Menu

Horadiz-Ağbənd dəmir yolunun tikintisinə başlanıb - "Bu, Zəngəzur dəhlizinin əsas hissəsindən biri olacaq"

18.05.2021, 14:53
Horadiz-Ağbənd dəmir yolunun tikintisinə başlanıb - "Bu, Zəngəzur dəhlizinin əsas hissəsindən biri olacaq"

“Azərbaycan Dəmir Yolları” QSC Horadiz-Ağbənd dəmir yolu xəttində infrastuktur işlərinə başlayıb. Bunu qurumun mətbuat xidmətinin rəisi Natəvan Bayramova bildirib.

Onun sözlərinə görə, bu işlərin Bərdə-Ağdam dəmir yolu xətti ilə bağlı da həyata keçirilməsi nəzərdə tutulub.

“Sözügedən ərazilər uzun illər boyu istismara yararsız hala salınıb, törədilmiş vandalizm aktları qarşısında bu, çox yumşaqdır. Hətta Ağdam-Bərdə istiqamətində minadan təmizlənmiş ərazilərdə dəmiryol yatağının olması bilinmir”, - deyə o, qeyd edib.

"AzPolitika.info" xəbər verir ki, bütövlükdə, azad edilmiş ərazilərimizdə işğaldan əvvəl mövcud olmuş dəmir yollarının bərpası gözlənilir.

Deputat Vüqar Bayramov bildirir ki, ümumi uzunluğu 100 kilometr olan dəmir yolu xətti ölkəmiz üçün həm strateji, həm də ciddi iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı, Zəngəzur dəhlizinin əsas elementlərindən biri olacaq. 

Onun sözlərinə görə, bu dəmir yolu xətti işğaldan azad olunan ərazilərimizə gediş-gəlişi daha da asanlaşdıracaq və vətəndaşlarımız alternativ nəqliyyat imkanından istifadə edə biləcəklər: "Digər tərəfdən, dəmir yolu nəqliyyatının inkişaf etdirilməsi kontekstində dəhlizin istifadəyə verilməsi praktik olaraq Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə beynəlxalq nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək".

Xatırladaq ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini bu il fevralın 15-də qoyulub. Uzunluğu 100 km olacaq bu infrasturktur layihəsi işğaldan azad olunmuş torpaqlara gediş-gəlişdə mühüm rol oynayacaq və ən vacibi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılmasına imkan verəcək.

"AzPolitika.info"

Şərhlər

Xalq 2021-05-18 15:39:49

Xeyirli uğurlu olsun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol