ŞUŞA BƏYYANAMƏSİ İKİ QARDAŞ ÖLKƏNİ BİR DÖVLƏTƏ ÇEVİRİR! - Müttəfiqlik ən üst səviyyəyə qaldırıldı

Hamımız intizarla gözləyirdik bu xəbəri. İllərin gözləntisi idi, Azərbaycanla Türkiyə arasında məhz belə bir müqavilənin imzalanması. İnanırdıq ki, bir gün bu, baş verəcək, çünki Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü Azərbaycandır. Və baş verdi. Özü də ŞUŞADA!!!

8 noyabr 2020-ci il zəfərindən sonra başı üzərində dumanlar çəkilmiş Qala şəhərimizdəki o törən yaddaşımıza yazıldı əbədilik. İki qardaşın - Türkiyə və Azərbaycan prezidentlərinin Şuşadakı təkbətək görüşü təqribən bir saat çəkdi. Hər birimiz görüşdən sonra səslənəcək bəyanatları gözləyirdik. Və müzəffər ordumuzun Ali Baş Komandanı, Prezident İlham Əliyev 15 iyun 2021-ci il tarixdə hamımızın ürəyini riqqətə gətirən müjdəni verdi: “Əziz qardaşım Azərbaycanda dəfələrlə olub, ancaq biz ilk dəfə Qarabağ torpağında - Şuşada bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”.

Bəli, Müttəfiqlik haqqında Bəyannamə təqdimatı hər şeyi deyir. BİR DÖVLƏTə çevrilmişik bu tarixi sənədin imzalanmasından sonra. Şuşa Bəyannaməsi Qardaşlığın rəmzidir, ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyən edən ali sənəddir. Bəyan olunduğu kimi, Müttəfiqlik haqqında imzalanmış Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır.


Yerində deyildi: “Bu gün bütün Azərbaycan xalqının, əminəm ki, türk xalqının gözü buradadır, dünyanın gözü buradadır. Çünki bu səfər Azərbaycanda səbirsizliklə gözlənilirdi və bilirəm ki, böyük maraq doğurur. Bu gün buradan - qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaqdır. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır”. 

Əslində bütün dünya şahid idi ki, Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir və ikinci belə nümunə mövcud deyil. Amma Şuşa Bəyannaməsi bu müttəfiqliyə, bu əlaqələrə, bu qardaşlığa möhürünü vurdu! Xüsusilə də imzalanmış Bəyannamənin tarixə əsaslanmasının olduqca mühüm əhəmiyyəti var

Qeyd olunduğu kimi, Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. Bu, o deməkdir ki, Türkiyə və Azərbaycanın qan qardaşlığı, can qardaşlığı əbədidir, keçmişdə olduğu kimi, gələcəkdə də davam edəcək, kimsə bizim aramıza girə, nifaq toxumu səpə bilməyəcək! XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, demişdi. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”, söylədi.

Tarixi ardıcıllığa diqqət edin, arada bu qədər tufanlı, boranlı illər olub, hətta düşmənlər aranı qarışdırmağa, bizi bir-birimizə qarşı qoymağa çalışıblar, Azərbaycanın dəyərli ziyalılarını, alimlərini “pantürkist” ittihamı ilə güllələyiblər, gedər-gəlməzə yollayıblar, amma bu qardaşlıq həmişəyaşar olub, bu möhkəm təməlli qardaşlığın binasında çat yaratmaq mümkün olmayıb!

XX əsrin əvvəllərində, 1918-ci ilin elə bu günlərində Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Azərbaycanı xilasa gəldi, qardaşlıq köməyini əsirgəmədi. Bir payız günün də Şuşa da daşnak işğalından azad edildi, ermənilər əfv dilədilər. XXI əsrin bir payız günündə Şuşa növbəti dəfə - 28 il yarımlıq işğaldan zad edildi, bu dəfə qardaş Türkiyənin siyasi-diplomatik-mənəvi dəstəyi ilə, çünki Azərbaycanın 5-ci nəsil silahlara malik qüdrətli ordusu var idi artıq, həm də “Bayrakdar” kimi silahdaşımız! 

Bu zəfərdən sonra Azərbaycan və Türkiyə prezidentlərinin görüş yeri kimi Şuşanı seçməsinin və burada Müttəfiqlik Bəyannaməsini imzalamalarının əhəmiyyəti misilsizdir. Strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini əhatə edən Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapıb: beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, enerji təhlükəsizliyi. Bütün bu sahələrdə əməkdaşlıq olduqca vacibdir. Bu, həm də o deməkdir ki, Azərbaycan və Türkiyə məqamı gələndə bir dövlət statusundan çıxış edəcəklər, necə ki, Azərbaycan Prezidenti illər öncə Türkiyənin əleyhinə donquldananlara “Türkiyə burada yoxdursa, mən varam” deməklə, çoxlarını susdurmuşdu. Artıq bu münasiblər rəsmiləşdirildi Şuşa Bəyannaməsi ilə!

Ancaq Müttəfiqlik Bəyannaməsində müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin öz əksini tapması unikal hadisə, tarixi nailiyyətdir. Bu anlaşma bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacaq, bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Şuşa Fatehi də açıq şəkildə söylədi: “Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq!”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da mövqeyi sərrast oldu. Sitat: “Bölgədə təsiri olan hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa dəvət edirik”. Diqqət edin, Azərbaycana yönəlik pis niyyətli yaxın-uzaq çevrələrə xəbərdarlıq edildi Şuşa Bəyannaməsinin imzalanmasından sonra!


Azərbaycan lideri Şuşada bir daha xatırlatdı ki, İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə edib. Tam şəkildə aydın açıqlama oldu: “Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Bu həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı”. İkinci Qars Müqaviləsi kimi səciyyələndirilən Müttəfiqlik Bəyannaməsinin imza törəni zamanı bu fikirlərin dilə gətirilməsi sıradan məsələ deyildi. 2020-ci ilin Tovuz döyüşlərindən sonra qardaş Türkiyənin Cümhurbaşqanı açıq şəkildə bəyan etmişdi ki, bu, “Ermənistanın boyunu aşan” təcavüzdür və Türkiyə məsələyə biganə qalmayacaq. Ardınca nələr baş verdi, hamımız gördük, birgə hərbi təlimlər, qarşılıqlı səfərlər, dost-düşmənə xəbərdarlıqlar. Xülasə, “Bir millət, iki dövlət”in Vətən Müharibəsi! Heç şübhəsiz ki, bu münasibətlərin ən üst səviyyəyə qaldırılması, hərbi əməkdaşlığın rəsmiləşdirilməsi lazım idi, bədxahlar üçün bəhanə yeri olmasın deyə. 

Əgər Müttəfiqlik Bəyannaməsinin imzalanmadığı zaman Türkiyənin F-16-ları Gəncə aeroportunun “sakin”inə çevrilmişdilərsə, demək Şuşadakı imzalardan sonra hərbi əməkdaşlığımızın xeyli irəliyə gedəcəyinə şahidli edəcəyik. Özü də bu əməkdaşlıq sadəcə təhlükəsizliyin əbədiliyinə xidmət edir, təkcə Azərbaycanda deyil, ümumiyyətlə Qafqaz bölgəsində! Türkiyə olduğu yerdə sülh var, əmin-amanlıq var, firəvan həyat var, necə ki, bütün dünyanın imtina etdiyi Suriyanın 3 milyon qaçqını xilas üçün qardaş Türkiyəyə sığınıb! Bu mənada Qarabağdakı ermənilər də ağlını başına yığsalar, Şuşa Bəyannaməsi onların da ömrünə işıq salacaq, normal yaşamasının təminatı olacaq. Yox, yenə də “türk sənin düşmənindir” nağılları davam edəcəksə, özlərindən küssünlər...

Qars müqaviləsi imzalanandan sonra ermənilər Naxçıvana boylanmağa cəhd göstərsələr də, blokdada yaşadığı dönəmdə belə, bu torpaqları işğal etmək cəsarətində olmadılar, çünki Ağrı dağının ətəyindən “Osmanlı tokatı”nın gələcəyindən qorxdular. 

Şuşa Bəyannaməsində əksini tapan müddəalar da o deməkdir ki, ermənilərin və ümumən Azərbaycana qarşı xəbis niyyəti olanların Şuşa daxil, ərazilərmizin təhlükəsizliyinə təminat verilir. Türkiyəyə təcavüz Azərbaycana təcavüz, Azərbaycana təcavüz Türkiyə qarşı təcavüz sayılacaq, bu qədər sadə! 

10 noyabr və 11 yanvar üçtərəfli bəyannamələrdə əksini tapan müddəalar, öhdəliklərə diqqət çəkənlər burada Türkiyənin olmadığından danışırdılar. Bax, budur, Türkiyə var, özü də Şuşa Bəyannaməsində! Üstəlik, bu Bəyannamədə Zəngəzur dəhlizinin açılması qəti şəkildə ortaya qoyulur, yeni geridönüş ola bilməz, irəvandakılar da bilsin, digərləri də! Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, biz əməli, praktiki işlərlə bu dəhlizi yaradırıq. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır.


Şuşa Zirvəsi həm də qardaş ölkənin Baş Konsulluğunun Qala şəhərimizdə açılacağı barədə daha bir xoş xəbərin verilməsi ilə şərəf tariximizə həkk olundu! Bu, Türkiyə və Azərbaycan arasında diplomatik münasibətlərin yeni səviyyə qaldırılması deməkdir. Bu qərar iki ölkə arasında münasibətləri dərinləşdirməklə yanaşı, Türkiyənin işğaldan azad olunmuş ərazilərdə aparılacaq bərpa-quruculuq işlərində oynayacağı roldan xəbər verir. Artıq Türkiyə şirkətləri Qarabağdadır, Kəlbəcərdədir, Türkiyə hərbçiləri Ağdamdadır. Tərəfdaşlığın əhəmiyyətini və ölkələrin qüdrətini artıran hərbi sənaye sahəsindəki əməkdaşlıq məsələsinin sənəddə öz əksini tapmasının da fövqəladə əhəmiyyəti var. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıb. Yeni sazişlə müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaq. Özü də Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcək.

Şuşanı düşmən tapdağından azad edən müzəffər ordumuzun qəhrəmanları dastana döndükləri kimi, Şuşa zəfərini əbədi edəcək tarixi Müttəfiqlik Bəyannaməsinə imza atılması da dillərdə dastan olacaq, özü də bütün dünya dillərində! Bu, Azərbaycan və Türkiyənin qardaşlığının rəmzidir. Şuşa bərpa olunur, yenidən qurulur, erməni vandalizminə məruz qoyulan tarixi siması özünə qaytarılır. 

Amma Şuşa Bəyannaməsi adlı daha bir abidə qoyuldu Əliyev və Ərdoğanın imzaları ilə, özü də erməni işğalçılar tərəfindən dağıdılmış tarixi binanın fonunda. Xankəndidən bu abidə elə yaxşı görünür ki. Baxsınlar və heç olmasa Levon Ter-Petrosyanı eşitsələr, uduzmazlar: “Bizdən heç nə asılı deyil, hər şey bitib”. Bu etirafı Qarabağın işğalına rəhbərlik etmiş eks-prezident edib...

Şuşa Bəyannaməsi öz sözünü deməyə başlayıb... “Bir millət, iki dövlət”in müttəfiqliyini, qardaşlığını ən üst səviyyəyə qaldıran iki mübarək imzanın müəllifləri var olsunlar! (musvat.com)

635x100

Şərhlər

Səbuhi 2021-06-17 06:33:25

Çox gözəl xəbərdir. QARABAĞ AZƏRBAYCANDIR DEYİB QARABAĞI AZƏRBAYCAN EDƏN CƏNAB PREZİDENT İLHAM ƏLİYEVƏ , ƏSGƏRLƏRİMİZƏ CANSAĞLIĞI UZUN ÖMÜR ARZU EDİRƏM. QARABAĞ UĞRUNDA MÜBARİZƏ APARAN ŞƏHİDLƏRİMİZƏ ALLAH RƏHMƏT ELƏSİN, RUHLARI ŞAD OLSUN AMİN. AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİ BÜTÖVLÜYÜ UĞRUNDA AZƏRBAYCAN XALQINA QARDAŞ ÖLKƏNİN CÜMHURBAŞQANI TÜRKİYƏ PREZİDENTİ CƏNAB RƏCƏB TAYİB ƏRDOĞANA VƏ BÜTÜN TÜRK DÜNYASINA ALLAH CANSAĞLIĞI UZUN ÖMÜR VERSİN AMİN. QARABAĞ AZƏRBAYCANDIR!!! BU GÜNƏ ŞÜKÜR EDİRƏM.

Rakşin 2021-06-17 06:24:48

123456789eziz

Xalq 2021-06-16 18:10:44

Məqalə müəlliflərinə səmimi qəlbdən və ürəkdən öz təşəkkürümüzü bildiririk! Bu gözəl məqalə münasibəti ilə hamınıza təşəkkürlər! Çox sağ olun! Sizin zəhmətiniz xalqımız tərəfindən dəyərləndirilir!

Son yazılar