Həkimlər yüksək maaş üçün ölkəni tərk edirlər - "Türkiyəyə, Almaniyaya üz tuturlar..."

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, son illərdə Azərbaycanda həkim sayı azalmaqdadır. 10 il öncə ölkədə 33 min 85 həkim vardısa, ötən ilin sonunda onların sayı 31 min 829 nəfərə enib və rəqəmlə ifadə də 4 faizə yaxın azalıb.

Digər tərəfdən, nəzərə almaq lazımdır ki, həmin müddət içində əhali sayı da təxminən 10 faiz artıb. 2011-ci ildə Azərbaycanda əhalinin hər 10 min nəfərinə düşən həkim sayı 36 nəfər idisə, ötən il əhalinin hər 10 min nəfərinə düşən həkim sayı cəmi 31 nəfər olub.

Həkimlərin regional bölgüsü də diqqət çəkən məqamdır. Hazırda ölkədə fəaliyyət göstərən həkimlərin 65 faizə yaxını Bakıda çalışır. Bu baxımdan, paytaxtda əhalinin hər 10 min nəfərinə 92 həkim düşdüyü halda, bir neçə şəhər və rayonu çıxmaq şərti ilə, bütün rayonlarda həmin göstərici 20-dən aşağıdır.

Həkimlərin ixtisas sahələriylə bağlı rəqəmlərdən aydın olur ki, 10 il öncə ölkədə 8 min 884 pediatr həkim vardısa, indi bu rəqəm 7 min 800-ə enib. Ölkədə fəaliyyət göstərən pediatrların sayı da 4 min 73-dən 3 min 556 nəfərə geriləyib.

Pandemiya dövründə tələbatın çoxaldığı epidemioloqların sayında da azalma var. 2010-cu ildə ölkədə 1 min 378 epidemioloq olduğu halda, hazırda onların sayı 948 nəfərdir. Bu isə o deməkdir ki, son 10 ildə epidemioloqların sayı 35 faizə yaxın azalıb.

Diş həkimləri və şüa diaqnostikası ixtisaslarında isə artım gözə çarpır. 2011-ci ildən bəri onların sayı 30 faizə yaxın çoxalıb.

Rəsmi rəqəmlərə görə, ötən il xəstəxana çarpayılarının sayı bir əvvəlki illə müqayisədə, cüzi də olsa, artıb və 44 min 45 çarpayıdan 44 min 278-ə yüksəlib. Ancaq qeyd etmək lazımdır ki, 2010-cu ildə bu rəqəm 67 minə, ölkənin müstəqillik qazandığı 1991-ci ildə isə 71 minə yaxın olub. Yəni, 2010-cu ildə xəstəxanalarda əhalinin hər 10 min nəfərinə 75 çarpayı düşürdüsə, indi bu göstərici 44-ə geriləyib. Həkimlərdə olduğu kimi, xəstəxana çarpayılarının sayında da regional bərabərsizlik çox qabarıq gözə çarpır. Hazırda Bakıda əhalinin hər 10 min nəfərinə 81 çarpayı düşürsə, ölkə üzrə orta göstərici 45-ə çata, ya çatmaya.

Rəsmi rəqəmlərə görə, tibbi ixtisaslar üzrə təhsil alan tələbə sayında azalma yoxdur. Bəs həkim sayı niyə azalır? İstər-istəməz, əsas səbəb kimi həkimlərin xarici ölkələrə işləməyə getməsi versiyası ağla gəlir. Bu iddianı təsdiqləyən statistika da var. Məsələn, Almaniya qaynaqlarındakı məlumata görə, 2019-cu ildə Almaniyada 877 azərbaycanlı həkim fəaliyyət göstərib. Bu rəqəm indi Azərbaycanda çalışan həkimlərin təxminən 3 faizi deməkdir.

Almaniya ilə yanaşı, Türkiyə də azərbaycanlı həkimlərinin çalışmağa ən çox üz tutduğu ölkədir. Aşağı əməkhaqqı gerçəyi özünü göstərir. Ötən ilin nəticələrinə görə, Azərbaycanda əhaliyə səhiyyə xidməti göstərənlərin orta aylıq maaşı 513 manat olub.

Tibb elmləri doktoru, professor Adil Qeybulla statistikanı "AzPolitika.info"-ya şərh edərkən bildirib ki, həkimlərin sayının azalması olduqca aktual məsələdir. O, bu sırada ilk növbədə ixtisaslı tibb işçilərinin yüksək maaş üçün xarici ölkələrə üz tutduğunu bildirir. 

Mütəxəssis bu baxımdan Almaniyanın həkimlərə olan ehtiyacını örnək gətirir:"Almaniyada xaricdən gələn həkimlərin işləməsi üçün şərait var, sərt qaydalar, tələblər qoyulmayıb. Bu ölkədə həkim sənətəinə ciddi həvəs yoxdur, ona görə bu ölkənin tibb mütəxəssislərinə ehtiyacı var. Yəqin ki, sosial müdafiə elementləri digər sahələrlə müqayisədə yetərli deyil, çətinlikləri çox olan peşədir və s.".

Professor qeyd edir ki, Azərbaycanda həkimliyə gedənlərin sayının çox olmasına çalışmaq lazımdır: "Ona görə də bu sahədə həm dövlət təminatı, güzəştlər və başqa həsəvsləndirici addımlar atılmalıdır, eyni zamanda həkimlərin sosial müdafiəsi yüksək olmalıdır. Doğrudur, reklamlar və s. addımlarla bu sahədə çalışanlar arasında maddi baxımdan irəli gedənlər var. Amma bütövlükdə götürdükdə həkimlərin vəziyyəti ürəkaçan deyil. Ona görə də həkim sənətini seçənlərin sayı azalır. Birdəki ölkədən xaricə güclü axın var. Xüsusən, Türkiyə və Almaniyaya üz tutanların sayı çoxdur. Həkimlərin azalmasının əsas səbəbi budur".

"AzPolitika.info"

635x100

Şərhlər

t.ədalət 2021-05-06 09:38:56

Təkcə həkimlər deməzdim,bu gün ,,, bulaşığı olmayanların heç biri işə götürülmür.Odur ki,aclıq imtahanına tab gətirə bilməyən türklərin hamısı yaşamaq üçün xaricə üz tutur.

.EJDER lox 2021-05-05 22:44:37

BU ANALOQU OLMAYA UQURDUR KI,....

Hekim 2021-05-05 20:21:28

Beli, hekim olmaq isteyen azdir, niye? Chunki, 20 ilin hekimi 400-450 manat maash alir, 13- cu maash, premiya ve s sohbeti hech vaxt olmayib. Hech eshitmisiniz ki, hekime ev verilsin, maddi destek olsun ve s.Bu sebebden de, hekim olan shexsler chixib, gedirler. Hansi olkede hekim ve tibb bacisi eyni maash alir? Hansi olkede xesteye baxish uchun 2m 70 qep ve ya 3manat bonus hesablanir? Hansi yerde cerraha, ginekologa novbeye gore 3-4 manatpul yazilir? Gulunc bir veziyyetdeyik. Etrafimda olan hekimlerin 99%- i ovladlarinin hekim olmagini istemir.

X 2021-05-05 19:06:10

Esas prakror ve deputatlari maasin qaldirin. Hekimdi muellimdi herbicilerimizdi bunlar baslarinin caresini taparlar

Son yazılar