Taliban Əfqanıstan mətbuat orqanlarını hədələyərək onları ölkə kəşfiyyatını dəstəkləməkdə günahlandırıb.
“AzPolitika.info” “Khamma Press” Agentliyinə istinadla xəbər verir ki, Talibanın rəsmi nümayəndəsi Zabihullah Mücahid "Twitter" hesabında Kabil administrasiyasının Milli Təhlükəsizlik Müdirliyinin ictimai rəyi təhrif etmək fəaliyyətində birbaşa iştirak etdiyini yazıb: “Mətbuat tərəfsizliyini qorumağı mütləq bilməlidir və belə həssas bir vəziyyətdə Kabil rəhbərliyinin təbliğat vasitəsi olmaqdan çəkinməlidir”.
2019-cu ilin iyun ayının əvvəlində Taliban Əfqanıstan KİV-lərinə oxşar xəbərdarlıq edərək jurnalistlərin hədəfə alınacağını bildirmişdi. O vaxtdan bəri jurnalistlər, media mütəxəssisləri Talibanın hücumlarına məruz qalıb və öldürülüb. Son altı ayda ən azı 20 jurnalist və media nümayəndəsinin hədəf alındığı bildirilir, onlardan 8-i, o cümlədən 4 qadın öldürülüb, onlarla jurnalist ölümlə hədələnib. Birləşmiş Missiyanın 2021-ci il fevral ayındakı hesabatında bildirilir ki, 2020-ci ilin sentyabrından 2021-ci ilin yanvar ayınadək ən az 11 hüquq müdafiəçisi və media nümayəndəsi Talibanın qurbanı olub.
Talibanın hədələri ABŞ-ın Əfqanıstandakı qoşunlarını çıxarmağa başladığı və ölkədə zorakılığın artdığı bir vaxtda meydana gəlib. Taliban ölkənin bir çox şəhərində yeni hücum dalğasına başlayaraq ağır silahlara əl atıb. Əfqan qüvvələri son bir neçə gündə terror qruplaşmasının hücumuna qarşı mübarizə apararkən ağır itkilər verib. Rəsmilər bildirib ki, Taliban yaraqlıları, Əfqanıstanın şimalındakı bir əsas bölgəni ələ keçirib, ABŞ qüvvələrinin bölgədəki hərbi bazadan çıxmasından sonra qrupun şiddətli hücumlarından xilas olmaq üçün minlərlə insan ölkənin cənub hissəsindəki evlərini tərk edib.
Əfqanıstanın 34 vilayətindən biri olan Bağlan valisinin rəsmi nümayəndəsi Cavid Bəşarat “Arab News”-a açıqlamasında deyib ki, silahlıların hökumət qüvvələrinə hücumundan sonra Bağlanın dağlıq Burka bölgəsi, bir gecədə taliblərin əlinə keçib.
L.SƏMLA


Şərhlər