AZƏRBAYCANLA “ERMƏNİ DİLİNDƏ” DANIŞANLAR... - Onlar həm xaricdə, həm də daxildədirlər

Qaragöl ətrafında baş verənlərin bu dərəcədə böyük səs-küyə səbəb olması, Fransa, ABŞ, hətta İranın əl-ayağa düşməsi, beynəlxalq qurumların təmsilçilərinin ermənipərəst bəyanatları və s. göstərir ki, əslində tərəflər arasında normal müzakirələr vasitəsilə həlli mümkün olan bu texniki məsələdən mümkün qədər Azərbaycana qarşı istifadə edilməsinə cəhd olunur.

Sanki Azərbaycanı istəməyənlər Qarabağa burunlarını soxa bilmədikləri üçün 44 günlük müharibədəki acı məğlubiyyətlərinin əvəzini Ermənistanla sərhəddə bu cür təxribatlarla hansısa formada çıxmağa çalışırlar. 

Ona görə də Fransa başda olmaqla, ölkəmizə qarşı açıq təhdid və iftira dilində, yəni məcazi mənada desək, “erməni dilində” danışırlar. Fransa prezidenti isə hətta tam hərfi mənada erməni dilində müraciətlər edir, erməniləri müdafiə, bizi isə təhdid etməyə qalxır. Və bundan sonra da hansısa üzlə ATƏT-in Minsk Qrupunun dirçəldilməsi və orada Fransanın təmsil olunmasına iddia edir.

Ancaq bir məsələ də var ki, Artıq Ermənistanın özündə də nə Makrona, nə də Fransaya, onun dəstəyinə ciddi yanaşılmır. Bu bəyanatların və dəstəyin yalnız Fransanın öz siyasi maraqlarına xidmət etdiyini, Türkiyə ilə qarşıdurmanın və regiona girmək kimi uğursuz cəhdlərin tərkib hissəsi olduğunu anlayırlar.

“Erməni soyqırımı”nı tanıyan ABŞ-ın yeni prezidenti və onun ətrafındakılar da Makrondan çox geri qalmırlar. Dövlət Departamentinin sözçüsünün Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı Azərbaycanın “qoşunlarını geri çəkməsini” tələb etməsi də “soyqırım” bəyanatının məntiqi davamı sayıla bilər.

Rusiyada da Azərbaycanla “erməni dilində” danışanlar çoxdur – istər hakimiyətin özündə, istərsə də onun həndəvərində dolaşanlar arasında. Lakin Moskvanın regiondakı siyasi maraqları belələrinin səsinin çox da gur çıxmasına imkan vermir. Qaragöl məsələsi ətrafındakı maraqlı məqamlardan biri də Rusiyanın tərəflərlə razılaşdırdığı, indisə Ermənistanın ona münasibətdə cığallıq etdiyi 1950-ci illərin SSRİ xəritəsidir. 

Bəzi müşahidəçilər iddia edirlər ki, məhz həmin xəritədən istifadə edilməsi onunla bağlıdır ki, Krım bu xəritədə Rusiya Federasiyasının ərazisi olaraq göstərilib. İndi Rusiyanın Krımda bir, Cənubi Qafqazda isə başqa xəritədən istifadə etməsi isə doğru olmazdı...

Odur ki, bütün bu və digər səbəblər nəzərə alındıqda, Rusiyanı sərhəddəki məlum gərginliklə bağlı hələlik Ermənistanın havadarları sırasında ən təmkinli mövqe tutan dövlət saymaq olar.

Təəssüf ki, ermənilərin çaldığı tütəyə oynayanlar sırasında məlum səbəbdən İran da var. İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə bəyan edib ki, İran Ermənistan və Azərbaycanı “bir-birilərinin sərhədlərinə hörmət etməyə” çağırıb. 

Nəzərə alsaq ki, bu bəyanat məhz Ermənistanın yaratdığı hay-küyün və guya Azərbaycanın Ermənistan sərhədlərini pozduğuna dair iddiaların fonunda verilib, o zaman üstörtülü şəkildə ittiham olunan tərəfin Azərbaycan olduğu şübhə doğurmur. 

Ancaq nədənsə İran Azərbaycan ərazilərinin 30 il işğal altında qalmasından, sərhədlərimizin açıq-aşkar, ən kobud və vəhşi formada pozulmasından narahatlıq keçirmirdi. İşğal altında olan ərazilərimizdən İrana və əks istiqamətdə nəqliyyat axını, narkotiklər də daxil olmaqla qanunsuz ticarət əlaqələri birbaşa Azərbaycanın ermənilərin nəzarətində olan sərhədləri üzərindən aparılırdı. Nədənsə o zaman İran Azərbaycanın sərhədlərinə hörmət edilməsinin vacibliyinə dair bəyanatlar vermirdi...

Bütün bunlar xarici qüvvələrin Azərbaycanla “erməni dilində” danışmaq cəhdləridir. Ancaq içimizdə də eyni məzhəbə qulluq edənlər az deyil. Uzun illər Azərbaycanda az qala ikihakimiyyətlilik yaradan, “qibləsi” Şimala olan və “5-ci kolon” adlandırılan qüvvə də hələ tam ortadan qalxmayıb.

Onlar da Azərbaycanla “erməni dilində” danışıblar və danışırlar. Həmçinin, vətəndaşın haqqına girən, büdcəni talayan, saxtakarlıq, rüşvətxorluq, korrupsiya ilə məşğul olanlar da bu millətlə onun öz dilində yox, “erməni dilində” danışırlar...

Ancaq bu “erməni dili” nə vaxtsa bütün Azərbaycandan yerli-dibli kəsilib atılacaq. Xaricdəki qüvvələr isə bizimlə bu dildə danışmağın mənasız olduğunu anlayacaqlar. Ən azılndan 44 günlük müharibədəki Azərbaycan, onun xalqı, cəmiyyəti, Ordusu öz birliyilə göstərdi ki, artıq Azərbaycan təzyiq, təhdid, iftira dilində, yəni “erməni dilində” danışılası ölkə deyil.

Cəlal Məmmədov

“AzPolitika.info” 

635x100

Şərhlər

Niyaməddin 2021-05-16 01:47:38

Təşəkkürlər Cəlal bəy!

T. Edalete 2021-05-15 21:46:25

Halal olsun size ona göre ki, çox zaman gözel şerhler yazırsınız. Bezi siyasetçilerimiz de sizi kimi açıq ehateli danışsa idiler hamı heqiqetleri daha düzgün bilmiş olardılar

Müəllim 2021-05-15 20:46:43

erməni dığası Kalantaryan Allah lənət eləsin

dindar 2021-05-15 20:42:44

Vətən uğrunda hər şeydən keçilməlidir, hətta məzhəbdən də!

Mahir Comərdli. 2021-05-15 18:28:11

Tamamilə dogru və düzgün təhlildir.

boris 2021-05-15 16:29:13

cəmiyyədə bir yenilənmə gedir,hakimiyyət milli kadrları,vətəni öz mənfeyindən üstün tutan insanları dövlət idarəçiliyinə cəlb etməli,hərbi potensiyalı və hərbi rotorikaları artırmalıdır, biz daha qorxma və çəkinmə hisslərindən uzaq olmalıyıq,güclülərə hörmət olunur və onlar mühakimə olunmurlar

t.ədalət 2021-05-15 16:04:03

Sovet dövründə Rusiyanın əsas məqsədlərindən biri Azərbaycanı Türkiyədən tam ayırmaq idi...Türk dilində olan əsərləri bizə "tərcümə yolu ilə" çatdırırdılar.Guya,türk dili ayrı bir dil idi.Amma zaman göstərdi ki,Rusiyanın narahatlığı əbəs deyilmiş.Çünki Azərbaycanın Türkiyədən başqa nə dostu,nə də qardaşı var.Şiəliyi ortaya atıb Azərbaycan türklərini Türkiyədən ayırmağa çalışan İranın da erməniliyi ortaya çıxdı və məssəbçilik daha işə yaramır.

Roma 2021-05-15 15:49:18

Müəllifə minnətdarlıq, çox yaxşı təhlil...

esger 2021-05-15 14:52:03

Cəlal müəllim bu dəqiq və ətraflı informasiya görə çox sagol deyirəm Sizə

Son yazılar