"İlin ikinci yarısında sosial-iqtisadi vəziyyət düzələcək" - Vahid Əhmədov

2021-ci ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.5 faiz azalıb. Dövlət büdcəsinin gəlirləri 9 milyard 735.2 milyon manat təşkil edib.

Ötən il yanvar-may aylarında bu rəqəm 10 milyard 527.5 milyon manat olub. Bununla da ölkənin dövlət büdcəsinin profisiti 368.9 milyon manat və ya ÜDM-in 1.2 faizini təşkil edib.

Dövlət Statistika Komitəsinin digər məlumatına əsasən, göstərilən dövr ərzində ötən illə müqayisədə Azərbaycan əhalisinin da nominal gəlirləri 0.8 faiz azalıb. Qurumun məlumatına görə, həmin dövr ərzində əhalinin nominal gəlirləri 22 milyard 90 milyon manat təşkil edib. Son bir ildə ölkədə adambaşına düşən nominal gəlir isə 1.3 faiz azalaraq 2 min 207 manata düşüb.

İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2021-ci ilin yanvar-mart aylarında vergi orqanlarının xətti ilə büdcəyə 3 milyard 11.3 milyon manat vəsait daxil olub. 

Bununla da vergi daxilolmaları üzrə proqnoza 121.1 faiz əməl olunub, proqnoza nisbətən 363.9 milyon manat, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 45.78 milyon manat çox vergi toplanıb. Vergi daxilolmalarının 72.4 faizi qeyri-neft-qaz sektorunun, 27.6 faizi neft-qaz sektorunun payına düşür.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Turan"a bildirir ki, büdcə və vətəndaşların gəlirlərinin azalması koronavirus pandemiyası ilə bağlıdır: "Bu, heç kimin günahı deyil. Heç bir müəssisə var gücü ilə işləyə bilməyib. Hələ indi başlayırlar mərhələ-mərhələ açılmağa". Deputat vəziyyətin getdikcə düzələcəyini düşünür: "Sənaye parkları, xidmət obyektləri açılmağa başlayır. Bütün bunlar onu göstərir ki, ilin ikinci yarısında vəziyyət ötən illə müqayisədə nəinki düzələcək, hətta müsbət saldo yaranacaq".

"AzPolitika.info"

635x100

Şərhlər

t.ədalət 2021-06-16 08:53:41

Əhalinin sosial vəziyyəti nə vaxt yaxşı olub ki,bundan sonra düzəlsin?Azərbaycanda atını dördnala çapan bir qrup var,kefi də onlar edir.

Son yazılar