ABŞ əsgərləri geri çəkildikdən sonra Taliban tərəfindən ölkədə böhran yaradılarsa, Pentaqon Əfqanıstanda hava hücumlarından istifadə edə bilər. Hazırda ABŞ-ın Əfqanıstanda hava hücumlarına icazə verilməsi nəzərdən keçirilir.
“The Hill” xəbər verir ki, ABŞ rəsmiləri qoşunların geri çəkilməsindən sonra hava hücumlarına icazə verilməsi ilə bağlı qərarların hələ qəbul edilmədiyini bildirib. Ancaq indi seçim üçün iki variant var: Ya ABŞ döyüş təyyarələri və ya PUA-larla Kabilin süqutu kimi böyük bir böhrana müdaxilə edir, ya da ölkənin bir çox bölgələri Talibanın əlinə keçir. Məmurlardan biri The Hill-ə deyib ki, Əfqanıstanın ikinci ən böyük şəhəri olan Qəndəhara kömək üçün müdaxilə bir qədər şübhəli görünür.
“The Times” isə yazır: “ABŞ-ın əksəriyyəti Taliban nəzarətində olan kənd yerlərində əfqan qüvvələrinə əlavə hava dəstəyi verəcəyi ehtimalı yoxdur. Əlavə hava hücumları Baydenin təsdiqini tələb edəcək”.

Bu arada Talibanın Əfqanıstandakı hücumları ara vermir. Dünən səhər saatlarında Əfqanıstanın şimal əyalətindəki Bağlan bölgəsindəki hərbi baza yaxınlığında bomba yüklənmiş bir avtomobilin partlaması nəticəsində ən azı altı əfqan əsgəri ölüb, 10-dan çox yaralı var. Baza həm də ordu üçün işədüzəltmə mərkəzi idi. Partlayış nəticəsində bazanın bəzi hissələri məhv edilib. Hücumdan sonra Taliban Bağlan-Samanqan magistral yoluna minalar yerləşdirərək yolu bağlı saxlayıb. 3-cü briqadanın komandiri Abbas Tavakoli hücumu təsdiqləyərək taliblərin qarşısının təhlükəsizlik qüvvələri tərəfindən alındığını deyib.
L.SƏMLA
“AzPolitika.info”


Şərhlər