Menu

İŞİD gücünü bərpa etmək üçün Mozambiki hədəf alır

17.05.2021, 00:04
İŞİD gücünü bərpa etmək üçün Mozambiki hədəf alır

Orta Şərqdəki məğlubiyyətlərindən sonra İŞİD, Mozambikdə korrupsiya və hökumətin səriştəsizliyi ilə özünü təmin etməyə çalışır.

Baş ofisi Fransada yerləşən CPFA-nın (Siyasi və Xarici İşlər Mərkəzi) Beynəlxalq Əlaqələr Direktoru və siyasi məsləhətçisi Kelly Alhuli xarici mətbuata açıqlamasında deyib ki, bu mərhələdə qrupun bir zamanlar yaratdığı təhlükənin sadəcə kölgəsi qalsa da, Mozambik hökumətinin korrupsiya və təcrübəsizliyi, İŞİD-in özünü doğrultması üçün ən böyük fürsət yarada bilər.

Fransanın “Total” neft şirkəti Mozambikin şimal əyaləti olan Cabo Delgadodakı 20 milyard dollarlıq qaz layihəsi ilə bağlı işləri rəsmən dayandırmaqla Mozambik hökumətinə zərbə vurub və bu da artan islamçı terror təhlükəsinə qarşı ciddi şəkildə mübarizə apara bilməyəcəyini ortaya qoyub.

Cabo Delgadodakı üç meqa qaz layihəsi ilə Mozambik 25 il ərzində təxminən 100 milyard dollar gəlir əldə edə bilərdi. Bu məbləğ cəmi 15 milyard dollarlıq ÜDM-yə sahib olan bir ölkəni dəyişə və əhalinin yaşayış şərtlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilərdi, amma bölgədə davam edən qarışıqlıq, hər üç layihəni müddətsiz dayandırmağa səbəb olub. Üstəlik, Mozambikin 2019-cu ildə “İslam Dövləti”nə sədaqət andı içən islamçı Əl-Şəbab qrupunun artan mövcudluğu, ölkənin özünü inkişaf etdirməsinə mane olur və tezliklə qonşu ölkələr üçün təhlükə yarada bilər. Əl-Şəbabın 2017-ci ildən bu yana etdiyi hucumlar nəticəsində 700.000-dən çox dinc sakin məcburi köçkünə çevrilib və 2500 nəfər öldürülüb.

Cabo Delgado bölgəsi, xüsusən də təbii qaz və yaqutla zəngin olsa da, hökumətdəki korrupsiya, ölkənin və yerli cəmiyyətin faydalanmağına mane olub.

Mozambik əhalisinin təxminən yarısı yoxsulluq səviyyəsində yaşayır və Cabo Delgadodakı işsizlik və savadsızlıq səviyyəsi çox yüksək səviyyədədir. İslamçılar bu sosial-iqtisadi vəziyyətdən istifadə edərək cəmiyyəti radikallaşdırmağa və varlıqlarını genişləndirməyə çalışır. Bundan əlavə, Cabo Delgado, fil sümüyü, taxta, yaqut, silah və ən əsası eroin kimi mallar üçün vacib bir yoldur. Eroin əsasən Əfqanıstanda istehsal olunur və daha sonra İran və Pakistana gondərilir, ordan da müxtəlif marşrutlarla beynəlxalq bazara çıxarılır. Son otuz ildə Şimali Mozambikdən Cənubi Afrikaya, ordan da Avropaya eroin nəql edilib. Son araşdırmayalara görə, qaçaqmalçılıq yolu ilə Şimali Mozambikə təxminən 600 - 800 milyon dollar arasında eroin keçirilib, Mozambikin Frelimo Partiyasının bir neçə yüksək səviyyəli üzvü sindikatdan pul alıb.

Kelly Alhuli bildirib ki, Mozambik qüvvələri silahsızdır və islamçı terrorizmlə mübarizə üçün məlumat və təlimdən məhrumdur. Qəti və təcili tədbir görülməzsə, Əl-Şəbabın Cabo Delgadoda artan varlığı qonşu Malavi, Tanzaniya və Cənubi Afrikaya təhlükə risqini artıracaq.

L.SƏMLA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol