir?

- Məncə, Rusiya amerikalılardan fərqli olaraq, öz istədiklərini çox açıq şəkildə bəyan edir. Prezident Putin sonuncu çıxışında da nə istədiklərini faktiki olaraq dedi. Bunu Azərbaycana və Cənubi Qafqaza tətbiq etsək, görərik ki, əsas istək Rusiyanın bu bölgədə hegemonluğunun Azərbaycan tərəfindən də qəbul olunmasıdır. Bunun üçün Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Rusiyanın əlində işlək alətdir. Bəllidir ki, hər iki təşkilatda söhbət ancaq Rusiyanın idarəetməsindən, liderliyindən gedir. Əslində, biz bunu elə sonuncu Qarabağ müharibəsində də gördük. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi məsələn, Qazaxıstanın bu prosesə qoşulmasının fərqində deyildi. Eləcə də Belarusdan reaksiya və mövqe tələb etmirdi. Söhbət ancaq Rusiyadan gedirdi. Eynilə Avrasiya İttifaqı da Rusiyanın hegemonluq və iqtisadi şərtlərini diktə etdiyi qurumdur. Sözsüz ki, Rusiya Azərbaycanı da cəlb edib bu dairəyə salmaq istəyir.

Məncə, rəsmi Bakı bu məsələlərdə dirəniş göstərsə, Moskva istəyinə çata bilməyəcək. Baxmayaraq ki, qoşunları Qarabağdadır, onun bu məsələdə Azərbaycana təsir imkanları o qədər də böyük deyil. Fikrimcə, Rusiyadan çəkinməyə ehtiyac yoxdur. Hətta bəzi məsələlərdə əlverişsiz vəziyyətdə olsa belə, Nikol Paşinyanın atdığı addımlarla Rusiyaya müqavimət göstərməsinin şahidi oluruq. Ona görə də məncə, Azərbaycan əgər öz mövqeyində möhkəm dayansa, Rusiya arzusuna nail ola bilməyəcək.

- Yəqin razılaşarsınız ki, Azərbaycanın öz mövqeyində möhkəm dayanması üçün müttəfiqlərə ehtiyacı var. Bəziləri Türkiyə ilə daha çox yaxınlaşmağı, bəziləri isə manevr imkanlarımızı genişləndirmək üçün qərblə əlaqələri fəallaşdırmağı vacib sayır. Sizin bu mövzuda fikirləriniz necədir?

- Əvvəla qeyd edim ki, Azərbaycan Türkiyəyə kifayət qədər yaxındır. Bütün istiqamətlərdə inteqrasiya səviyyəsi böyükdür və Azərbaycanın Türkiyəyə arxalanması kimi elə Türkiyənin də Azərbaycana arxalandığı faktdır. Ölkələrimizin bütün məsələlərdə bir-birilərini dəstəkləməsi aşkar görünür...

Azərbaycan nə etməlidir məsələsinə gəldikdə, düşünürəm ki, Azərbaycanın hərbi səviyyədəki üstünlüyü diplomatik sahədə müəyyən dərəcədə əldən verilir.

- Konkret nəyi nəzərdə tutursunuz?

- Təsadüfi deyil ki, ermənilər ruhlanaraq, “itirdiyimiz əraziləri Azərbaycandan diplomatik yollarla geri alacağıq, Qarabağı bərpa edəcəyik” və s. deyirlər. Mənim fikrimcə, Azərbaycanın diplomatiyası bu məsələlərdə daha fəal və aqressiv davranmalıdır. Bir çox məsələlər var ki, onları beynəlxalq gündəmə çıxarmaq lazımdır, elə məsələlər var ki, o istiqamətdə daha təşəbbüskar olmaq faydalıdır. Təəssüflər olsun ki, bizim siyasətimiz ermənilərin ortaya atdığı tezislərə qarşı mübarizə aparmaqla məhdudlaşır. Məncə, hərbi sahədəki güclü əməliyyat diplomatik sahədə də davam etdirilməlidir.

Eyni zamanda, bir vacib məqamı da deyim, hansı ki, bu, açıq nəzərə çarpır. Hərbi əməliyyatlar dövründəki informasiya fəallığını Azərbaycan xeyli dərəcədə azaldıb. Bu, niyə baş verdi? Çünki Azərbaycanın informasiya strukturları ümumiyyətlə bu şəraitə hazır deyildi, buna köklənməmişdi. Bizim müharibə zamanı əldə etdiyimiz informasiya üstünlüyünün böyük bir hissəsi prezidentin müsahibələri və Hikmət Hacıyevin fəallığı sayəsində əldə olunmuşdu. Amma indi hərbi əməliyyatlar yoxdur. Ortada iki əsas güc var - diplomatik güc və informasiya sahəsindəki güc. Hər ikisində də zəifliklər yavaş-yavaş üzə çıxır.

- Azərbaycan müstəqillik əldə etdikdən bu günə qədər Rusiya ilə əlaqələrdə periodik olaraq münasibətlər gərginləşir və yaxşılaşır. Sizcə, perspektivdə bu gərginlik səngiyəcək, yoxsa daimi xarakter alacaq?

- Bu münasibətlərin gələcəyi, hansı istiqamətdə gedəcəyi bir sıra faktorlardan asılıdır. Bu faktorların böyük əksəriyyətinin Azərbaycana aidiyyəti yoxdur. Burada dünya müstəvisində qarşıdurma, xüsusilə ABŞ və Rusiya gərginliyinin təsiri, Türkiyənin roluna Avropanın münasibəti kimi məsələlər var.

Əslində, biz bunu demək olar ki, hər gün görürük. Söhbət təkcə Rusiyanın Azərbaycan üzərində öz hökmranlığını təsdiq etməsindən getmir. Söhbət böyük bir regionda Rusiyanın öz üstünlüyünü təsdiq etmək və nümayiş etdirmək niyyətindən gedir. Ona görə də bu, daha çox Rusiyanın özünün daxili və xarici siyasətinin hansı istiqamətə yön almasından asılı olacaq. Biz gördük ki, Ukrayna ilə Rusiya sərhədində hansı hadisələr, daha doğrusu aqressiya müşahidə edildi. Sizə deyim ki, o dərəcədə aqressivliyi Rusiya Azərbaycana qarşı nümayiş etdirməyib. Söhbət daha böyük geosiyasi proseslərdən və daha böyük müstəvidə qarşıdurmalardan gedir.

- Yaxın dövr üçün Rusiyanın daxili və xarici siyasətində hansısa dəyişikliklər gözləməyə dəyərmi?

- Düşünürəm ki, kəmərlərin möhkəm bərkidilməsi zamanıdır. İnanmıram ki, yaxın dövr üçün Rusiya öz siyasətində ciddi dəyişiklik etsin. Nəzərə alınmalıdır ki, proses çox dərinləşib. Rusiya bu gün Avropa məkanında yeganə dövlətdir ki, qonşu ölkələrin ərazisində qoşunları var. Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna. Yalnız Belarus qalıb, amma onunla da vahid dövlət şəklində birləşmək ideyası hələ gündəmdən çıxmayıb. Yəni məsələ dərinə işləyib və bu, fundamental istiqamətdir. Bu, kiçik bir epizod deyil ki, “Azərbaycanla bağlı Rusiya qısa tarixi dövr üçün bu yanaşma tərzini ortaya qoyub və bu siyasətini dəyişəcək” deyə düşünək. Rusiya hətta SSRİ səviyyəsində inteqrasiyadan da imtina etməzdi. Onun planları hələ dəyişməyib. Odur ki, ən azı yaxın 10 ildə biz kəmərlərimizi möhkəm bərkitməliyik və diplomatiya, informasiya istiqamətində vəziyyətimizi kəskin şəkildə yaxşılaşdırmaq üçün ciddi addımlar atmalıyıq.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Niyaməddin 2021-04-26 20:10:51

Bəli, qorxunun əcələ faydası yoxdur. Bu ayılar güc dilindən anlayırlar. Təcili Türk ordusu Azərbaycana daxil olmalıdır və rus ayılarının olduğu bölgəyə yeridilməlidir, vəssalam.

Son yazılar