Menu

Komitə sədri Milli Məclisdə yeni qanun layihəsini təqdim etdi - Hökumətin bu sahədə hansı hədəfləri var?

25.05.2021, 17:29
Komitə sədri Milli Məclisdə yeni qanun layihəsini təqdim etdi - Hökumətin bu sahədə hansı hədəfləri var?

Bu gün Milli Məclisin iclasında “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanun layihəsinin təqdimatı olub.

Layihəni təqdim edən parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, hazırda bir çox inkişaf etmiş ölkələr enerji mənbələrinin idxalından asılılığı azaltmaq, daxili təbii və bərpa olunan resurslardan istifadə etmək, karbon emissiyalarının yaratdığı qlobal istiləşmə probleminin aradan qaldırlmasına töhfə vermək məqsədilə müasir çağırışlara uyğun ekoloji siyasət həyata keçirirlər. Onun sözlərinə görə, artıq dünya üzrə istehsal edilən elektrik enerjisinin 27%-i bərpa olunan enerji mənbələrinin payına düşür. 2025-ci ilə qədər bu rəqəmin artaraq enerji istehsalında birinci yeri tutması gözlənilir.

Millət vəkili qeyd edib ki, dünyada hasil edilən elektrik enerjisinin 75 faizi İstilik Elektrik Stansiyalarının (İES), 16 faizi isə Atom Elektrik Stansiyalarının (AES) payına düşür. "Azərbaycanda istehsal olunan elektrik enerjisinin 90 faizini İES təmin edir və ölkənin elektrik tələbatını əsasən 13 İES və 6 SES ödəyir. Elektrik enerjisi istehsalında İES-lərin böyük yer tutması, dünyanın ayrı-ayrı yerlərində yanacağın çox olması və asanlıqla nəql edilməsi ilə əlaqədardır. Amma bu gün onların ekologiyaya vurduğu zərərlər insanları düşündürməyə sövq edir. Ona görə də Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, enerji sahəsində də dünyanın nəbzini tutaraq, 2019-cu ilin 5 dekabrında “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” sərəncam imzalayıb", - Komitə sədri vurğulayıb.

S.Qurbanovun bildirib ki, hazırda Azərbaycanda elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payı, iri su elektrik stansiyaları da daxil olmaqla, 17%-dir. Onun sözlərinə görə, iri su elektrik stansiyaları daxil edilməzsə, bu pay 2.3%-dir. İstehsalı isə iri SES-lə birlikdə 5,8%, BOEM payı isə 1,5%-dır.

Millət vəkili çıxışında Azərbaycanın bərpa olunan enerji mənbələri potensialı ilə zəngin ölkələrdən biri olduğunu diqqətə çatdırıb: "Ölkəmizdə günəş enerjisi potensialı 23000 MVt, külək enerjisi potensialı 3000 MVt həcmində qiymətləndirilir. Külək və günəş enerjisi üzrə istismar edilən stansiyaların ümumi gücü isə təqribən 106 MVt-dır. Rəqəmlərdən də göründüyü kimi potensialdan istifadə lazımi səviyyədə deyil. Lakin uzaqgörən dövlət başçımız, cənab İlham Əliyev tərəfindən bu sahə iqtisadiyyatın prioritet istiqamətlərindən biri olaraq müəyyən edilib. 2030-cu ilə qədər BOEM-in payının 30%-ə çatdırılması ilə bağlı hədəf müəyyənləşdirilib. Bu isə 2030-cu ilə qədər 1500 MVt yeni gücün istifadəyə verilməsi deməkdir". 

Sadiq Qurbanov əlavə edib ki, dövlət başçısının tapşırığı əsasında işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanmasına da başlanılıb: "Bu məqsədlə Energetika Nazirliynə vəsait ayrılıb və Yaponiyanın TEPSCO şirkəti cəlb edilməklə, işlərə start verilib. Bunlarla yanaşı müvafiq sərəncama uyğun olaraq, özəl investisiya hesabına pilot layihələrin həyata keçirilməsinə də başlanılıb. Belə ki, Abşeron, Xızı və Qaradağ rayonu ərazilərində 240 və 200 meqavatlıq külək və günəş enerjisi stansiyalarının inşasına start verilib".

Deputatın sözlərinə görə, bunlardan əlavə 230 MVt gücündə günəş elektrik stansiyasının, 240 MVt gücündə külək elektrik stansiyasının tikintisi ilə bağlı investorlarla investisiya müqaviləsi imzalanıb. "Beləliklə, iki layihənin icrası nəticəsində il ərzində 1.5 milyard kv.saat elektrik enerjisinin istehsalı, illik təqribən 330 milyon kubmetr təbii qaza qənaət, il ərzində təqribən 600 min ton karbon emissiyasının atılmasının qarşısının alınması nəzərdə tutulur. Layihələr üzrə ümumi investisiya qoyuluşu təqribən 810-850 milyon manatdır", - deyə S. Qurbanov vurğulayıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol