Menu

Avropa Birliyi rəsmisinin Cənubi Qafqaza səfəri başlayıb - Azərbaycanla saziş nə zaman imzalanacaq?

26.04.2021, 16:33
Avropa Birliyi rəsmisinin Cənubi Qafqaza səfəri başlayıb - Azərbaycanla saziş nə zaman imzalanacaq?

Aprelin 25-də Litva xarici işlər naziri Qabrielius Landsberqisin Cənubi Qafqaz ölklərinə səfəri başlayıb. O bildirib ki, bu səfər Avropa Birliyinin (AB) Şərq Tərəfdaşlığı ölkələrində gedən prosesləri öyrənmək baxımından yaxşı fürsətdir.

Avropa Birliyinin "Şərq Tərəfdaşlığı" proqramının əsası 2009-cu ildə qoyulub. Bu proqram altı keçmiş sovet respublikasının (Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan) AB ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb. Gürcüstan, Moldova və Ukrayna AB ilə Assosiasiya sazişlərini imzalayıb. 2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, saziş hələ imzalanmayıb.

Bu il martın 5-də prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında Avropa Birliyi ilə bərabərhüquqlu saziş imzalamağa hazırlıq getdiyini bildirib. "Biz Avropa İttifaqı ilə sıx əlaqələr qurmuşuq. Avropa İttifaqına üzv olan doqquz ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb".

Prezident qeyd edib ki, Şərq Tərəfdaşlığı ölkələrindən heç biri AB-yə üzv olan doqquz ölkə ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalamayıb: "Onlar Assosiasiya sazişi imzalayıblar, o sazişə də mən baxmışam. O, faktiki olaraq saziş deyil, o, təlimat kitabçasıdır. O ölkələrə təlimat verilir, bunu belə etməlisən, bunu elə etməlisən. Mən isə ondan imtina etdim. Dedim ki, bizə belə təlimat lazım deyil. Biz özümüz bilirik nə etmək lazımdır".

İ.Əliyevin sözlərinə görə, Azərbaycan həmin qurum ilə bərabərhüquqlu saziş üzərində işləyir və sazişin 90 faizi razılaşdırılıb: "Əlbəttə ki, pandemiya və müharibə bu işlərə bir az müdaxilə etdi. Yaxın gələcəkdə bu danışıqlar bərpa ediləcək...".

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə də "Turan"a bildirib ki, həmin sənəd üzərində iş gedir: "Həm Avropa İttifaqı, həm də Azərbaycan tərəfindən sənədin 80 faizdən artıq hissəsi razılaşdırılıb". Deputat qeyd edib ki, Azərbaycanın AB ilə enerji sahəsində tərəfdaşlıq sazişi artıq imzalanıb: "Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayır. Bu proses, demək olar ki, günü gündən artır, Azərbaycanın enerji nəqliyyatı genişlənib. Artıq bu istiqamətdə Avropa İttifaqının da marağı artır, çünki qaz ehtiyacları da artır".

Komitə üzvü vurğulayıb ki, AB ilə Tərəfdaşlıq sazişin, demək olar ki, siyasi istiqamətdə bütün məsələləri öz həllini tapıb: "Sadəcə olaraq, bir neçə istiqamətdə müzakirələr gedir. Yaxın müddətdə düşünürəm ki, sənədi yekunlaşdırmaq mümkün olacaq".

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol